Tarix : 2011 Nov 07
Kod 26447

''Mübariz və Fərid Azərbaycan gəncliyinin əsl nümunəsidir''

Bunu SalamNews-a Bakı şəhər Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov bildirib
well/Aran agentliyi

 

 

R.Abbasov prezident İlham Əliyevin Azərbaycanın igidlik səlnaməsi yazan oğullarının qəhrəmanlığına verdiyi qiyməti də qeyd edib: “İlham Əliyev Mübariz İbrahimovun və Fərid Əhmədovun vətən qarşısında, xalq qarşısında, torpaqlarımızın işğaldan azad olunmasında müstəsna xidmətlərinə yüksək qiymət verib”.

O həmçinin bildirib ki, Azərbaycan gəncliyi Ali Baş komandanın əmr verəcəyi günü gözləyir ki, silaha sarılıb, Azərbaycanın torpaqlarını işğaldan azad etsin.

Qeyd edək ki, havanın soyuq və qarlı olmasına baxmayaraq, Azərbaycan gəncləri ikinci Fəxri Xiyabana axışaraq, qəhrəmanlarımızın məzarlarını ziyarət edirlər.

Xatırladaq ki, Mübariz İbrahimov uzun müddət düşündüyü və arzusunda olduğu şəhidlik planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını axtarırdı. 22 yaşlı Mübariz 2010-cu il iyunun 18-də gecə saat 23:30-radələrində planlaşdırdığı əməliyyata başlayır.

O, minalanmış neytral sahəni keçərək, mənfur düşmənin çox sayda canlı qüvvəsi ilə tək döyüşüb və xeyli sayda düşmən əsgər və zabitini birinci həmlədəcə məhv edib. Düşmənlə döyüş 5 saata yaxın davam edib. Ermənilər ağır itkilərə məruz qalsalar da, biz igid Vətən oglu Mübarizi itirdik. O, qəhrəmancasına həlak oldu, şəhidlik zirvəsinə yüksəldi.

Bu hadisədən çox keçmədi ki, Milli ordumuzun daha iki zabiti - baş leytenent Fərid Əhmədov və kapitan Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak oldular. Onlar bir daha sübut etdilər ki, Azərbaycan xalqı igidlər yetişdirir və Mübariz kimi oğullar çoxdur.

Onu da qeyd edək ki, Mübariz İbrahimovun və Fərid Əhmədovun meyitləri erməni qəsbkarları tərəfindən ələ keçirilmişdi. Mənfur düşmən onları qaytarmaqdan imtina edirdi. Lakin uzun sürən danışıqlardan sonra, 2010-cu ilin 6 noyabrında Azərbaycan qəhrəmanlarının cənazələri düşmən cənazələri ilə dəyişdirildi. Mübariz İbrahimov və Fərid Əhmədov 2010-cu il noyabrın 7-də Bakıda ikinci Fəxri xiyabanda Qəhrəman adına layiq dəfn edildilər.

 

  • Yazılıb
  • da (də) 2011 Nov 07