Tarix : 2011 Nov 26
Kod 26840

İslama olan təpkilərə baxmayaraq, “Məhərrəmlik” xalqımız tərəfindən layiqincə keçiriləcək

Müqəddəs aylardan hesab olunan Məhərrəm ayının astanasındayıq
well/Aran agentliyi

 

Müqəddəs aylardan hesab olunan Məhərrəm ayının astanasındayıq

Bu ayda böyük bir məktəbin bünövrəsi qoyulub. Əsrlər ötür, amma onun aktuallığı azalmır, əksinə, bütün dünyada daha da artır. O cümlədən ölkəmizdə də Məhərrəmlik ayı eşq ilə keçirilir. Bu ayda illərlə məscidə gəlməyən insanlar məscidə gəlir, mərsiyələr deyir, sinə vurur və “Aşura yürüşləri” edirlər. Son dövrlər isə ölkəmizdə qəribə də olsa, müəyyən formalarda dini qadağalar tətbiq edilir. Dini kitab satmaq, məktəblərdə hicablı iştirak etmək və s. Görəsən, bu qadağalar hər il keçirilən Məhərrəm ayına öz təsirini hansı şəkildə göstərəcək? Suallarımıza cavab tapmaq üçün bir sıra ekspertlərə müraciət etdik. İlk olaraq suallarımızı cavablandıran“Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə elmləri doktoru Elşən Mustafaoğlu Məhərrəmlik haqqında kifayət qədər məlumat verdikdən sonra qeyd etdi ki, Məhərrəmlik ayı artıq bizim bir mədəniyyətimizə çevrilibdir.

“Həzrət İmam Hüseyn (ə) bu ayda kiçik bir dəstə ilə böyük bir zülm və şər imperiyasının qarşısında cəsarətlə "yox!" deməyi bacardı. İmam haqq və ədalət uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda hər şeyindən keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Həqiqətən də, bu, qanın qılınc üzərində qələbəsi idi. Bu məktəb hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox!" deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək! Nə xoşbəxtdir bu məktəbdən dərs alan ədalətsevərlər! “Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir!” - deyib mübarizəyə qalxdı İmam Hüseyn. İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı və din adından şəxsi maraqları üçün sui-istifadə edənləri ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək naminə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn! O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin şəhid olmasına, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun çəkinmədi, sınmadı, qırılmadı. Haqsızlıq qarşısında diz çökmədi! İmamət və səltənət qarşıdurmasında xüsusi bir yerə malik olan Həzrət Hüseynin (ə) şəhadətini, adi bir hadisə olaraq yox, kökləri ta qədim dövrlərə gedib çıxan Haqqla batilin, nübuvvətlə səltənət arasındakı mübarizənin davamı kimi dəyərləndirmək lazımdır. Bu tarixi hadisələr dünən olduğu kimi, müxtəlif zaman və məkanlarda, fərqli adlar altında bu gün də yaşanır və Qiyamətə qədər də yaşanacaqdır. “Hər yer Kərbəladır, hər gün Aşuradır!..” Hər bir dövr üçün önəm daşıyan isə bu tarixi mübarizədə kimin kimlərin tərəfində yer almasıdır. Zənnimcə, epizodik olaraq müəyyən təsirləri ola bilər - biz Sovetlər dövründə də bunun şahidi olmuşuq. Amma geniş mənada, heç bir təsiri olmayacaq. Məhərrəmlik ənənəsi xalqın, millətin ruhuna hopub, əsrlərdən bəri mədəniyyətimizin bir hissəsinə çevrilib. Ədəbiyyatımızda, poeziyamızda, musiqimizdə, hətta mətbəximizdə öz izlərini buraxıb. 70 illik ateist rejim belə bunu mədəniyyətimizdən çıxarmağa nail olmadı. Hesab etmirəm ki, inzibati qadağalarla əsrlərdən bəri millətin ən böyük matəm hadisəsi kimi qeyd etdiyi, ümumxalq xarakteri daşıyan “Aşura” mədəniyyətini əlindən almaq mümkün olsun. “Aşura” - hamımızındır, bütün xalqın, millətin. Sıravi vətəndaşının da, məmurunun da, polisinin də, qadınının da, kişisinin də, yaşlısının da, uşağının da.”

AİP funksioneri Rövşən Əhmədli hesab edir ki, bu qadağalar hər Məhərrəmlikdə tətbiq edilibdir.  “Bu qadağalar hər il olub. Bu qadağaları edənlər bilavasitə vətəndaşlarla dövlət arasında problem yaratmağa xidmət edirlər. İndiki halda da biz görürük ki, bu qarşıdurmanı yaratmaq istəyən qüvvələr daha da akitvləşiblər. Vətəndaşların da bir qədər bu haqsızlıqlara dözüm nümayiş etdirməsi bir qədər onlarda darsəbirliliyə gətirib çıxarır və nəticədə haqsızlığı artan doza ilə həyata keçirirlər. Daha da kəskin qadağalar tətbiq edirlər. Hesab edirəm ki, bu qadağalar insanları dini inancından ayırmır, sadəcə, ölkədə siyasi qarışılıqlığa gətirib çıxarır. Məhərrəmlik ayı Azərbaycan xalqı üçün önəmli aylardan biridir. Məhərrəmlik bizə vətəni sevməyi, zülmə boyun əyməməyi öyrədir. Hələ sovet dönəmində Allahsız bir dövrdə xalq bunu keçirirdi. Əlbəttə, bu gün də istədiyi səviyyədə qeyd edəcəkdir.”

Xəyal Həsənov

“Birlik” İnformasiya Mərkəzi

  • Yazılıb
  • da (də) 2011 Nov 26