Tarix : 2011 Nov 30
Kod 26935

Prezident adminstrasiyasında nüfuz savaşı başlayıb

ZEYNAL NAĞDƏLİYEV SİYASİ GÜC NÜMAYİŞİNƏ BAŞLAYIB
well/Aran agentliyi

 

Bir neçə gün bundan əvvəl xəbər vermişdik ki, icra başçılarının ayrı-ayrı oliqarx məmurların kurasiyasından çıxarılaraq Prezident Adminstrasiyasının nəzarətinə verilir. Məlumatda bildirilirdi ki, bu 2013-cü il prezident seçkiləri prossesində icra başçılarının ayrı-ayrı maraqlara xidmət göstərmələrinin qarşısını almaq məqsədi ilə həyata keçirilir.

Bu barədə PİA.AZ-a əlavə məlumat verən mənbənin sözlərinə görə Prezident Adminstrasiyasında artıq bu məsələ ətrafında intriqalar yaşanmaqdadır. Belə ki, daxil olan məlumatda bildirilir ki, Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev 2013-cü il seçkilərində hakimiyyət daxilində həlledici söz sahiblərindən birinə çevrilə bilmək üçün icra başçılarını öz kurasiyasına ala bilmək üçün fəaliyyətə keçib və mübarizəsini açıq şəkildə ortaya qoymağa qərar verib. O, artıq rayonlara icra başçısı təyinatında aparıcı funksiyanı üzərinə götürmək məqsədilə hərəkətə keçib. Məlumatda o da qeyd olunur ki, bundan əvvəl onun ilk cəhdi uğurla nəticələnib. Belə ki, bu günlərdə Nağdəliyevin istəyinə və təqdimatına uyğun olaraq rayonlardan birinə icra başçısı təyinatı gerçəkləşib.

Qaynağın məlumatının davamı ilə tanış olmamışdan əvvəl xatırladaq ki, hələ bir neçə ay əvvəl Zeynal Nağdəliyevin Prezident Administrasiyasının rəhbəri görəvinə gəlmək üçün qollarını sıvadığı deyilirdi. Bildirilirdi ki, Nağdəliyev öz yaxın çevrəsi ilə söhbətlərinin birində açıq şəkildə bildirib ki, "Prezident Administrasiyasında tezliklə ciddi kadr dəyişikliyi olacaq. Bu dəyişikliyin əsas qəhrəmanı isə mən olacağam. Mən tezliklə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yerinə gəlirəm. Məsələ artıq həll olunub və mən bu barədə son qərarı və müvafiq sərəncamı gözləyirəm".

Yayılan xəbərlərdə açıq şəkildə vurğulanırdı ki, cənab Nağdəliyev özü üçün topladığı "kölgə kabineti"nin əksər üzvlərinə bildirib ki, 2013-cü ildəki prezident seçkiləri zamanı Prezident Administrasiyasına o rəhbərlik edəcək. Bu məsələnin iqtidar kulislərində yetərincə canlanma yaratdığı, hakimiyyət daxilindəki anti-Mehdiyev çevrələrinin də Nağdəliyevə dəstək vermək üçün hərəkətə keçdiyi də gələn məlumatlar arasında idi.

Müstəqil müşahidəçilər "od olmayan yerdən tüstü çıxmaz" məntiqi ilə hərəkət edir və bildirirdilər ki, belə bir qarşıdurma varsa, onun ilkin əlamətləri özünü ən qısa müddətdə göstərəcək. Dünən redaksiyamıza daxil olan məlumatın hərtərəfli təhlili isə artıq belə bir nüfuz savaşının açıq müstəviyə keçdiyini və Nağdəliyevin psixoloji üstünlük qazanmaqda olduğunu söyləmək üçün əsas yaradır.

Məlumata görə, iyul ayının 2-də ölkə başçısının sərəncamı ilə Ağstafa rayonuna icra başçısı təyin edilən Məhərrəm Quliyev məhz Zeynal Nağdəliyevin istəyi və təqdimatına uyğun olaraq həmin görəvə gətirilib. Nağdəliyev hələ icra başçısı olarkən Məhərrəm Quliyev onun ən yaxın kadrlarından biri imiş. Elə Nağdəliyevin karyera yüksəlişi də Məhərrəm Quliyevin vəzifə pillələrinin artmasına gətirib çıxarıb. Sonucda isə belə bir təyinat gerçəkləşib

Məlumatda bildirilir ki, son anadək Ağstafa rayonunun icra başçısı postuna YAP-ın yerli təşkilatının sədri, eyni zamanda 10 ildən çoxdur rayon İcra Hakimiyyətində birinci müavin görəvini yerinə yetirən, hakim partiyanın icra katibi Əli Əhmədova yaxınlığı ilə tanınan Ramiz Tatarovun gətiriləcəyi ehtimalı böyük imiş. Hətta Ə.Əhmədovun bu məsələ ilə bağlı Administrasiya rəhbəri ilə danışdığı və razılıq aldığı da dəqiq bilgidir.

Hazırda Zeynəl Nəcdəliyevin irəli çıxması çarpıcı nüanslardan xəbər verir. Bir daha aydın olur ki, Zeynal Nağdəliyev artıq Prezident Administrasiyasının rəhbəri postuna əmin addımlarla irəliləyir. Hətta o qədər əmin addımlarla irəliləyir ki, icra başçısı təyinatlarında ciddi söz sahibi olmağa başlayıb.

 

Prosesin necə yekunlaşacağı indidən bəlli olmasa da, hər halda qarşıdakı zaman kəsiyində bizi Nağdəliyevin ismi ətrafında maraqlı proseslərin gözlədiyi şübhəsizdir. Onun 2013-cü ilədək Administrasiya rəhbəri olmağı qarşısına məqsəd kimi qoyduğunu nəzərə alsaq, növbəti icra başçısı təyinatlarını diqqətlə izləmək lazımdır. Əgər ona bağlı şəxslərin təyinatları davam edərsə, Nağdəliyevin öz məqsədinə yetişməsinin reallığa çevriləcəyinə şübhə yeri qalmayacaq.

Əks halda isə proses onun əleyhinə çevrilə bilər ki, belədə də Nağdəliyev öz ətrafında icra başçılarından ibarət qruplaşma formalaşdırmaq istəyərkən, öz vəzifəsini itirmək təhlükəsi ilə baş-başa qala bilər. Köhnə illərin təcrübəsindən çıxış etsək, həm də yalnız vəzifəsini deyil...

pia.az

  • Yazılıb
  • da (də) 2011 Nov 30