Tarix : 2011 Nov 06
Kod 26422

Hidayət Orucovun ''Dini Azadlıq'' haqdakı fikirlərinə reaksiyalar davam edir

Dini fəallar Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun ölkədə dini azadlığın mövcudluğuna dair dediklərini həqiqət saymırlar
well/Aran agentliyi

 

Dini fəallar Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun ölkədə dini azadlığın mövcudluğuna dair dediklərini həqiqət saymırlar.

Noyabrın 4-də Azərbaycan Respublikasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov türkiyəli dövlət nümayəndələri ilə görüşündə iddia etmişdir ki, Azərbaycanda dini etiqad azadlığı pozulmayıb və dindarlara heç bir təzyiq edilmir.

Hidayət Orucov Azərbaycanda hicabın qadağan olunması məsələsini də təkzib edib.

Hidayət Orucov demişdir : " Birmənalı şəkildə bildirirəm ki, ölkəmizdə hicab qadağan olunmayıb. Bütün dünyəvi dövlətlərdə, o cümlədən Türkiyədə olduğu kimi Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir. Bunu isə etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur".

Məsələyə münasibət bildirən İslam Araşdırmaları Mərkəzinin rəhbəri, ilahiyyatçı alim İlham Əliyev "Faktxeber" saytına açıqlamasında deyib: "Azərbaycanda dindarlara təzyiq olunur. Bu gün bizim onlarla dindar qardaşımız haqsız olaraq atılan böhtanlarla ittiham olunur. Onlardan bəziləri üçün ağır hökm də oxunub. Məsələn, Hacı Möhsün Səmədov, Fəramiz Abbasov və digər qardaşlarımız hazırda haqsız yerə zindadırlar. Bəzi dindarlar barədə isə cinayət işi açılıb və istintaqları hələ də davam edir. Əgər həqiqətən də dindarlara təzyiq yoxdursa, onda bu kimi hallar necə qiymətləndirilməlidir? Dövlət buna nə ad qoyur?"

Hacı İlham Əliyev Azərbaycanda hicab qadağasının müxtəlif bəhanələrlə, o cümlədən vahid məktəbli forması adı ilə həyata keçirildiyini də bildirib: "Əgər Azərbaycanda hicab qadağası yoxdursa, onda niyə bizim qız övladlarımız təhsildən uzaq düşüblər? Məktəblərə uşaqları hicabla buraxmırlar. Bu sadaladıqlarım hamısı Hidayət Orucovun dediklərinin yanlış olduğunu sübut edir. Fakt budur ki, Azərbaycanda müxtəlif adlarla, o cümlədən vahid məktəbli forması adı altında hicab qadağan olunur."

Həmçinin Birlik saytının baş redaktoru, şərqşünas Vüsal Hətəmov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun noyabrın 4-də səsləndirdiyi bəyanata deyib: "Fakt göz qabağındadır. Hidayət Orucov and içsə də, reallığa kölgə sala bilməz. Ölkədə ən çox təzyiq olunan kütlə dini qayda-qanunlara daha ciddi yanaşan insanlardır. Əgər orta məktəblərdə uniforma adı ilə qızların yaylıqları açılırsa, iş yerlərində hicablı xanımlara təzyiq olunursa və yaxud "hicablıdır" deyə öz başlarına problem açmamaq üçün hicablı xanımları işə götürmürlərsə, hansı dini azadlıqdan danışmaq olar? Kim dövlət işinə düzəlmək istəsə, gərək namaz qıldığını gizlətsin. Güc strukturlarında vəziyyət daha ağırdır."

Vüsal Hətəmov Hidayət Orucovun türkiyəli qonaqlara dini bölməmələri üçün verdiyi tövsiyəyə də belə münasibət açıqlayıb : " Azərbaycanda dini bölən də elə onun idarəsi və bu kimi səlahiyyətli şəxslərdir. Təsəvvür edirsinizmi, İran-Azərbaycan münasibətində soyuqluq hiss olunan kimi dindarların bir qismi, - əsasən şiələr, - Türkiyə-Azərbaycan münasibətində soyuqluq hiss olunan kimi digər qismi - əsasən nurçu və təsəvvüfçülər - sıxışdırılır. Niyə? Niyə dinə daha ciddi yanaşan insanlar hakimiyyətin qeyri-konstruktiv xarici siyasətinin qurbanı olmalıdır?"

Birlik təşkilatının sədri əlavə edib : "Heç bir müsəlman qonşu dövlətlə münasibətimiz hansısa Qərb ölkəsindən yaxşı deyil. Siyasət sabah dəyişəndir, amma milli-mənəvi dəyərlərə hörmət bizim kimliyimizin əsası və qarantıdır. Dinə bu cür yad münasibət vətəndaşlarımıza, milli mənsubiyyətmizə, konstitusiyamıza ən yaxşı halda laqeydlikdir və bunun üçün də ilk növbədə cavabehlik daşıyan qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidır".

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 06