Tarix : 2011 Nov 02
Kod 26355

Əliyev YAP-ı niyə tapdadı?

Yaxud da «Papadan artıq YAP-çılığın» iki səbəbi barədə...
well/Aran agentliyi

Yaxud da «Papadan artıq YAP-çılığın» iki səbəbi barədə...

Əli Əhmədov və Siyavuş Novruzovun böyük təlaşla Ilham Əliyevin prezidentliyə namizəd olacağını deməsi diqqəti çəkdi. Fəzail Ağamalının da bu sıraya pərçim olunması vəziyyətin nə yerdə olduğunu göstərməyə başladı. Ilham Əliyevin neft pullarına dair son sərəncamı isə bütün bu həyəcanların üzərindəki sirr pərdəsini götürdü. YAP rəhbərliyinin “Papadan artıq katolik” görünmək və ya olmaq cəhdləri isə, sadəcə, özlərinin gələcək taleləri barədə həyəcanın nəticəsidir. Bəs atdıqları addımlar - verdikləri bəyanatlar nə deməkdir?

 

Əliyev şantaj olunur...

Əslində, bir daha göründü ki, Ilham Əliyevin qərarları komandanın daxilində hazırlanmır. O, özünü YAP-a dəxli olan biri kimi aparmır. YAP-da isə bu vəziyyətin doğuracağı nəticənin mümkün fəsadları gözdən keçirilir. Dövlət başçısı ya növbəti seçki yarışlarında iştirak etmir, ya da dolayı yolla iştirak edir. Hər iki halda, YAP proseslərin baş verdiyi meydanda oyundankənar vəziyyətdə qalmağa da imkan tapa bilməyəcək. Çünki oyunda iştirak edə bilməyəcək. Üstəlik, hazırkı sistem təkcə siyasi deyil, həm də iqtisadi hakimiyyətin yenidən bölüşdürülməsi prosesini ardıcıllıqla dəfələrlə yaşayıb. Hakimiyyət qanadlarından biri təşəbbüs imkanı əldə edən kimi digərlərinin mülkiyyətini əlindən alıb.

Son zamanlarda isə yalnız Paşayevlərin mülkiyyətinin artdığı müşahidə olunur. Bu da daha çox Heydərov və Mehdiyevə yaxın olan şəxslərin müflisləşməsinə səbəb olur. YAP rəhbərliyinin Ilham Əliyevin namizədliyini irəli sürəcəyi barədə bəyanatları isə, sadəcə, Mehdiyevin “təslim olmayacağam” mesajının improvizasiyasıdır. “Sənin üçün səninlə də olsa, savaşaram” məntiqinin hansı sevgidən qaynaqlandığını yəqin ki, şərh etməyə ehtiyac yoxdur.

 

Müxalifəti debata çağırmaq nəğməsi

YAP-da vaxtilə fiziki görkəminə görə xidmət etmiş birisinin siyasi müxalifəti debata çağırması da diqqəti çəkir. Onun liderləri hədəfə alması da maraqlıdır. O, xüsusilə bildirir ki, yazı yazaraq siyasətlə məşğul olanlarla debata gəlməz. Əlbəttə, oxuya bilməyənlərin yaza bilənlərə nifrəti başadüşüləndir, amma məsələnin mahiyyəti bu qarşıdurmada deyil. Ramiz Mehdiyev xalq teatrı məşqlərilə göstərmək istəyir ki, müxalifətlə debata çıxmağa üz də var, söz də. Qorxmağa dəyməz. Bu kontekstdə Siyavuş Novruzovun cəsur görünüşü də ona hesablanıb ki, guya, Ilham Əliyevin alternativlərinə o özü cavab verə bilər. Amma YAP yetkililəri də bilir ki, hansısa demokratik dəyişiklikdən sonra Siyavuş Novruzovdan kimsə bir şey soruşmayacaq. Ilham Əliyev isə Ramiz müəllimin tamaşa cəhdlərinə diqqət ayırardı. Əgər Yaxın Şərqdə baş verənləri telekanallarda göstərməsəydilər... Indi dünyada baş verən hadisələrin ssenarisi elə həyəcanlıdır ki, Ramiz Mehdiyevin heç bir fövqəladə qabiliyyəti diqqəti cəlb etmir. Amma Ilham Əliyev “Ərəb baharı”nın təsirilə öz “payızını” planlaşdırmaqla məşğuldur. Onu başa düşmək üçün əsaslarımız daha çoxdur. Amma YAP-da baş qaldırmış həyəcanı da anlamamış deyilik.

 

Oyunlar nəzəriyyəsinin sonu

Hər şeyi məntiqdən və əxlaqdan uzaqlaşdıraraq, iyrənc və kimsənin yaxın gəlmək istəmədiyi bir müstəvi qurarkən Ramiz Mehdiyev bilməliydi ki, SON belə olacaq. Yəni, bir gün onun özünü də, piramidanın başında əyləşdirdiklərini də heç bir məntiq xilas edə bilməyəcək. Qaydasız döyüşün tələblərilə çarpışıb tükənəndən sonra yarışmağa taqət qalmır. Üstəlik, indi oynamaq üçün də heç bir resurs yoxdur.

Beləliklə, indi hakimiyyət təzyiqi düşmüş, arıq və iddialı adamı xatırladır. Başlıca tablo odur ki, su diktatorun boğazına qalxanda o, komandasını ayaqları altına qoymağa məcburdur. Çünki komanda ona məhz bunun üçün lazımdır.

 Azadlıq

  

  • Yazılıb
  • da (də) 2011 Nov 02