Tarix : 2011 Nov 17
Kod 26665

Yeni qanun layihəsi Şeyxin özünə də tətbiq olunacaqmı?

ölkənin nüfuzlu ruhaniləri İlham Əliyev, Vasif Məftullayev yeni qəbul edilən qadağalara etiraz ediblər
well/Aran agentliyi

 

Bildiyiniz kimi Milli Məclis İslami təbliğatı hədəfə alan qanun layihəsini qəbul edib. Belə ki, artıq bundan sonra xaricdə dini təhsil alan tələbələr dini mərasim və ya hər hansı bir təbliğat apardıqlarına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Yeni qanun layihəsi ilə bağlı "FaktXeber"-ə açıqlama verən ölkənin nüfuzlu ruhaniləri İlham Əliyev, Vasif Məftullayev yeni qəbul edilən qadağalara etiraz ediblər.

Məftullayev Vasif:  "Yeni qanun layihəsinin qəbul olunmasına mövqeyim mənfidir. Məsələyə bir ruhani kimi yox, qeyri-ruhani kimi baxsaq belə yeni qanun düzgün hesab olunmur. Bu qadağa niyə məhz islam dininə aid olan şəxslərə aiddir. Xaricdə təhsil alan hər bir şəxs Azərbaycan dövləti və milləti üçün əgər təhlükəlidirsə və ya gələcək də təhlükə doğuracaq bir insan sayılırsa, bu bütün sahələrdə mövcud ola bilər. Ola bilsin ki, qeyri-dini sahə üzrə xaricdə təhsil alan tələbələr təhsil aldıqları ölkələrin əli ilə dövlətin əleyhinə qaldırılsın. Əgər qadağa varsa, bu qeyri-dini sahədə təhsil alan şəxslərə də şamil olunmalıdır. Digər tərəfdən isə belə bir qadağa olsa, onda Azərbaycan Şeyxinə də gərək tətbiq edilsin. Ona görə ki, cənab Şeyx özü də xaricdə təhsil alıb. Hal-hazırda bizim bir çox tanınmış ruhanilərimiz, Qafqaz Müsəlmanları Ruhani İdarəsində olan qazilər və bir çox mötəbər axundlarımızın hamısı bir nəfər kimi  xaricdə təhsil alıblar. Çünki, sovetlər dönəmində ölkədə elə bir dini təhsil olmayıb ki, kimsə oxuyaraq axundluq dərəcəsinə çatsın. Ruhanilərin hamısı ölkədən xaricdə təhsil alıblar. Qanun tətbiq olunduqdan sonra, adını çəkdiyimiz ruhanilərə də aid olacaq ya, yox? Dövlət bu suala da cavab verərək aydınlıq gətirməlidir. Əgər cavab belə olsa ki, bu qanun layihəsi ancaq sovetlər ittifaqı dağılandan sonra təhsil alan şəxslərə şamildir, onda belə bir cavab qanunun qərəzli olmasından xəbər verəcək. Digər tərəfdən belə bir addım hakimiyyətin islamın üzərinə yeriməsi və şəxsi qərəzliyi kimi qiymətləndiriləcək. Xaricdə təhsil almış tələbələr əgər doğrudanda vətənpərvərdirsə, Azərbaycanın çörəyini yeyib torpağında böyüyüb boya-başa çatıbsa o, heç vaxt xalqı və milləti üçün təhlükə doğuracaq insan sayıla bilməz. Xüsusilə  də ruhanilər."

İlham Əliyev: "Əvvəla bunu demək lazımdır ki, bu qanun qərəzli bir niyyətlərlə qəbul olunub. Əgər ölkədə təhsil almış ruhanilərin fəaliyyət göstərməsini istəyirlərsə bu çox absurd bir məsələdir. Necə olur ki, başqa sahələr üzrə xaricdə təhsil almış tələbələr ölkənin öndə gedən ləyaqətli şəxsləri hesab olunurlar, amma dini məsələlərə gəldikdə isə məhz Azərbaycanda təhsil almış şəxslərin təbliğ etməsinə icazə verilir. Bu baxımdan, qəbul olunmuş yeni qanun layihəsi tam qərəzli və məkrli niyyətlərlə qəbul olunduğu göz qabağındadır. Yeni qanun layihəsinə islami dəyərlər və hədislərlə qiymət vermək istəsək, bunu deyə bilərik ki, islam üçün heç bir sərhəd yoxdur. İslamin məntiqi budur ki, hər yerdəki elm var, hər bir kəsə vacibdir ki, həmin elmin dalınca getsin və bundan sonra əldə etdiyi elmi öz ölkəsinə gətirərək insanlara öyrətsin. Bunu təkcə islami dini yox, sağlam insan məntiqi və ağılı da təsdiqləyir. Yeni qanun layihəsi sağlam düşüncənin əleyhinə yönəlmiş bir qadağadır. Bu qanun layihəsinin ölkədə tətbiq olunması qeyri-mümkündür."

  • Yazılıb
  • da (də) 2011 Nov 17