Tarix : 2011 Nov 11
Kod 26517

“WikiLeaks” əliyevlərin sirlərini açmaqda davam edir

«General Rail Rzayevi hakimiyyətdaxili qruplaşmalardan birinin öldürtdüyü versiyası daha inandırıcıdır»
well/Aran agentliyi

 

 

Əhli Beyt -ABNA- xəbər agentliyi “WikiLeaks” saytının Azərbaycanla bağlı açıqladığı məxfi məktubların dərcini davam etdirir. Vaşinqtona ünvanlanan məxfi teleqramlardan daha biri ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersiyə aiddir. Diplomatın 2008-ci il sentyabrın 26-da Vaşinqtona yazdığı məktubda BMT-nin narkotiklərə qarşı mübarizə proqramının regional mərkəz təmsilçilərinin ABŞ səfirliyinin əməkdaşları ilə keçirilən görüşündən bəhs edilir.

 

Dersi Azərbaycandan ötürülən narkotiklər barədə

Enn Dersi yazır ki, BMT-nin regional mərkəzinin Bakı təmsilçiliyinin hesabatına görə, Iran ərazisindən Azərbaycana daxil olan narkotik maddələrin həcmində artım müşahidə olunub. Azərbaycan hökumətinin apardığı işlər nəticəsində ələ keçirilən narkotik maddələrin çəkisi 250 kiloqrama çatıb. Lakin bu, Irandan Azərbaycana daxil olan narkotik maddələrin yalnız 5 faizini təşkil edir. Irandan Azərbaycana daxil olan narkotik maddələrin 95 faizinin hamısı Avropa bazarlarına çatıb.

 

2008-ci il, İlham Əliyevin sönük seçkisi

“WikiLeaks”in açqıladığı növbəti məxfi teleqramın müəllifi də Enn Dersidir. Amerikalı diplomatın 2008-ci il 3 oktyabr tarixli gizli məktubunda prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasından bəhs olunur. Dersi həmin teleqramda yazır ki, sentyabrın 17-də başlanan seçki kampaniyasına hazırkı ölkə başçısı Ilham Əliyev və digər 6 namizəd qatılıb: “Namizədlərin aparıcı şüarları və proqramları əsasən parlamentin səlahiyyətlərinin artırılması, korrupsiyaya qarşı mübarizə və Qarabağın azad olunmasıyla bağlıdır. Digər 6 namizəddən heç biri hazırkı ölkə başçısı Ilham Əliyevə alternativ olmaqda maraqlı görünmürlər. Beş müxalifət lideri isə seçkilərin bərabərhüquqlu və ədalətli mübarizə şəraitində keçirilməyəcəyini əsas gətirərək seçkiləri boykot etmək barədə qərar verdilər. Siyasi şərhçilər seçki prosesinin sönük keçdiyini və aparıcı müxalifət təmsilçilərinin seçkilərə qatılmadığını əsas gətirərək səsvermə günü seçicilərin 30 faizinin məntəqələrə gələcəyini, seçici fəallığının 30 faizdən yuxarı olmayacağını bildirir. Onlarin fikrincə, seçici fəallığının rəsmi rəqəmlərdə süni şəkildə artırılacağı şübhəsizdir”.

Səfir daha sonra qeyd edir ki, çətin seçki kampaniyası və müxalifət liderlərinin prosesə qatılmaması seçki rəqabətinin aşağı olmasına yol açıb. Namizədliyini irəli sürmüş 6 siyasətçidən heç biri real alternativ irəli sürmür. Onların təkliflər paketi, tənqid hədəfləri konkret və çoxşaxəli deyil. Analitiklər seçkilər zamanı istənilən fırıldaq və saxtakarlığın baş verəcəyini əminliklə söyləyirlər.

 

Səfirin məktubunda Rail Rzayevin ölüm versiyaları

Enn Dersinin 2009-cu il 13 fevral tarixli məxfi teleqramında isə müdafiə nazirinin müavini, hərbi hava qüvvələrinin komandanı Rail Rzayevin qətlinə dair qeydlər yer alır. Amerikalı diplomat general Rzayevin qətliylə bağlı irəli sürülən versiyalara toxunub: “Generalın öldürülməsiylə əlaqədar müxtəlif versiyalar gündəmə gəlib. Rauf Mirqədirov kimi siyasi şərhçilər Rzayevin qətlində Rusiyanın əlinin olduğunu ehtimal edir. Onun fikrincə, Rusiya generalın qətliylə Azərbaycanda ictimai sabitliyi pozmaqda maraqlı ola bilər”.

HHQ-nin komandanının qətliylə bağlı ikinci ehtimala toxunan Enn Dersi qeyd edir ki, bu, Rzayevin şəxsi biznes maraqlarına görə öldürülməsidir. Bir neçə diplomatik mənbə Rail Rzayevin hərbi hava qüvvələrinin texniki təchizatında apardığı uğursuz “islahatar” üzündən sui-qəsdə uğradığını söyləyir. Diplomat daha sonra yazır ki, hələ 2004-cü ildə yayılmış xəbərlərdə Rail Rzayevin hərbi hava qüvvələrinin əmlakından şəxsi maraqları naminə istifadə etdiyi deyilirdi.

Rail Rzayevin qətliylə bağlı daha geniş yayılan iddiaya istinad edən Enn Dersi həmin ehtimalın daha inandırıcı olduğunu yazır: “Sonuncu ehtimal isə daha çox inandırıcı görünür. Generalın hakimiyyətdaxili qruplaşmalardan birinin və ya yüksək vəzifə daşıyan şəxsin göstərişi ilə öldürülməsi versiyası digər iddialarla müqayisədə daha inandırıcıdır. Onun qətlə yetirilməsi prosesi və zərərçəkmişin hərəkət qrafikinin dəqiq seçilməsi qətli sifariş verən və ya verənlərin hökumət daxilində yüksək səviyyəli mənbələrə sahib olduğuna işarədir. Bəzi iddialarda isə Rzayevin qətlinin arxasında ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dayandığı söylənilir. Onun hökumət daxilindəki reputasiyası, eləcə də cəmiyyətdə formalaşan imici generalın qətlində Heydərovun adının daha çox hallanmasına yol açıb”.

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Nov 11