Tarix : 2011 Nov 05
Kod 26406

Əliyevi bitirən klanlar

Regionçu birləşmələr qlobal tendensiyaların ayağı altında necə qalacaq?
well/Aran agentliyi

Regionçu birləşmələr qlobal tendensiyaların ayağı altında necə qalacaq?

Hakimiyyət daxilində çalxalanmaların yeni dalğaları çatları dərinləşdirməkdədir. Sistem özünün ayrı-ayrı elementlərilə intriqaya girdiyi üçün “mərkəzi sinir sistemi”nin fəaliyyətinin iflic olduğunu deyə bilərik. Bütün qrup və qruplaşmalar ayrı-ayrılıqda Ilham Əliyevə birbaşa və ya dolayı yolla qarşı olduğu üçün hakimiyyətin mərkəzi intriqaların hədəfi olmaqdan yayına bilmir.

Bütün kombinasiyalarda dövlət başçısının fərq (qalıq) statusunda olması onun bir güc kimi hər hansı qruplaşmanın diqqətini cəlb etməməsi, ehtiyacını qarşılamaması deməkdir. Ilk növbədə hakimiyyətin əsas qanadı olan ali icra hakimiyyətinin başçısı özünün təyin etdiyi məmurlar üçün qarşı tərəfə çevrilibsə, deməli, hakimiyyət artıq mərkəzdən idarə olunmur. Bu zaman zərurət yaranır ki, biz hakimiyyətin mövcudluq sxeminin, yəni, tarazlıq mərkəzinin işlək düsturunu tapaq. Belə bir düsturun olmadığını bilmək üçün isə bizə uzun axtarış lazım deyil. Ardıcıl olaraq bir-biri üzərində qələbə və əks qələbə ilə nəticələnən qrup savaşları göstərir ki, indi idarə olunmayan xaos nizamıyla davam edirik. Yəni, ölkə naməlum istiqamətə yuvarlanır.

Ilham Əliyevin, hətta Rəsul Quliyevlə şantaj olunması barədə də xəbərlər yayıldı. Üstəlik, Rəsul Quliyevin ABŞ-da bir sıra ictimai təşkilatlarda görüşlər keçirdiyi də məlum oldu. Yəni, Okeanın o tayındakı “xoxan” da “fəallaşıb”. Fikrimizcə, daha maraqlısı budur ki, bütün bu olanların real siyasi mahiyyəti nədir və biz indi hansı təcrübənin şahidi oluruq?

 

Bir addım irəli...

Bütün qeyri-demokratik və klan-sülalə qaydaları ilə idarə olunan hakimiyyətlərin əsas tarazlığını saray intriqaları təşkil edir. Rəsul Quliyev də bu saraydan çıxdığı üçün sonradan hər nə edirsə etsin, onun oraya qayıtmaq və oradakılarla dil tapmaq imkanları başqalarıyla müqayisədə daha ağlabatan görünür. Bunun belə görünməsi üçün də saraydakılar əllərindən gələni edirlər. Onlar Ilham Əliyevə çatdırmaq istəyirlər ki, seçkilərdə şəxsən iştirak etməsə və ya Ailədən başqa bir namizəd olsa, o zaman klan özünü qorumaq üçün bütün imkanlarını işə sala bilər. Burada, hətta o da gözdən keçirilir ki, Rəsul Quliyev üzərində kombinasiya qurularsa, Sevil Əliyeva da bu məsələyə pozitiv baxa və Əliyevlərin də assosiativ iştirakı ilə yeni klan-komanda yaradıla bilər.

 

Iki addım geri...

Yaddaşlı oxucularımız bilirlər ki, Azərbaycan hakimiyyəti daxilində bu cür şantajlar ilk dəfə deyil. 2002-ci ildə (2003 seçkiləri öncəsi) “Neytral” qəzetinə (hazırda nəşr olunmur - S.H.) müsahibə verən Fəzail Ağamalı Ramiz Mehdiyevi Isa Qəmbərlə işbirliyində ittiham etmişdi. Onun dediklərindən belə çıxırdı ki, Mehdiyev yeni balansda öz yerindən narazı olacağı təqdirdə Isa Qəmbəri dəstəkləməyi planlaşdırır. O zaman bu müsahibənin arxasında məhz ata Əliyevin dayandığı heç kimdə şübhə doğurmurdu. Əliyev Mehdiyevə “xəbərim var” mesajını belə çatdırmışdı.

