Gəncədə Qədir-Xum bayramı tədbirində iştirak edən inanclılar yenidən polis bölməsinə çağrılıblar və onlara Məhərrəmlik ayı ilə əlaqədar xəbərdarlıq edilib
well/Aran agentliyi
Gəncədə Qədir-Xum bayramı tədbirində iştirak edən inanclılar yenidən polis bölməsinə çağrılıblar və onlara Məhərrəmlik ayı ilə əlaqədar xəbərdarlıq edilib.
Faktxəbərin məlumatına görə, Gəncə polis bölməsinə çağırılan dindarlara Xəbərdarlıqda bildirilib ki, Məhərrəm ayında heç kim evindən bayıra çıxmasın.
Gəncə polisi dindarları hədələyib ki, heç bir əzadarlıq məclisində iştirak edilməsin. Xüsusi ilə də Tasua və Aşura yürüşü keçirlərsə, onlar barəsində cinayət işi açılacaq.
Polis bölməsində həmçinin bəzi fəal inanclıları hədələyərək bildiriblər ki, əgər yürüş keçirsəniz, sizi də ruhani Fəxri və Azər kimi həbs edəcəyik.
Gəncə inanclılarından FaktXeber.com-a verilən məlumata görə, bu gün yenidən səhər saatlarından başlayaraq dindarları Gəncə şəhər polis bölmələrinə çağırırlar.
Polis bölmələrində inanclılara bildirilib ki, heç kim Aşura məclislərində, yürüşdə iştirak etməsin. Əgər kimisə yürüşlərdə görsək sutkalıq yox, 1 ildən 3 ilə qədər həbs verəcəyik. Çağırılanlar arasında ruhanilərdə var.
Xatırladaq ki, hər il Gəncə şəhərində Tasua və Aşura mərasimləri böyük izdihamla qeyd edilir.
Elmar Vəliyevin Gəncə şəhərinə icra başçısı təyin olunandan bəri Gəncədə dindarlara qarşı təzyiqlər artıb.
Gəncə şəhərində Qədir-Xum bayramı tədbirin sonunda ehsan ziyafəti verilən zaman polislər tədbir keçirilən binanı mühasirəyə alaraq məclisin sona çatmasına mane olaraq, 30 inanclını polis bölməsinə aparmışdılar. Onlardan 2 nəfər Şəmkir sakininə 5 sutka həbs cəzası verilmişdi.