Tarix : 2011 Nov 03
Kod 26389

Azərbaycan daha iki siyahıda rüsvayçı yerdə

İnsan inkişafı və qadın hüquqlarına görə Ermənistandan da geri qalırıq...
well/Aran agentliyi

 

Azərbaycan daha iki beynəlxalq hesabatda hətta Cənubi Qafqazdakı qonşularından da geri qalaraq, aşağı yerlərdə qərarlaşıb. Bunlar BMT-nin Inkişaf Proqramı çərçivəsində hazırlanmış “Insan Inkişafı Indeksi 2011” və Dünya Iqtisadi Forumunun hazırladığı Gender Bərabərliyi hesabatlarıdır.
Insan Inkişafı Indeksində Azərbaycan ötən illə müqayisədə 24 pillə geriləyib. “Azadlıq” radiosunun məlumatına görə, 187 ölkənin yer aldığı hesabatda ölkəmiz 91-cidir.
Insan Inkişafı Indeksi əhalinin rifahını əks etdirir. Bu indeks insan inkişafının üç ölçüsü - uzun və sağlam ömür, təhsilin səviyyəsi və layiqli yaşayış standartlarına əsasən hazırlanır.
Builki hesabatda siyahıya Norveç liderlik edir. Sonuncu yerləri ilə Konqo, Niger və Burundi bölüşür. Rusiya 66-cı, Gürcüstan 75-ci, Ermənistan 86-cı yerdədir.
Bu siyahıda bir məqam xüsusilə diqqət çəkir. Həm Azərbaycan, həm də Norveç neft ölkəsidir. Lakin Norveç siyahıda birinci, Azərbaycan isə 91-cidir. Bu faktın adları çəkilən ölkələrdə insanların neftdən gələn gəlirlərdən nə dərəcədə faydalandığının göstəricisidir.
Gender Bərabərliyi ilə bağlı hesabata gəlincə, sənəddə qeyd olunub ki, son 6 ildə ölkələrin 85 faizi gender münasibətləri sahəsində vəziyyəti yaxşılaşdırdıqları halda, dünyanın başqa hissəsində durum fərqlidir. Xüsusən də bir neçə Afrika və Cənubi Amerika ölkələrində...
Hesabata görə, ötən il Yeni Zelandiya, Cənubi Afrika, Ispaniya, Şri-Lanka və Böyük Britaniyada cüzi də olsa, gender bərabərliyində enmələr sezilir. Braziliya, Efiopiya, Qətər, Tanzaniya və Türkiyədə isə əksinə, irəliləmə müşahidə olunur.
Skandinaviya ölkələri isə (Finlandiya, Islandiya, Norveç və Isveç) yenə də siyahıda ön yerlərdədir. Azərbaycan isə 135 ölkə arasında 91-ci yerdədir. Onun qonşuları Ermənistan 84, Gürcüstan 86, Türkiyə 122-cidir.
Hesabat müəllifləri bəzi kriteriləri üzrə də araşdırma aparıblar.
Məsələn, təhsil uğurlarına görə Azərbaycan siyahıda 73-cü yerdədirsə, Ermənistan 27-ci, Gürcüstan 62-cidir.
Səhiyyə sahəsində Azərbaycan 132-ci sırada qərarlaşıb. Ermənistan isə ondan cəmi bir pillə irəlidədir - 131. Gürcüstan qonşularını bir azca qabaqlaya bilib - 128.
Siyasi idarəetmə məsələsinə gəlincə, Azərbaycan qonşularından bu dəfə irəlidədir. O, 103-cü, Ermənistan 108, Gürcüstan 120-ci yerdədir.
Iqtisadi əməkdaşlıq və imkanlar məsələsində Azərbaycan qonşularına yenə uduzur. Gürcüstan 54, Ermənistan 62, Azərbaycan isə 70-ci yerdədir.

  • Yazılıb
  • da (də) 2011 Nov 03