Yeri gəlmişkən, Rəsul Quliyevin adı o zaman MTN şefi Namiq Abbasovla da hallanırdı. Deyilənə görə, 2003-dəki proseslərdə və ona qədərki bir çox addımlarda Quliyev Abbasovla sıx-sıx məsləhətləşirmiş. Bundan Əliyevin nə dərəcədə xəbərinin olub-olmaması məsələsi də o zaman müxtəlif yozumlarda kuluar söhbətləri idi.

Əliyev bu intriqalardan həm də “özünü yaxşı aparmayan” məmurlara yerlərini göstərmək məqsədilə istifadə edirdi. Indi isə intriqanı hakimiyyətin mərkəzi deyil, mərkəzdən qaçanlar qurur. Və aydın görünür ki, olaylar heç də Ilham Əliyevin əsəblərinə və bu cür proseslərə reaksiya qabiliyyətinə hesablanmayıb. Belə gərginliklər artdığı təqdirdə Ilham Əliyev özünü təslim edilmiş hiss edə bilər.

Məsələ burasındadır ki, Əliyevin komandasının arxasından geri çəkildiyini düşünməsi üçün də xeyli əsasları var. Bu isə hər şeyin bir anda yekunlaşa biləcəyi ehtimalını gücləndirir. Yəni, “əlahəzrət indi” elə tufan qopardar ki, gələcəklə bağlı bütün oyunlar çanağa çevrilər. Yəqin ki, elə, hakimiyyətin başında da çatlayar.

 

Polietilendən ət düzəltmək cəhdi...

 

Heydərovun Əliyevdən baş nazirliyi qopara bilməməsi, üstəlik, bütün neft gəlirlərinə sahib olmasına baxmayaraq, Əliyevin onun sərvətlərinin Paşayevlər çətiri altında qamarlanmasına razılıq verməsi “fövqəlnazir”də hansısa əsəb yarada bilər. Mehdiyevin, az qala səlahiyyətləri əlindən alınacaq səviyyədə sıxışdırılması da onun öz gələcəyi barədə düşünməsini aktuallaşdırıb. Hətta hər iki məmur vaxtilə bir-birinə qarşı alternativsiz gücü təmsil etdikləri halda, indi məhv olmamaq üçün birləşmək durumuna düşəcək qədər zəifləyiblər. Bu, həm də hakim siyasi düşüncənin artıq büdrəməsi deməkdir. Bu şəraitdə yenidən hansısa “klan oyunu” ilə xilas olmağa çalışmaq isə polietilendən ət düzəldib qidalanmaq kimidir. Qeyri-üzvi maddədən üzvi maddə düzəltmək cəhdi isə, sadəcə, “çətini ölənə kimidir” deməkdir.

 

Şərqi Avropa ölkəsində mağara şüuru

Hərçənd, inanmaq istəmədim, amma siyasi dünyagörüşünə və məlumatlılıq imkanlarına şübhə etmədiyim ictimai xadim dedi ki, Qərbi Azərbaycanlılar da təşkilatlanırlar. Məqsəd isə ya zəifləməkdə olan hakimiyyətlə dil tapıb ora transformasiya olmaq, ya da hakimiyyətin tam sıradan çıxdığına əmin olduqdan sonra yeni qüvvə ilə danışıqlara gedib müəyyən pay qoparmaqdır. Bu məlumatı verənin də eyni regiondan olması maraqlı idi. Elə şərhi də...

Əslində, Heydər Əliyev regionçuluq və klançılıqla nə mümkündürsə, etdi. Məncə, başqa bir eybəcərlik tapmaq mümkün də deyil. Buna kimsənin istedadı da çatmaz. Amma Azərbaycanın Şərqi Avropa ölkəsi elan olunduğu bir vaxtda bu cür mağara şüuru ilə yaşayıb ali dəyərlərdən dəm vurmaq qədər mənasız bir iş, yəqin ki, yoxdur. Bu gün bütün dünya demokratik düşüncə uğrunda savaşarkən, yalnız insan haqları və azadlıqların əsas prioritet olduğu bir vaxtda tayfa şüuru ilə nəyəsə nail olacaqlarını düşünənlər, yəqin ki, çürümüş sistemin bir hissəsi olduqlarını bilməyəcək qədər də hissiyyatlarını itiriblər.

Azadlıq

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 05