Tarix : 2011 Nov 02
Kod 26353

Əliyev neft pullarını qaçırmağa başladı

İlham Əliyev Rusiya və Türkiyəyə sığınmaq qərarı verib
well/Aran agentliyi

Dövlət Neft Fondunun vəsaitləri böyük risk altında...

Dünən dövlət başçısı Ilham Əliyev yeni sərəncam imzalayıb. Bu sənəd ölkədə yeni siyasi şəraitin yarandığından xəbər verir. Dövlət başçısının sərəncamıyla “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi Qaydaları”na dəyişiklik edilib. Bu dəyişikliklərdən sonra Fondun vəsaitləri digər aktivlərə, o cümlədən səhmlərə, daşınmaz əmlaka və qızıla da yatırıla bilər.

Dəyişikliklər nəticəsində baş verən ən böyük yenilik isə Dövlət Neft Fondunun vəsaitlərinin 95 faizinin dollar, avro və funt-sterlinqdə yerləşdirilməsilə bağlı tələbin ləğv edilməsidir. Qeyd edək ki, əvvəlki qaydaya əsasən, fondun vəsaitlərinin 95 faizi adıçəkilən valyutalarda, qalan hissə isə digər valyutalarda saxlanıla bilərdi.

Bundan başqa, Dövlət Neft Fondunun vəsaitlərinin valyutalarında yerləşdirilə bilən ölkələrin siyahısı da dəyişib. Əvvəlki qaydalara görə, Fond vəsaitləri G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Italiya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, həmçinin “A” (“Standard and Poors” və “Fitch”) və ya “A2” (”Moody’s") kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan dövlətlərin valyutalarında ifadə olunmuş aktivlərə (vəsaitlərin 95 faizinin dollar, avro və funt sterlinqdə olması şərtilə) yerləşdirilə bilərdi.

Dəyişikliklərdən sonra isə Neft Fondunun vəsaitləri sadalanan ölkələrdən əlavə, Rusiya və Türkiyə valyutalarına da yatırıla bilər, özü də 95 faizlik hədd olmadan. Maraqlıdır ki, Rusiya və Türkiyə milli valyutaları etibarlılıq dərəcəsinə görə, yuxarıda sadalanan ölkələrə bərabər tutulub. Özü də yeni qaydalarda bu ölkələrin valyutalarına vəsaitlərin yatırılması üçün onların kredit reytinqilə bağlı tələblər yoxdur.

Fondun valyuta vəsaitlərinin yerləşdirilməsinə (investisiya istiqamətlərinə) də ciddi dəyişikliklər edilib. Indi Dövlət Neft Fondunun vəsaitləri, əvvəllər nəzərdə tutulan istiqamətlərdən başqa, daşınmaz əmlaka, qızıl külçələrə (London Qiymətli Metallar Bazarı Iştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr) də yatırıla bilər.

 

“Azadlıq”ın şərhi

Bu sərəncamın verilmə səbəbinin izahı isə çox sadədir. Ilham Əliyevin Azərbaycanın valyuta ehtiyatlarını türk lirəsi və yə rus rublu ilə saxlamağının izahı şübhəsiz ki, bu nominalların iqtisadi gücüylə bağlı deyil. Türkiyə Mərkəzi Bankı, hətta öz valyuta ehtiyatlarını belə, lirə ilə saxlamır. Sadəcə, Ilham Əliyev diktatorların hesablarına həbs qoyulmasından ciddi əndişəyə düşüb. Bu yolla da dövlət vəsaitlərini Qərbin daha az nəzarət etdiyi və ya ümumiyyətlə, nəzarət edə bilmədiyi ölkələrə yatırmaq istəyir.

Əliyev bu sərəncamla həm də etiraf edir ki, ərəb diktatorlarının aqibəti onun üçün də gözləniləndir və bu, artıq həyəcan yaradacaq mərhələdədir. Ilham Əliyev özünün siyasi taleyi barədə doğru hisslər yaşasa da, atdığı addımlar emosionallığın yüksək həddə olduğunu göstərir. Çünki bu günə kimi devrilən ərəb diktatorlarının hər birinin Türkiyədə xeyli sərmayəsi var idi və bu yatırımların heç biri diktatorlara çatmadı. Ilham Əliyev isə ümumiyyətlə, diktatorları təkrar etməmək barədə düşünsə, daha faydalı olar.

 

Risk

Sərəncamı şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı deyir ki, Neft Fondu ənənəvi olaraq, ölkə başçısının sərəncamı ilə müəyyənləşir. Bunun özü də ciddi problemdir. Çünki Azərbaycanda qanunuverici orqanın Neft Fondunun vəsaitlərinin idarə olunması ilə bağlı qərar vermək səlahiyyəti yoxdur.

O ki qaldı dəyişikliklərin nəticəsinə, ekspertin fikrincə, bunun həm siyasi, həm də iqtisadi təsirləri olacaq. Məhəmməd Talıblının sözlərinə görə, Azərbaycanda Neft Fondunun aksizlərinin başqa kapital növlərinə çevrilməsi, eyni zamanda, daşınmaz əmlaka transformasiya olunması öz-özlüyündə böyük risk yaradır.

“Sərəncamda göstərilən addımların atılması Azərbaycanın imkanlarını bir az da məhdudlaşdıracaq. Bu baxımdan dövlət başçısının sərəncamı ölkə iqtisadiyyatı üçün xoşagəlməz sürprizlər vəd edir. Bu sərəncam eyni zamanda, Azərbaycanda Neft Fondunun ölkənin mənafelərinə uyğun strategiyasının olmadığını ortaya qoydu”, - deyə ekspert əlavə edib.

Azadlıq

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 02