Tarix : 2011 Nov 02
Kod 26371

''Manas'' hərbi bazasının Azərbaycana köçürülməsi yenidən aktuallaşır

Qırğızıstanın yeni prezidenti elə ilk gündən ''Manas''a barmaq silkələdi
well/Aran agentliyi

 

Qırğızıstanda keçirilən son prezident seçkilərindən sonr gündəmə gələn ilk məsələlərdən birinin "Manas" hərbi bazasının buradan çıxarılması ilə bağlı olacağı artıq məlumdur. Xatırladaq ki, daha əvvəl də bu bazanın çıxarılması məsələsi gündəmə gəlmişdi və həmin vaxt bazanın çıxarılacığı təqdirdə gətiriləcəyi əsas ünvan kimi Azərbaycan göstərilirdi. İndi də bunun təkrarlanacağı şübhə doğurmur.
Məsələ burasındadır ki, Qırğızıstanda keçirilən son prezident seçkilərində qalib gələn indiki baş nazir Almazbəy Atambayev Bişkekdəki beynəlxalq hava limanının ərazisində hansısa hərbi obyektin mövcud olmasını yolverilməz hesab edir: "Aeroportumuz vətəndaşlar üçün nəzərdə tutulub və ancaq mülki işlərlə məşğul olmalıdır. Hava limanına eniş edəndə və orada hərbi təyyarələri görəndə, bu çox pis təəssürat bağışlayır".
Onun sözlərinə görə, Qırğızıstan tərəfi hava bazasının yerində aeroportda hər hansı mülki obyektin yerləşməsinin də əleyhinə deyil. Atambayev, həmçinin, ABŞ hərbçilərinin Bişkekdə yerləşməsinin Qırğızıstanın təhlükəsizliyini təmin etmədiyini güman edir: "ABŞ-la ədavətdə olan hansısa ölkənin nə vaxtsa bizə zərbə endirməsini istəmirik". O həmçinin bildirib ki, Qırğızıstan bundan sonra da üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, o cümlədən koalisiya qüvvələrinin bazası ilə bağlı qaydalara riayət etməyə çalışacaq.
Xatırladaq ki, hələ iki il əvvəl "Manas" hərbi bazası üzərində ABŞ və Qırğızıstan arasında yaranan narazılıqdan sonra bu bazanın yeni ünvanının məhz Azərbaycan ola biləcəyinə dair fikirlər dolaşmağa başlamışdı. O vaxt Amerikanın "The New York Times" qəzeti yazırdı ki, sözügedən bazanı əvəz etməyə əsas namizəd Bakı olacaq. Elə həmin dövrdə Amerika Bakıda konfrans keçirərək Azərbaycan, Türkiyə və Gürcüstandan olan nəqliyyat rəsmiləri və özəl podratçılarla birgə Əfqanıstana yeni təchizat yollarını müzakirə elədi. Söhbət Cənubi Qafqaz, daha sonra Orta Asiyadan keçməklə Əfqanıstanın şimalına aparan marşrutdan gedir. NATO rəsmiləri deyir ki, məqsəd yalnız əlavə marşrut əldə etməkdir, onların niyyəti Rusiya və ya Pakistan yolunu tam əvəz eləmək deyil.
Bakıda konfrans keçirən Amerika və Azərbaycan rəsmiləri bildirdilər ki, burada söhbət yüklərin Gürcüstanın Poti limanından quru yolu ilə Bakıya, ordan dəniz yolu ilə Qazaxıstanın Aktau limanına, daha sonra isə Özbəkistan vasitəsilə Əfqanıstana daşınmasından gedir. İndi isə Qırğızıstanda məlum hakimiyyət dəyişikliyi və "Manas"la bağlı Almazbəy Atambayevin verdiyi açıqlamalar bu bazanın Bakıya köçürülmə ehtimalını yenidən gündəmə gətirib.
Onu da xatırladaq ki, Azərbaycan parlamentinin ötən il təsdiq etdiyi yeni hərbi doktrina buna imkan verir. Doktrina xarici bazaların ölkə ərazisində yerləşdirilməsinə imkan verir.
Daha doğrusu, parlamentdə səs çoxluğu ilə qəbul edilmiş bu sənəd Azərbaycanda "xarici hərbi bazaların yerləşdirilməsinə" beynəlxalq razılaşmalar çərçivəsində icazə verir.
Məhz bu kontekstdə təhlilçilər dəfələrlə bəyan edib ki, yeni doktrina Amerikanın Əfqanıstanda apardığı müharibədə Azərbaycanın rolunu artıra bilər. Başqa sözlə, NATO-nun rəhbərlik etdiyi qüvvələrə təchizat daşınması üçün Azərbaycanın imkanlarından daha geniş şəkildə istifadə oluna bilər. Qeyd edək ki, 2001-ci ildən bəri Əfqanıstana və əksinə, Azərbaycan vasitəsilə on minlərlə tranzit uçuşu həyata keçirilib. Təkcə ötən il 100 min Amerika və digər beynəlxalq personal Azərbaycanın hava məkanından istifadə edərək Əfqanıstana və ordan geriyə uçub. Onu da qeyd edək ki, son aylar ərzində silsilə basqınlar NATO-nu Əfqanıstan əməliyyatının təchizatı üçün Pakistandan yan keçən daha təhlükəsiz yolların axtarılmasına sövq edir. Belə bir şəraitdə yüklərin daşınması üçün Rusiya və xüsusilə də təchizatın aparıcı hissəsinə çevrilmiş Azərbaycana maraq artır. Hazırda Əfqanıstanda NATO qüvvələrinin sayı 100 mini aşıb. Hərbiyyə, əsasən hava nəqliyyatı vasitəsilə təchiz edilir. Lakin ağır silahlar, texnika və yanacaq Pakistan üzərindən çatdırılmalıdır. Və NATO bu problemin çözümündə həmişə alternativ variantlar axtarıb.
Əsas ümid yerlərindən biri isə məhz Azərbaycandır. Xatırladaq ki, Qırğızıstana məxsus "Manas" hava limanındakı ABŞ hərbi bazası 2001-ci ildə Əfqanıstanda "Taliban"a qarşı aparılan əməliyyatlara dəstək məqsədilə yaradılıb. Bəhs edilən hərbi baza ilk öncə ABŞ tərəfindən 2 illik müddətə icarəyə götürülüb, daha sonra isə bu müddət 8 il daha uzadılıb. Bazadan istifadə müqabilində Qırğızıstan tərəfinə illik 63 milyon ABŞ dolları verilməsi və müxtəlif proqramlar çərçivəsində 150 milyon dollar yardım edilməsi nəzərdə tutulub. Bazadan Əfqanıstana yük daşımaq və yanacaq doldurmaq məqsədilə istifadə edilib və edilməkdədir.

  • Yazılıb
  • da (də) 2011 Nov 02