Tarix : 2011 Nov 09
Kod 26485

Növbə Zeynəblərə çatdı

well/Aran agentliyi

 

AZƏRBAYCANDA NÖVBƏ ZEYNƏBLƏRƏ ÇATDI

 

Rəhman və Rəhim Allahın adı ilə.

Əgər Allahı tanıyırsansa, əlbət Kərbəla vaqeəsindən də xəbərsiz deyilsən. Xəbərsiz deyilsən ki, bir ovuc zalım Allah bəndələrinin payına sahib çıxmaqla kifayətlənməyib onların dinini, iffət və namusunu ayaq altına almaqdadır.

Tarix boyu belə olub. Fironlar haqqında kim eşitməyib ki! Azərbaycan da istisna deyil. Adı müstəqil olan bu məmləkətdə xalqın bütün sərvətinə sahib çıxıb onu dilənçi vəziyyətinə salmış rejim bununla kifayətlənməyib, Allahın dininə balta çalmağa qərar verib.

Azərbaycan Respublikasında İslam, islamçı, dini dəyərlər qarşı dünyada misli görünməmiş repressiya, şərləmə kampaniyası günbəgün sürətlənməkdədir. Rejimin azana qadağa ilə başlayan, məscidlərin sökülməsi və hicab qadağası ilə davam edən səlib yürüşü nəhayət parlamentə çıxdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Firdovsi Məmmədrzayev, Dəyanət Səmədov, Zülfüqar Mikayılov və Fəraməz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi əsil şounu xatırladırdı.

Oktyabrın 5-də, hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunan İslam Partiyasının sədri Mövsüm Səmədov və daha 6 nəfər son sözlə çıxış edib. M.Səmədov bildirib ki, «məhkəmə sifariş yerinə yetirir, şahidlərdən isə aldatma və təzyiq yolu ilə ifadələr alınıb».

Mövsüm Səmədov bildirib ki, məhkəmədən əvvəl buraya gələn insanlar döyülüb, təhqir olunublar. 3 aya yaxındır davam edən məhkəmədə 20-dən çox iclas keçirilib. Bu iclaslarda biz haqq görmədik. Haqsızlıqlarla qarşılaşdıq. Məhəkəmə iclaslarında şahidlərin yalançılığı ifşa olundu.

İslam Partiyasının fəaliyyətindən danışan partiya lideri qeyd etdi ki, Azərbaycan İslam Partiyası Azərbaycanda olan azsaylı müstəqil siyasi partiyalardandır. Mən 1992-ci ildə partiyaya işə gələndə David Sidneyin o vaxtki sədr Əlikram Əliyevə olan məktubu əlimə keçdi. David Sidney Əlikram Əliyevi evinə qonaq çağırmışdı. Lakin Əlikram Əliyev bu dəvətdən imtina etmişdi. Soruşandakı niyə bu dəvətdən imtina etdiniz, cavabında demişdi ki, "Mən insanlara zülm edən dövlətin işçisinin evinə getmərəm".

Heç bir partiya şəhid verməyib. Bizim partiyamız şəhid verib. Kəblağa Quliyev MTN-də öldürüldü

Beləcə, sifarişli məhkəmə hökmünü verdi. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxundu. Məhkəmənin hökmü ilə Hacı Mövsüm Səmədov 12 il, Vaqif Abdullayev 11 il, Rufulla Axundzadə 11 il 6 ay, Firdovsi Məmmədrzayev 10 il, Dəyanət Səmədov 10 il, Fəraməz Abbasov 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Zülfüqar Mikayılov isə 5 il sınaq müddəti təyin olunmaqla, 11 il müddətinə şərti cəzaya məhkum olunub.

İttiham olunan şəxslər bu il yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq)və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub

İslama qarşı müharibə daha sonra Milli Məclisə keçdi. Milli Məclis Cinayət Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Təklif olunan dəyişikliklər əsasən dini fəaliyyət, eləcə də dini kitab və əşyaların qanunsuz satışı, idxalına qoyulan cərimələri daha də ağırlaşdırır, eyni zamanda həbs cəzası nəzərdə tutulur. Xaricdə dini təhsil alanlar isə tamamilə lokallaşdırılır.

