Tarix : 2011 Nov 02
Kod 26364

Dinşünas Namiq Babaxan: ''İqtidar qadağalarla xofdan qurtulmaq istəyir''

“Dini etiqad azadlığı” haqqında qanun 1992-ci il avqust ayında qəbul olunub
well/Aran agentliyi

 

“Dini etiqad azadlığı” haqqında qanun 1992-ci il avqust ayında qəbul olunub. İndiyə qədər qanuna 11 dəfə əlavə və dəyişiklik edilib (7 iyun 1996, 5 noyabr 1996, 27 dekabr 1996, 10 oktyabr 1997, 23 noyabr 2001, 24 may 2002, 3 dekabr 2002, 10 iyun 2005, 8 may 2009, 30 iyun 2009, 10 iyun 2010). Yerli və beynəlxalq hüquq müdafiəçilərinin, siyasi qurumların, o cümlədən dini kəsim təmsilçilərinin fikrincə, bu dəyişikliklərin böyük əksəriyyəti mürtəce xarakterli olub.

2011-ci il oktyabrın 28-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komitələrinin birgə iclasında dini fəaliyyətlə bağlı dəyişikliklər layihəsi müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub. Layihə qadağaların sərtləşdirilməsinə yönəlib.

“Media forum” saytına danışan dinşünas Namiq Babaxan deyir ki, bir neçə ildir Azərbaycanda iqtidarla dindarlar arasında ciddi uçurum yaranıb: “Vəziyyət getdikcə daha da qəlizləşir. Çünki iqtidar daim gərginlik istiqamətidə addımlar atır”.

Dinşünasın fikrincə, iqtidarın din siyasəti yoxdur: “Dini durumun sabitləşməsi adı ilə atılan addımlar vəziyyəti daha da gərginləşdirir. Çünki iqtidar qadağadan başqa yol aramaq istəmir. Sanki onu heç bir tutarlı əsas olmadan islam xofu bürüyüb. Qadağalarla xofdan qurtulmaq istəyir. Həm Qafqaz Müsəlmanları İdarəsinin, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bacarıqsızlığı, dindarlardan çox aralı düşməsi də vəziyyəti gərginləşdirir”.

Namiq Babaxan hesab edir ki, qadağalar dini kəsimi radikallaşdırır: “Sanki kimlərəsə dindarları sərtləşdirmək lazımdır, bu proses bilərəkdən həyata keçirilir. Doğrudur, ölkədə dindarların sayı artır, hicablılar çoxalır, məscidlər dolur, amma bu, islamafobiyaya səbəb olmamalı, toplumun milli-mənəvi dəyərlərə qayıdışı kimi qiymətləndirilməlidir.

Təəssüf ki, Azərbaycan hakimiyyəti bu prosesə ABŞ və İsrailin gözü ilə baxır, vətəndaşların milli-mənəvi dəyərlərə qayıdışını təhlükə hesab edir və qadağalara ara vermir. Bu, böyük yanlışlıqdır və heç bir fayda verməyəcək, insanları qadağa ilə, həbslə qorxutmaq bəşər tarixi boyu faydasız olub və əks reaksiyaya gətirib. İqtidarın vətəndaşları ilə dil tapıb ortaq məxrəcə gəlməsi ona əskiklik yox, başucalığı gətirir. Dini sahədə qadağa siyasəti ancaq və ancaq vəziyyəti gərginləşdirməyə xidmət edə bilər, bu isə tərəflərdən heç birinə lazım deyil”.

"Media forum"

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Nov 02