Vəkillər məhkəmənin istintaqla keçirilməsi barədə vəsatət qaldırsalar da hakim qəbul etmədi
well/Aran agentliyi
Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin Ağır Cinayətlərə dair Məhkəmədə onlara verilən hökmlə bağlı verdikləri apellyasiya şikayətinə baxıldı.
Məhkəmənin tərkibi elan olundu. Məhkəmənin sədri Həsən Əhmədovun özünü və hakimlər Mirpaşa Hüseynov, Elxan Süleymanov təqdim etdikdən sonra iclas başladı. İlk öncə təqsirləndirilən şəxslərin ittiham olunduqları maddələr oxundu.
Xatırladaq ki, Eldar İsmayılovun hakimlik etdiyi məhkəmədə Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov 12 il, Firdovsi Məmmədrzayev 10 il, əmisi oğlu Dəyanət Səmədov 10 il, partiyanın sədr müavini Vaqif Abdullayev 11 il, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə 11 il 6 ay, Seyyid Fəramiz 11 il azadlıqdan məhrum edilib. Zülfüqar Mikayılzadəyə isə 5 il sınaq müddəti olmaqla 5 il şərti hökm oxunmuşdu.
Sonra Dəyanət Səmədovu vəkil Həbib Əliyev, Mövsüm Səmədov, Rufulla Axundov və Vaqif Abdullayevi vəkil Anar Qasımlı, Zülfüqar Mikayılzadəni vəkil Rüstəmov, Fəramiz Abbasovu vəkil Mənsim Bayramov və Firdovsi Məmmədrzayevi vəkil Şəfa Camalzadənin müdafiə edəcəyi bildirildi.
Hakim Həsən Əhmədov bu gün tanışlıq məhkəməsi olduğunu vurğulayaraq, vəsatətlə çıxış etmək istəyənlərə söz verdi.
İlk olaraq Dəyanət Səmədovun vəkili H.Əliyev vəsatətlə çıxış edərək bildirdi ki,əvvəlki məhkəmədə şahidlər bir-birlərinə zidd ifadə veriblər: «Məscidin axundu Hacı Nail başda olmaqla bəzi şahidlər isə ümumiyyətlə dindirilməyib. Bu səbəbdən onların yenidən məhkəməyə dəvət edilməsi barədə vəsatət verirəm».
Daha sonra vəkil Anar Qasımlı isə çıxışında birinci instansiya məhkəməsində olan ekspertiza rəyinə münasibətini bildirdi: «Ekspertiza rəyi verənlərin heç birinin buna səlahiyyəti çatmırdı. Fizioloq, filoloq və psixoloq çıxışın dövlət çevrilişinə aid olması barədə rəy verə bilməz».
O, müdafiə etdiyi şəxslərdən Vaqif Abdullayevə qarşı məhkəmə müddətində heç bir dəlil-sübut göstərilmədən 11 ill müddətinə azadlıqdan məhrum edildiyini bildirdi: «Bu qədər cəza vermələri isə onunla izah ediblər ki, MTN onun barəsində məktub göndərib və ona qarşı müvafiq cəza verilməsini məqsədəuyğun sayıb. Biz aydınlaşdırmalıyıq ki, hansı faktlar və sübutlardır ki, bu cəzanı məqsədəuyğun sayır».
Vəkil müdafiə etdiyi Rufulla Axundova qarşı da ədalətsizlik olduğunu bildirdi: «Gələn şahidlərin heç birinin ifadəsi təsdiq olunmayıb. Təsdiq olunmayan ifadələrlə isə hökm çıxarılıb».
Anar Qasımlı son olaraq məhkəmənin istintaqla keçirilməsi barədə vəsatət qaldırdığını bildirdi.
Daha sonra söz Fəramiz Abbasovun vəkili Mənsim Bayramova verildi: «Mən bu məsələdə yeni olsam da, iş materialları ilə tanışlıqdan sonra bundan əvvəlki məhkəmənin qərarının yanlış olduğunu gördüm. Əlavə şahidlərin dəvəti bir yana qalsın, ittihamın öz şahidi müdafiə etdiyim şəxsin üzünə durmayıb və aldadıldıqlarını, Fəramiz Abbasovu da tanımadıqlarını bildirib. Məhkəmə isə nə üçünsə onların istintaqa verdiyi ifadə ilə kifayətlənib. Beləliklə də kobud prosedur pozğunluğuna yol verilib».
Firdovsi Məmmədrzayevin vəkili Şəfa xanım da eyni dəlillərlə çıxış etdiyini bildirdi: «Müdafiə etdiyim şəxsin təqsiri yalnız bir şahidin sözü ilə sübut olunmuş sayılıb. 1 nəfərə görə isə 10 il müddətinə azadlıqdan məhrum etmək absurddur. Bu həmçinin 6-cı konvensiyanın pozulması deməkdir».
Zülfüqar Mikayılzadənin vəkili Rüstəmov digərlərinin vəsatəti ilə razılaşdığını bildirdi. Sonra söz müttəhimlərə verildi.
Rufulla Axundzadə ev dustaqlığı ilə əvəz olunmasını istədi.
Fəramiz Abbasov onlara mülahizələrlə iş kəsildiyini bildirdi: «Amma məhkəmə divarlarında iri hərflərlə yazılıb ki, məhkəmənin gedişatı mülahizələrə söykənməməlidir».
Vaqif Abdullayev isə son günlər səhhətinin pisləşdiyini bildirdi: «Gedib yoxlaya da bilərsiniz. Elə bir gün yoxdur ki, tibb məntəqəsində yoxlanışdan keçməyim. Bu səbəbdən qəti –imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirəm».
Söz dövlət ittihamçısına verildi. O, vəsatətlərin müdafiə xarakteri daşıdığını bildirərək, əsassız olduğunu dedi.
5 dəqiqəlik fasilədən sonra hakim vəsatətin təmin olunmadığını bildirərək, növbəti məhkəmənin dekabrın 1-i, saat 15.00- a təyin olunduğunu dedi.
Faktxeber