Tarix : 2011 Nov 30
Kod 26946

Vəkilin arzuları...

İslamçıların vəkili Anar Qasımlı öz ''Facebook'' səhifəsində maraqlı status yazıb. İslamazeri.az həmin yazını olduğu kimi təqdim edir
well/Aran agentliyi

 

Ustadım, mənim aləmimdə ölkəmizin ən görkəmli hüquqşünası İntiqam Əliyevin tövsiyəsinə əsasən Penal Reform İnternational (PRİ) təşkilatı tərəfindən Avropa Birliyinin maliyyələşdirdiyi PRİ və Bristol Universitetinin birgə həyata keçirdiyi layihə çərçivəsində Cənubi Qafqaz ölkələrində işgəncələrə dair hesabatın müzakirəsinə dair ekspertlərin işgüzar görüşündə iştirak etmək üçün Tiflisə dəvət aldım. Deyəsən, çox uzun cümlə alındı. Nə idim, Bismarkın təbirincə desək, qısa danışmağa və yazmağa vaxtım yoxdur. Oxuduğunuz sətirləri həmin görüşdə müzakirələrdə iştirak edərək, oğrun-oğrun yazıram. Qüsura baxmayın deməyəcəm, baxıb-baxmamaq sizin haqqınızdı. Haqqınıza sayğım var.Hər dəfə Tiflisə dəvət alanda onu mütləq dəyərləndirir, bütün işlərimi təxirə salır, vaxtımı uyğunlaşdırıb səfərə çıxıram. Burada xoş atmosfer var, sözün bütün mənalarında. Sevdiyim şəhərlər sırasında ilk beşlikdə yer alır.

Bu dəfə Tiflisə getmək istəmirdim, hətta razılıq verəndən və bilet sifariş edəndən sonra da imtina etmək, yerimə dostlardan birinin getməsini təklif etmək istəyirdim. Səbəb Tiflis deyildi, səbəb ali idi, Ali Məhkəmə.Noyabrın 29-da Ali Məhkəmədə Cabbar Savalanın işi üzrə verdiyim kasasiya şikayətinə baxılacaqdı. Məhz, həmin məhkəmə prosesindən qalib çıxmaq, ədalətin təntənəsindən zövq almaq istəyi Tiflisi gözümdən salmağa çalışırdı. Nəhayət, uzun çək-çevirdən sonra, qələbə sevinci yaşamaq şansını həmkarım Əsabəli müəllimə güzəştə gedib Tiflisə gəldim. Sən demə, onu növbəti məyusluq və ikrah hissi ilə baş-başa buraxıb gəlmişəm. Məhkəmənin qərarı adi olub, həmkarım ali həqiqəti axtarsa da tapa bilməyib.Mən sadəlövh deyiləm, bütün məhkəmələri və hakimləri beş barmağım kimi tanıyıram. Qərarın dəyişdirilmədən saxlanılacağına adım kimi əmin idim. Amma vəkil olaraq ümidimi itirməmişdim. Fikrimcə, bir vəkilin ümidini itirməsi, onun sonu deməkdir. Cabbarın heç olmazsa şərti azadlığa buraxılacağına ümidim vardı. Axı, o, heç nəyə görə, 9 aydır cəza çəkir. Lənət olsun, artıq, Tiflisin atmosferi də adama xoş gəlmir......Tiflisdə işgəncələrdən danışırıq. Arzularım işgəncə verir mənə, vəkil arzularım. Nə istəyirəm, axı?

Ədalət axtarıram!

Ədalətin təntənəsindən zövq almaq istəyirəm!

İstəyirəm ki, heç olmazsa, verdiyim yüzlərlə vəsatətin biri qismən təmin olunsun!

Artıq heç nə istəmirəm!Anladım ki, ədaləti ədalətli olandan istəmək lazımdı. Yanlış qapı döymüşük...

...Daha bir qapı döyürəm, taksi sürücüsünün səsi eşidilir:

- Strasburqa xoş gəlmisiniz!

- Avropa Məhkəməsinə apararsız?

- Buyurun, əyləşin!

Vəkil Anar Qasımlı

  • Yazılıb
  • da (də) 2011 Nov 30