Dəyişikliklərə görə, dini ədəbiyyat və əşyaların yayılmasına sərt cəzalar müəyyən olunur. CM-in 167-2.1-ci maddəsinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və yaymaq məqsədilə idxal etmə, satma və yayma 5000 manatdan 7000 manatadək cərimə və ya 2 ilədək müddətində həbslə cəzalandırılır. 167-2.2 maddəyə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək cərimə və ya 2 ildən 5 ilədək həbslə cəzalandırılır.

Təklif olunan əlavələr dindarlar tərəfindən etirazla qarşılanıb. Əksəriyyət bunu ölkədə dini fəaliyyəti daha çox nəzarət altına almaq cəhdi sayır. Qeyd edək ki, Azərbaycan qanunvericiliyində hökumətin razılaşdırmadığı dini ədəbiyyatı yaymaq, satmaq və ya ölkəyə gətirmək qadağandır. İlahiyyatçılar yeni dəyişikliyi absurd addım sayır. Qanuna yeni dəyişiklikdə cəzalar çox sərtdir. Bir şəxs Quran ayəsi təsvir olunmuş bir tablo - dini əşyadır deyə, yaxud Qurani-Kərim və ya İncil - dini ədəbiyyatdır deyə, satacaqsa, onu 2 il həbs də gözləyə bilər. Qanunda dinə belə aqressiv münasibət heç vaxt müşahidə olunmayıb.

Bakının tanınmış ilahiyyatçılarından biri deyir ki, vergilərdən yayınan, dövlət malını talan edənlərə qarşı belə 5-9 min manatlıq cərimələr tətbiq edilmədiyi təqdirdə təsbeh satanı bu şəkildə cəzalandırmağa ad vermək mümkün deyil: “Biri canamaz, Kəbə şəkli, yaxud qibləni göstərən kompas, xaç satmağa görə bu qədər sərt cəzalarla üzləşəcək, amma digəri mənəviyyatsızlığı təbliğ edən məhsulları sərbəst satacaq. Biri dini məzmunlu filmi satmaqda əngəllərlə üzləşəcək, digəri əxlaqsızlığı təbliğ edən filmləri rahatca yayacaq. Bunu necə izah edək? Quran satışı, yaxud çapına görə də 5-7 min manat cərimə olar? Əlbəttə, qanunvericilik bu məsələləri tənzim etməlidir, amma bu insanların dini haqlarının belə sərt şəkildə məhdudlaşdırılması hesabına olmamalıdır. Qanun tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir”.

İlahiyyatçı-alimin fikrincə, konstitusiyamız dini etiqad azadlığını tanıyır və bütün qanunlar, onlara edilən düzəlişlər onun tələblərinə cavab verməlidir: “Konstitusiyamız dini yaymaq hüququnu tanıdığı və dəstəklədiyi halda başqa bir qanunun buna görə 5 ilədək həbs, yaxud 5-9 min manat cərimə tətbiq etməsi nə dərəcədə düzgündür? Konstitusiyada qeyd edildiyi kimi, ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır”.

 

SÖZ AŞURA ANALARININDIR

Azərbaycan dini kəsimi dinc yolla mümkün müqavimətin sonunadək getdi. Ruhani tələbələr, ilahiyyatçılar, aktiv dindarlar şərlənərək həbs edildi. Bir ara sakitlik yarandı. Bu eynən Aşuradan sonrakı sükutu yada salır. Qanunsuz həbslərin ardınca fəal islamçı xanım Südabə İbrahimbəyli, AİP-sədri Hacxı Mövsümün xanımı, AİP Astara şöbəsinin sədri Ruhulla Axundzadənin həyat yoldaşı və qızı, Masallının tanınmış ilahiyyatçı Fəraməz Abbasovun bacısı və qızı, AİP qadınlar şurasının sədri Növrəstə İbrahimova, Azərbaycanın ilk şəhidi Hacı Kəblağa Quliyevin xanımı meydanı boş qoymadı. Çoxları bu xanımları Azərbaycanın Zeynəbləri sayır. Bu doğrudan da belədir.

Amma Zeynəblik vəzifəsi Azərbaycanda təkcə həbs edilən dindarların ailələrinə aid deyil. Bütün müsəlman, dindar xanımlar Hicab qadağası ilə mübarizəni başa çatdırmalı və bu hərəkatda Həzrət Zeynəbdən (s.ə) öyrənməlidirlər...

