Tarix : 2011 Nov 25
Kod 26801

Nato Azərbaycanı buraxıb, Ermənistanı tutdu

Rəsmi Bakı proqramlardan kənarlaşdırılır, İrəvanla əməkdaşlıq gücləndirilir
g/arannews

 

Azərbaycanla əlaqələrində problemlər yaşandığı bir vaxtda NATO Ermənistanla əməkdaşlığı gücləndirir.

Simsar.az-ın məlumatına görə, NATO üzv dövlətlər məqsədli şəkildə Azərbaycanı bu qurumla əməkdaşlıqdan uzaqlaşdırırlar.

Şimali Atlantika Bloku tərəfindən yaradılan Beynəlxalq Ekspertlər qrupu hərbi təhsil sahəsində islahatlara dəstək məqsədilə 23-26 noyabr tarixlərində İrəvana səfər edəcəklər. Ekspertlər qrupunda ABŞ, Kanada, Litva, Rumınya, İsveçrə ilə yanaşı NATO-nun hərbi və mülki zabitləri də təmsil olunurlar.  

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətindən NEWS.am-a verilən məlumata görə, səfərin ilk günü Ermənistan Müdafiə Nazirliyinin inzibati binasında təşkil edilən genişlədilmiş formatlı iclas müdafiə naziri Seyran Ohanyan və Təhsil, Elm naziri Armen Aşotyan başçılığı altında keçiriləcək.

Beynəlxalq Ekspertlər qrupu və ABŞ səfirliyinin nümayəndələrinin iştirakı ilə keçiriləcək iclasda Ermənistan Müdafiə Nazirliyi Strateji Araşdırmalar İnstitutu və Milli Müdafiə Universitetinin yaradılması layihələri müzakirə olunacaq.

S.Ohanyan, Ermənistanın strateji səviyyədə hərbi və müdafiə təhlükəsizliyi üzrə təhsil həyata keçirən belə bir elm-təhsil qurumunun yaradılmasına əhəmiyyət verdiyini deyib. Nazir ABŞ-lı partniyorların bu layihəyə önəm verdiklərini bildirib.  

NATO ilə Ermənistan arasında bir sıra hərbi tədris proqramı gerçəkləşəcək, bundan başqa rəsmi İrəvan Sülh Naminə Tərəfdaşlıq Proqramında fəal iştirak edəcək. 

Bu arada Azərbaycan tərəfi NATO ilə əməkdaşlıqda bir sıra problemlərin olduğunu bəyan edib. Xarici işlər nazirinin müavini Araz Əzimov bu gün jurnalistlərə açıqlamasında deyib ki, bir-iki NATO ölkəsi Azərbaycana qarşı qərəzli mövqe tutur: "Bu vəziyyət isə bizim əl-qolumuzu bağlayır”
Əzimov bildirib ki, plan təsdiq edilmirsə, əməkdaşlığın davam etdirilməsi proqramdan asılı olaraq yubanır: “Bu məsələ bir neçə aydır, ləngiyir. Biz buna görə narahatıq. NATO-da bizə qarşı bu mövqenin davam etməsini istəməzdik”.

  • Yazılıb
  • da (də) 2011 Nov 25