Tarix : 2011 Nov 29
Kod 26915

Azərbaycanla Türkiyənin 10 aylıq ticarəti 1,4 milyard dollara çatdı

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu başlayıb
well/Aran agentliyi

Dünən Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes-forumu işə başlayıb.

APA-Economics"in xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova iki ölkənin əməkdaşlığından və münasibətlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında 30-dan çox iqtisadi sənəd mövcuddur. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Qars layihələrinin əhəmiyyətini vurğulayan nazir müavini qeyd edib ki, bu layihələr regionun enerji təhlükəsizliyini təmin edir. Ticarət əlaqələrindən söz açan S.Həsənova bildirib ki, bu ilin 10 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 1,4 mlrd. dollardan çox olub.

O cümlədən, idxalın həcmi 990 mln. dollar, ixracın həcmi isə 400 mln. dollar olub. Ötən ilin analoji dövrü ilə müqayisədə ticarət dövriyyəsi 85%, idxal 64%, ixrac 2,7 dəfə artıb.

Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda 1000-ə yaxın türk şirkəti, o cümlədən türk kapitalı ilə 5 bank fəaliyyət göstərir. Son 10 il ərzində Türkiyə tərəfindən Azərbaycan iqtisadiyyatına 2 mlrd. dollar investisiya yatırılıb.

Türkiyədə isə 850 Azərbaycan şirkəti fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 4,5 mlrd. dollar investisiya qoyulub. Tədbirdə hər iki ölkədən bir çox sahələri əhatə edə 250 şirkət iştirak edir.

  

  • Yazılıb
  • da (də) 2011 Nov 29