Bəşər tarixində insanlığa iftixar sayılacaq böyük və dəyərli şəxsiyyətlər var. Onlar şərafət və ləyaqətin qülləsinə ucalmışlar. Bu qəbil insanlar öz zəmanələrinin fövqündədir, onların həyatı tarixin səhifələrini işıqlandırır, həmişə həqiqət axtaran insanlar üçün böyük nümunədirlər. Bu insanlar özləri üçün yaradılmayıb. Onlar bəşəriyyətə, özlərindən sonrakı nəsillərə aiddirlər.

Həzrət Zeynəb (s.ə) bu zümrədə xüsusi yerə malik əzəmətli bir şəxsiyyətdir. O atası İmam Əlinin (ə), anası xanım Fatimənin (s.ə) ləyaqətli davamçısıdır. Müsibətlərlə dolu həyat yaşamış bu xanımın həyatında Kərbəla vaqiəsi diqqəti çəkir. Həzrət Zeynəb (s) böyük Aşura qiyamı və bu hadisənin gələcək nəsillər üçün missiyasında təyinedici rola malikdir.

Xanım Zeynəb (s) qardaşı Hüseynin şəhadətindən sonra tövhid missiyasını üzərinə götürüb qadınları və uşaqları himayəsinə aldı, aldanmış və qafil insanları Aşura həqiqətləri ilə tanış etdi.

Zeynəb Aşura anasıdır. Aşura İmam Hüseynin (ə) Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya ilahi tövhid səfərinin zirvə nöqtəsidir. Hicri-qəməri 61-ci ilin məhərrəm ayında baş verimş Kərbəla vaqiəsi bəşər tarixinin ən ibrətamiz hadisəsidir. Aşura günü İmam Hüseyn (ə) və onun silahdaşlarının müqavimətinə son qoyulduqdan sonra Aşura missiyasını xanım Zeynəb öz üzərinə götürdü. O, Aşura şüarlarını Kufəyə, Şama, Mədinəyə, səsi çatan hər bir nöqtəyə yetirdi. O üzücü hicrətlərlə haqqın batil üzərində qələbəsini, batilin çirkin simasını dünyaya tanıtdırdı.

Xanım Zeynəb (s) şücaətdə, fədakarlıqda, natiqlikdə, düşüncə və tədbirdə, rəhbərlikdə Peyğəmbər, Əli, Fatimə və Hüseyn məktəbinin yetirməsi idi. O bütün öyrəndiklərini səhnədə nümayiş etdirdi.

İmam Hüseyn (ə) qiyamının qələbəsi Zeynəbi-Kübrasız təsəvvür olunmur. Həzrət Zeynəbin (s.ə) Aşuradan sonra keçdiyi əsarət yolu İmam Hüseyn (ə) qiyamına əbədiyyət verdi.

Xanım Zeynəbin (s) adlarından biri də “Naibətul-Huseyn”dir. Bu ad xanım Zeynəbin əsil şəxsiyyətini, əsil insanlıq keyfiyyətlərini göstərir. Bu böyük qadın öhdəsinə düşən vəzifənin icrasında süstlük göstərmədi, gücü çatan qədər inqilabın ideyalarını dünyaya çatdırdı.

Mərhum Seyid Nemətullah Cəzairi xanım Zeynəbin məqamı haqqında deyir: “Xanım Zeynəbin məqamı imamət məqamına yaxın bir məqam idi. O bu məqama Kərbəlada, Aşura günü və ya Aşura gecəsi qardaşı tərəfindən təyin olunmuşdu.” İmam Hüseyn (ə) Aşura günü və ondan qabaq müxtəlif münasibətlərlə dəfələrlə öz bacısına vəsiyyət etmiş, tapşırıqlar vermişdi. Tapşırmışdı ki, onun şəhadətindən sonra səbirli olsun, düşməni sevindirəcək bir iş görməsin. İmam Hüseyn (ə) Kərbəla meydanında atdan yıxıldığı zaman Zeynəb dərhal özünü ona çatdırdı, özünü qardaşının üzərinə yıxıb fəryad çəkdi: “Doğurdanmı sən mənim qardaşımsan?!” Onun harayı İmamı ayıltdı və İmam buyurdu: “Bacım, səbr et.” Demək, İmam Hüseynlə (ə) ünsiyyətdə olan son şəxs, onun tövsiyələrini eşidən şəxs xanım Zeynəbdir.

