Tarix : 2011 Nov 26
Kod 26841

Anar Qasımlı: “Dindarların müdafiəçisi olmaq şərəflidir”

AİP üzvləri və ruhanilərin vəkili Anar Qasımlı İslamazeri.az internet qəzetinə müsahibə verib
well/Aran agentliyi

 

 

AİP üzvləri və ruhanilərin vəkili Anar Qasımlı İslamazeri.az internet qəzetinə müsahibə verib

 

- Azərbaycanda 2011-ci ildə dindarlara qarşı bu qədər ciddi təzyiqlər nədən qaynaqlanır?

- Hər şey Hacı Mövsüm Səmədovun 2 yanvar tarixli çıxışı ilə başladı. Dindarlar tərəfindən birdən-birə sərt tənqid olunan hökumət çaşqınlıq içində tələm-tələsik ssenari qurmaqla həbslər dalğası başlatdı. Burda əsas məqsəd xof yaratmaq, dindarları qorxutmaq idi.

- İslamçıların məhkəməsində ədalətsiz qərar qəbul edildiyini bildirmisiniz. Sizcə Avropa məhkəməsinə qədər işlər gedib çıxacaq ya elə bu məsələ öz ədalətli qərarını Azərbaycanda tapacaq?

- Ölkədaxili məhkəmələrdən ədalət gözləmirik, düşünürəm ki, ölkəmizdə tapmadığımız haqqımızı Strasburqda bulacağıq. Ona görə də, var gücümüzlə çalışırıq ki, Avropa Məhkəməsində uğur qazanmaq üçün ölkədaxili məhkəmələrdə bütün müdafiə tədbirlərini həyata keçirək.

- Bir vəkil kimi dindarları müdafiə etdiyinizə görə təzyiqlərə məruz qalmısınızmı?

- Ümumiyyətlə, bir-iki xırda məsələni istisna etsək, deyə bilərəm ki, vəkillik fəaliyyətimlə bağlı hər hansı bir təzyiqlə üzləşməmişəm. Amma bilirəm ki, hər an bir zəif nöqtə axtarırlar ki, təzyiq göstərə bilsinlər. Müdafiə etdiyim şəxslərlə yanaşı həm də özümü müdafiə edirəm - çalışıram ki, tələyə düşməyim. Dindarların müdafiəçisi olmaq şərəflidir. Müvəkkillərimin günahsız olması bir yana, mənəvi cəhətdən saf olmalarını hiss etməkdən ayrıca zövq alıram.

- Hacı Abgül Süleymanova qarşı nə kimi ittihamlar irəli sürülə bilər?

- Bu günə qənaətim belədir ki, əgər Hacı Abgül İslam Partiyasının liderlərinin həbsi zamanı ölkədə olsaydı, mütləq həmin tutatutda onu da həbs edəcəkdilər. Avqustda onun evindən "tapılan" silah-sursatı elə yanvar ayındaca "aşkar" edəcəkdilər. Bu gün Hacı Abgülə qarşı silah və narkotiklə bağlı ittiham verilsə də, istintaqı nə silah nə də narkotik əsla maraqlandırmır. Təəssüf ki, istintaq sirrini yaymamaq üçün mən bu gün istintaqı maraqlandıran hallar barədə danışa bilməyəcəm. İstintaqın yekununda bu barədə xüsusi açıqlamamız olacaq. Hələlik onu deyə bilərəm ki, Hacı Abgülə qarşı yeni ittihamlar irəli sürülə bilər.

- Sizcə Azərbaycanda dindarlarla hökumət arasında qarşıdurma kimlərə sərf edir?

- Təbii ki, bu cür situasiyadan yaralananlar olacaq. Amma bir şeyə əminəm ki, bu situasiya Azərbaycan üçün yaxşı bir şey vəd etmir, ölkəmiz üçün sərfəli deyil. Hökumətlə vətəndaş arasında qarşıdurma olmamalıdır. Hökumət vətəndaşın qarşısında deyil, qulluğunda durmalıdır.

- Bir vəkil kimi Azərbaycanın məhkəmə sistemindən nə qədər razısınız?

- Sualınızın qoyuluşu maraqlıdır və pozitiv cavab tələb edir. Təəssüf ki, cavab pozitiv olmayacaq. Məhkəmə sistemindən zərrə qədər razı deyiləm. Fikrimi əsaslandırmaq üçün yüzlərlə arqument söyləyə bilərəm amma bu başqa söhbətin mövzusudur.

- Anar bəy, Rafiq Tağının ölümünü dindarlarla əlaqələndirmək nə dərəcə doğrudur?

- Onun bıçaqlanmasını dindarlarla bağlamaq məlum "Avropa və biz" yazısı və bu yazı ətrafında baş verən olaylar fonunda ilk ağıla gələn versiyalardan biri kimi nəzərdən keçirilə bilər və istintaq bu versiya üzərində də işləməlidir. Amma nə qədər ki, bu məsələ barədə istintaq yekun nəticəyə gəlməyib bu barədə qəti fikir söyləmək olmaz. Doğrudur, mətbuatda və sosial şəbəkələrdə səslənən fikirlərdə Rafiq Tağının öldürülməsi dindarlarla əlaqələndirilir, amma mən bu fikirləri ciddi qəbul etmirəm. Ən azından ona görə ki, əgər həqiqətən də Rafiq Tağının bıçaqlanması dindarlarla bağlı olsaydı, bu cinayətin üstü isti izlərlə açılardı və antiislam təbliğatına çevrilərdi. Cinayətkarın dərhal tapılmaması bu qətlin də qatı açılmayan cinayətlər seriyasına daxil olacağına dair düşünməyə əsas verir. Belə olan halda isə, bu cinayətin kim tərəfindən törədilməsi ilə bağlı şübhələr və ehtimallar çoxalır.

- Siz hazırda 6 islamçını müdafiə edirsiniz. Çətin deyil ki?

- İndiyədək 8 nəfər dindar müvəkkilim olub, onlardan iki nəfər hicab məhbusunun şərti də olsa azadlığa çıxmasına nail olmuşuq. Hazırda 6 nəfərin hüquqların müdafiə edirəm. Əlbəttə, bir vəkilin 6 nəfərin müdafiəçisi olması çətindir. Amma insanların istəyini, rəğbətini və etimadını doğrultmaq üçün daha çox işləyib işin öhdəsindən gəlməyə çalışırıq. Digər tərəfdən 6 iş üzrə heç bir vəsatətin təmin olunmaması vəkil üçün psixoloji baxımdan da ciddi problemdir. Amma müdafiə etdiyin şəxslərin mənəvi saflığı, səbri və sənə güvəni ruhdan düşməyə, yorulmağa imkan vermir, daha da həvəslə çalışırsan.

- Son olaraq Hacı Tale Bağırovun məhkəməsindən nə gözləyirsiz?

- Məhkəmənin ittiham hökmü çıxaracağı və ağır cəza verəcəyi istisna olunmur. Ümidimiz Avropa Məhkəməsinədir. İslamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Nov 26