Tarix : 2011 Nov 21
Kod 26718

Rafiq Tağını bıçaqladılar; vəziyyəti ağırdır

Yazıçının 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar
عادلی/Aran agentliyi

 

Yazıçının 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar

Noyabrın 19-u axşam saatlarında yazıçı Rafiq Tağı işdən çıxarkən bıçaqlanıb. Bu barədə ilk məlumatı "Kulis.az" “Alatoran” jurnalının baş redaktoru Rasim Qaracaya istinadla yayıb. İlkin məlumatda deyilirdi ki, naməlum adamlar ona dayanacaqda hücum edərək boynundan və kürəyindən bir neçə bıçaq zərbəsi endirirək qaçıblar. 

Rafiq Tağı bıçaqlandıqdan sonra evə özü gedib, daha sonra təcili yardım çağıraraq onu 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə aparıblar.

Yazıçıya 5-6 bıçaq zərbəsi endirilib. Onlardan bir neçəsi Rafiq Tağının qarın nahiyəsinə dəyib. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb. Yazıçı çox qan itirdiyindən ailə üzvləri ona qan veriblər. Onun üzərində əməliyyat bir neçə saat çəkərək, noyabrın 20-i səhər saat 6 radələrində başa çatıb. Rafiq Tağını cərrahiyə şöbəsindən reanimasiya şöbəsinə keçiriblər.

Əməliyyatda iştirak edən cərrahlardan biri, Abbas Abbasov "Azadlıq" radiosuna bildirib ki, ölüm təhlükəsi olmasa da Rafiq Tağının vəziyyəti kifayət qədər ağırdır. Bunun əsas səbəblərindən biri odur ki, xəstə çoxlu qan itirib. Çünki hücumdan sonra özü evə gəlib, telefonla danışıb və bütün bu müddət ərzində bədənində güclü qanaxmalar olub.

Cərrah deyib ki, əməliiyat çox gərgin olub. Çünki xəstənin bədənində 6 bıcaq deşiyi var. Bu yaralar kifayət qədər ağır zədələr törədib. Onun 2 qabırğası sınıb, mədəsi, diafraqması zədələnib, dalağını isə ümumiyyətlə çıxartmağa məcbur olublar. Rafiq Tağının vəziyyətinin ağır olduğunu bildirən Abbasov, daha çox diafraqmanın zədələnməsindən qayğılandığını deyib. "Onu suni nəfəs sistemindən ayırandan sonra vəziyyətə daha aydın qiymət vermək mümkün olacaq" - deyə Abbasov əlavə edib.

Hadisə ilə bağlı polisdən hələlik hər hansı açıqlama verilməyib. Polis əməkdaşları onun ailə üzvlərini dindiriblər və hadisə baş verən ərazini araşdırıblar.

  • Yazılıb
  • da (də) 2011 Nov 21