Tarix : 2011 Nov 03
Kod 26388

TİKİNTİ ŞİRKƏTİNDƏN NARAZI VƏTƏNDAŞLAR ATV və “XƏZƏR TV”nin QARŞISINDA TOPLAŞIBLAR

“Kamran B.Ə.” MMC tikinti şirkətinin onları aldatdığını bildirən vətəndaşlar noyabrın 3-də “Azad Azərbaycan” televiziyasının qarşısında toplaşaraq problemlərinin ...
well/Aran agentliyi

 

 

“Kamran B.Ə.” MMC tikinti şirkətinin onları aldatdığını bildirən vətəndaşlar noyabrın 3-də “Azad Azərbaycan” televiziyasının qarşısında toplaşaraq problemlərinin ictimailəşməsi və yuxarı instansiyaların diqqətinə çatdırılması üçün aksiya keçiriblər.

“Musavat.com”un məlumatına görə, vətəndaşlar deyiblər ki, onlar mənzil almaq üçün şirkətə külli miqdarda pul ödəyiblər, ancaq sonda aldadılıblar, xəbər tutublar ki, onların mənzilləri daha bir neçə nəfərə satılıb.

İstehlakçılar hakimiyyət orqanlarının onların problemlərinə diqqət yetirmələrini istəyirlər və umurlar ki, ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri, o cümlədən televiziyalar bu məsələni gündəmdə saxlasınlar.

ATV qarşısında aksiya keçirən istehlakçılar öz problemləri barədə televiziya işçilərinə danışdıqdan sonra "Xəzər" televiziyasının qarşısına da gediblər və burada da eyni məzmunlu xahişlər səsləndiriblər.

Telekanalların qarşısında tələblərini səsləndirən zərərçəkənlərə əvvəlcə polis müdaxilə etməsə də, sonradan onlar şüar səsləndirən aksiya iştirakçıları ilə kobud davranıblar, onların əlindəki transparant və portretləri alıblar, özlərini isə qovub dağıdıblar.

Aksiya iştirakçılarından olan Əli Əliyev “Azadlıq” radiosuna deyib: “Biz ATV-yə və “Xəzər” TV-yə etiraz etdik ki, bizi aldadan şirkəti niyə yenidən reklam edirsiz. “Xəzər” TV 10-15 gün əvvəl həmin tikinti şirkətinin adamları necə aldatdığı barədə reportaj verib, amma indi həmin şirkət o televiziyada reklam olunur. Şirkət rəhbəri adamları yenidən onlardan ev almağa çağırır”.
“Kamran B.Ə.” MMC-dən narazı olanlar bundan əvvəl tikinti şirkətinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Prezident Administrasiyasının da qarşısında aksiyalar keçirib onları aldadan şirkət rəhbərlərinin cəzalandırılmasını tələb ediblər. Bu tələblərdən sonra dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən “Kamran B.Ə.” MMC-nin təsisçisi, icraçı direktoru və tikinti nəzarətçisi həbs edilib. Şirkətin direktorunun səhhəti nəzərə alınaraq onun barəsində polisin nəzarəti altına verilməsinə dair qətimkan tədbiri seçilib.
Payçılar deyirlər ki, əsas günahkar onların pul ödədiyi “Şaiq” MTK-nın rəhbəri İsfəndiyar Axundovdur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətindən şikayətçilərə bildirilib ki, şəhər icra hakimiyyəti “Kamran B.Ə.” MMC-yə Yasamal rayonu ərazisində yaşayış binasının layihələşdirilməsi və ya tikintisi ilə bağlı hər hansı icazə sənədi verilməyib və qeyd olunan ünvanda tikinti işlərini İsfəndiyar Axundovun təsisçisi olduğu “Şaiq” MTK aparır.

  • Yazılıb
  • da (də) 2011 Nov 03