Tarix : 2011 Nov 26
Kod 26839

«The Independent» Azərbaycan rəhbərini diktator adlandırdı

İlham Əliyev 2003-cü ilin avqustunda 30 il hakimiyyəti əlində saxlayan atasının imzası və istəyi ilə Azərbaycanın baş naziri postuna gətirilib
well/Aran agentliyi

 

Avropanın və Böyük Britaniyanın nüfuzlu qəzetlərindən biri “The Independent” bir neçə gün öncə “Populus” araşdırma qrupunun Azərbaycanda keçirdiyi sorğunun nəticələriylə bağlı məqalə dərc edib. Əlavə edək ki, həmin sorğunun nəticələrində Azərbaycanda rəyi soruşulan 1000 nəfər respondentin 95 faizinin hazırki ölkə başçısı Ilham Əliyevə etimad göstərdiyi vurğulanırdı. “The Independent” qəzetində dərc olunan “Kameronun sevimli sosioloqları diktatora 96 faiz səs yazdı” başlıqlı məqalədə ironik ifadələr, məqamlar yer alır. Məqaləni kiçik ixtisarla təqdim edirik...

Rəhbəri hazırda Dauninq stritdə Devid Kemeronla çiyin-çiyinə işləyən, hökumətin sevimli sosioloji şirkətlərindən biri baş nazirə ictimai fikrə nəzər yetirmək imkanı yaradır. Keçmiş sovet respublikasının rəhbərini isə qorxu siyasəti yürütməkdə və başqa cür düşünənləri həbs etməkdə ittiham edirlər. Xəzər Informasiya Mərkəzi adlı qrupun sifarişi və maliyyə dəstəyiylə “Populus” şirkətinin keçirdiyi sorğunun nəticələri və Ilham Əliyevə etimadın qiymətləndirilməsi Devid Kameronun arzu etdiyi kimi təqdim olunub. Sentyabrda 1000 azərbaycanlı ilə aparılan sorğu göstərib ki, hazırkı ölkə başçısı Ilham Əliyev 96 faiz dəstək qazanıb. Respondentlərin yalnız 2 faizi onun əleyhinə olub, 2 faiz isə sorğuda qoyulan suala cavab verməyə çətinlik çəkdiklərini, yaxud sorğuda iştirakdan imtina etdiklərini bildiriblər.

Sorğuyla bağlı müəmmalı sual ortaya çıxır: Sorğuda iştirak edənlər Əliyevin əleyhinə danışacağı təqdirdə bunun nəticəsindən narahat olublar, yoxsa ölkədəki iqtisadi artım və siyasi sabitliyə heyran qalıblar? 95 faiz Əliyevə etimad göstərib, 79 faiz isə hesab edir ki, Azərbaycan “düzgün yoldadır”. Xatırlatma edək ki, Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçilin ən yüksək reytinqi 1942-ci ildə 93 faiz olub.

Sorğunun tam nəticələrini analiz edəndə azərbaycanlıların cavabları adamı heyrətə gətirir. Sorğuda iştirak edən 1000 nəfərdən 32 faizi işsizdir və 4 nəfərdən biri hesab edir ki, gündəlik istifadə etmək üçün əyin-baş almaq böyük problemdir. “Times” jurnalı üçün ictimai rəy sorğularının keçirilməsi ilə məşhur olan “Populus” son vaxtlar sürətlə böyüyür, bu da qismən onun mühafizəkarlarla sıx əlaqələrinə görədir.

Fevralda Devid Kameron “Populus”un direktoru Endryu Kuperi özünün siyasi strategiyalar üzrə direktoru təyin edib. Qafqaz Informasiya Mərkəzinin sorğusunun nəticələrinə əlavə edilən press-relizdə deyilir ki, “Populus” şirkətinin işi Mühafizəkarlar Partiyası üçün həyata keçirilib.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı dünya ictimaiyyətini korrupsiyaya etiraz edənlərin həbs olunduğu və daim fiziki-mənəvi təzyiqlərlə üzləşən, müstəqil mətbuatın susdurulduğu Azərbaycanda insan haqlarının pozulmasına “göz yummamağa” çağırıb. Ilham Əliyev 2003-cü ilin avqustunda 30 il hakimiyyəti əlində saxlayan atasının imzası və istəyiylə Azərbaycanın baş naziri postuna gətirilib. Hakimiyyət Azərbaycanın Qərbdə imicini yaxşılaşdırmaq üçün “BBC World”-da parlaq reklamlara, jurnalist və deputatların səfərlərinə milyonlarla dollar sərf edir. Amma Azərbaycanda çox az adam Ilham Əliyevi tənqid etməyə cəsarət tapır. Yalnız korrupsiyanın geniş yayıldığı hökumətdə bağlı qapılar arxasında dərin şəxsi ehtiras var və nəhəng neft sərvətlərinin böyük hissəsi hakimiyyətin yüksək təbəqəsinə çatır. “Sərhədsiz reportyorlar” təşkilatının hazırladığı son reytinq cədvəlində Azərbaycan mətbuat azadlığı göstəricisinə görə 178 ölkə arasında 152-ci yeri tutub.

Azadlıq

  • Yazılıb
  • da (də) 2011 Nov 26