Xanım Zeynəbin xüsusiyyətlərindən biri də zalımlarla mübarizə meydanında fəal olmasıdır. Haqqı batildən seçdiyi, özünü tanıdığı gündən Zeynəb səhnədə oldu. O sanki Kərbəladan sonrakı səfərə hazırlaşırdı. Bu vəzifə Hüseyn karvanını məqsədə çatdırmaq idi. Zeynəb atasının 25 illik xanənişin həyatının tamaşaçısı idi. O atasının üzücü savaşlarına, nəhayət şəhadət səhnəsinə şahid idi.

Xanım Zeynəb (s.ə) qardaşı İmam Həsənin (ə) hiyləgər, riyakar, zalım Müaviyə ilə qarşıdurmalarını da anbaan müşahidə edirdi. Zeynəb dünya malına xatir Həsəni tənha qoyub Müaviyəyə qoşulanların rəzalətinə şahid idi.

Amma onun İmam Hüseynlə (ə) Kərbəla hekayəti başaqa hekayətdir. Bu səhnədə Zeynəb oxlara hədəfdir. O həm ən yaxın insanların şəhadətinə dözməli, əsarətinə səbir etməli, həm də bu cihadı davam etdirməli idi. Onun mühüm vəzifələrindən biri İmam Səccadı (ə) qorumaq idi. Zeynəb həm də qafil cəmiyyəti oyatmalı idi.

Zeynəb Kərbəlaya qarşı hansısa iftiranı cavabsız qoymaq gücündə deyildi. O bütün yalanları yerindəcə oda çəkirdi.

Zeynəbin ata-babalarına bənzər xüsusiyyətlərindən biri də onun mərhəmət və qəzəb arasında düzgün mövqe seçməsi idi. O eynən babası Peyğəmbər (s), atası Əli (ə), qardaşları kimi cihad məqamında amansız, ibadət məqamında müti idi. Zeynəb bəşər tarixinin bütün qadınlarından fərqli xüsusiyyətlərin daşıyıcısı idi. Onun Kərbəla səhnəsi qarşısında mətanətlə dayanıb özünü itirməməsi qadın üçün misli görünməmiş xüsusiyyətdir.

Aşura gecəsi İmam Hüseyn (ə) öz qılıncını təmizləyə-təmizləyə bir şeir zümzümə edirdi. Zeynəb dərhal ağlamağa başladı, sonra özündən getdi. Bu həmin Zeynəbdir ki, bütün əsarət yolunda gözündən bir damla yaş gəlmir. O hətta İmam Səccada təsəlli verir. O elə bir həddə hicablıdır ki, kimsə onu simasından tanımaz. Ən yaxınları belə Zeynəbi üzdən tanımaqda çətinlik çəkər. O,babası Peyğəmbərin (s) ziyarətinə yalnız gecələr, ata və qardaşlarının mühafizəsində gedərdi. Həmin bu Zeynəb Aşurada və Aşuradan sonra Kufə meydanında izdiham içində öz fəryadı ilə qəlbləri silkələyir. Uzun müddət səsini kimsə eşitməmiş bu qadının səsini çıxaran öhdəsinə düşmüş ilahi məsuliyyətdir.

İnsanlar çəktinliklərlə, sınaqlarla qarşılaşdıqları zaman özlərini itirirlər. Xanım Zeynəb azsaylı övliyalardandır ki, böhranlı məqamlarda şəriət ölçülərindən bir addım belə kənara çıxmayıb.

Xanım Zeynəb (s.ə) Aşuradan sonra çox yaşamadı. Amma həmin qısa müddətdə təlatüm yaradıb tarixin yolunu, hətta hakimiyyət dairələrində düşüncələri dəyişdi. Düşmənin Aşura hadisəsi ilə bağlı gözdağına “mən gözəllikdən başqa bir şey görmürəm” deməklə cavab verən bu böyük xanım hicri-qəməri 62-ci il rəcəb ayının ortalarında dünyasını dəyişdi.

Ey Azərbaycan məmləkətinin qəhrəman Zeynəbləri! Allah yolunda həbslər, təqiblər, təhqirlər, ürək ağrıları Kərbəla səhnəsi kimi gözəldir. Haray çəkin, qoy bu gözəlliyi bütün xalq görsün! Bu gün onlarla inanclı insanı ailə-övladından həbsxana divarları ayırır. Dünya boyu uçurulan həbsxana divarlarının Azərbaycan sonluğu!

HaqqYolu

  • Yazılıb
  • da (də) 2011 Nov 09