well/Aran agentliyi
Nardaran kəndi üzərindən uzun müddətdir ki, soyuq ruzigarlar əsir. Sakinlərin dəfələrlə etdikləri müraciətlərə, keçirdikləri aksiyalara baxmayaraq qəsəbənin sosial problemləri öz həllini tapmır ki, tapmır. Son illər isə bu problemlərin üzərinə daha biri əlavə olunub - işıq pulu borcu. Hökumət isə problemləri həll etmək əvəzinə daha sərt tədbirlərə əl atmaqdadır. Dünən kənd əhlinin qayğıları ilə yerində tanış olmaq üçün Nardaranda olduq.
Sakinlər hökumətin onlara qarşı ögey münasibətinin hələ də davam etdiyini dedilər. Səlahiyyətli qurumlar isə nardaranlıları işıq pulu verməməkdə suclayır. Qəsəbə sakinlərinin dediyinə görə, ağsaqqalların yerli hakimiyyətlə apardıqları danışıqlardan sonra elektrik enerjisinin verilişi bərpa edilib. “İki ildir ki, evlərə elektrik sayğacları quraşdırılıb. Di gəl ”Bakıelektrikşəbəkə" camaatın kasıb vaxtında ondan sayğac pulu tələb edir. İşıq idarəsinin rəhbərliyi üstümüzə xeyli borc yazıb. Borcun ödənməməsinin əsas səbəbi isə kasıbçılıqdır" - deyir sakinlər.
Söhbət əsasında məlum oldu ki, ailələrini zorla dolandıran nardaranlılar işıq və digər kommunal xərcləri ödəməkdə həqiqətən çətinlik çəkirlər. Sakinlər onu da bildirdilər ki, hakimiyyətdə olan bir sıra məmurlar onları təxribata çəkmək istəyir. Kənd ağsaqqalı İslaməli Əliyevin sözlərinə görə, əvvəllər də kənddə işıq pulunun ödəmə faizi aşağı olub, amma heç vaxt kəndin işığı kəsilməyib. Ötən ildən isə vəziyyət dəyişib: “Kəndin yarısı xəstədir. Hər ay 20 manat işıq pulu veririk. Kəndə qaz verilmir. Belə görünür bəzi məmurlar bizi təxribata çəkmək istəyirlər”. Narazı sakinlər qəsəbədən deputat seçilmiş Eldar Quliyevin fəaliyyətindən də gileyləndilər: “Eldar müəllim bir dəfə də olsun kəndə gəlməyib. Kənddə heç onu tanıyan yoxdur. Yaxşı olar ki, problemlərimizin həllində o da bizə yardımçı olsun”.
Kənd Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimovla kəndin mərkəzində yerləşən Ağsaqqallar Şurasının qərargahında görüşdük. N. Kərimov bildirdi ki, edilən müraciətlərə baxmayaraq kənddə işıq problemi hələ də öz həllini tapmayıb: “Apardığımız araşdırmalardan məlum olub ki, kənddə abonentlərin sayı göstərilənlərdən xeyli azdır. Bir sözlə, işıq idarəsi yaranmış vəziyyətdən istifadə edərək pul silməklə məşğuldur. Ötən ay 32 min manata yaxın pul ödəmişik. Amma yenə bizdən əl çəkmirlər. Qonşu kəndlərin də borcu var. Amma onların işıqlarını kəsmirlər. Bizim kənd həmişə haqsızlığa qarşı barışmaz olub. Müstəqil Azərbaycan dövlətinin qurulmasında yaxından iştirak etmişik. ”20 Yanvar" hadisələrində ilk olaraq qərənfil gülü bizim kəndən aparılıb. Vaxtilə bu kənddə də əhalinin sosial durumu yaxşı olub. Müharibə illərində nardaranlılar Qarabağ rayonlarına yardım edib. 90-cı illərin əvvəllərində kəndimiz 3 min qaçqını himayə edib. Zəlzələ zamanı qonşu İrana yardım etmişik. İndi vəziyyətimiz ağırdı. Heç işıq pulu borcunu ödəyə bilmirik. Kasıb duruma düşmüşük".
Məşədi Natiqin sözlərinə görə, sovet hakimiyyəti dövründə əhalinin böyük bir qismi sovxozda çalışıb: “Bundan əlavə, Nardaranda xalçaçılıq sexi fəaliyyət göstərib. Torpaq islahatından sonra Nardaranda sovxoz ləğv edilsə də, əhaliyə az miqdarda torpaq sahəsi paylanılıb. Di gəl, camaat indiyədək mülkünü sənədləşdirə bilməyib. Nardaranda əksər evlər sənədsizdir. Digər Bakı kəndlərində olduğu kimi, Nardaran əhalisinin də dolanışığı istixanalardan çıxır. Lakin kəndə təbii qazın verilməməsi və elektrik enerjisinin tez-tez kəsilməsi səbəbindən çox az adam istixanalarda tərəvəz becərir.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara Yardım Fondu əkinçiliyi inkişaf etdirilməsi məqsədilə əhaliyə kredit verəcəyinə söz vermişdi. Amma arxası gəlmədi. Çəmi bir necə adam kredit aldı. İndi isə gəlib verdikləri pulları geri istəyirlər. həmin pullar hesabına tikilən istixanaları bu yaxınlarda külək məhv edib. Kəndin ən böyük bəlası işsizlikdir. Kənddə 150-yə yaxın ali təhsilli gənc var. Hamısı işsizdir. 8 min əhalinin cəmi 100 nəfəri işləyir. Bizə qarşı aparılan əks-təbliğatdan sonra biznesmenlər də nardaranlıları işə götürməkdən imtina edirlər. Bundan əlavə, yoxsul kənd sakinləri nə sosial yardım alır, nə də işsizliyə görə kompensasiya. Xəstələrin əksəriyyəti əlillik dərəcəsi ala bilmir. Çünki müvafiq qurumlar bunun üçün rüşvət tələb edir. Qəsəbə bələdiyyəsinin fəaliyyəti nəzərə çarpmır. Vəziyyətlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovla, “Bakıelektrikşəbəkə”nin prezidenti Baba müəllimlə də görüşmüşük. Amma nə mənası. İndi işıq idarəsi bizdən sayğac pulu tələb edir. Bu, tam qanunsuz məsələdir".
Məşədi Natiq sonda işıqların kütləvi keçiriləcəyi təqdirdə əhalinin aksiyalara başlayacağını da istisna etmədi.
musavat.com