Tarix : 2011 Nov 30
Kod 26959

Azərbaycana yeni böhran dalğası gəlir?

Avrozonadakı böhranın iqtisadiyyatımıza necə təsir edəcəyi maraq doğurur
well/Aran agentliyi

 

“Avropanın borc böhranı dərinləşməkdədir, bu amil isə dünya iqtisadiyyatına mənfi təsir göstərir”. Bu sözləri Fransa Mərkəzi Bankının rəhbəri Kristian Nuaye “Bloomberg”ə müsahibəsində bildirib. Avropa və dünyadakı iqtisadi durumun son bir neçə həftədə daha da pisləşdiyini deyən Nuaye qeyd edib ki, avrozonanın istiqraz bazarının fəaliyyəti tamamilə iflic olub. Onun sözlərinə görə, böhranın avrozonaya daxil olmayan ölkələrə gedib çıxmaq təhlükəsi getdikcə artır. Avrozonadakı böhranın Azərbaycana təsiri haqqında fikirlərini ANS PRESS-ə açıqlayan iqtisadçı, millət vəkili Əli Məsimli Avropa Birliyində (AB) vahid valyuta kimi avronun qəbul edilməsinə rəğmən bu təşkilata daxil olan 27 dövlətin hərəsinin müstəqil pul siyasəti yürütdüyünü qeyd edib: “Valyuta bir, siyasət 27 olduqda isə böhran əmələ gəlir. Məsələyə bu cür yanaşsaq, bu böhranın Azərbaycana təsirini də asanlıqla anlamış olarıq. Avrozonadakı böhranın Azərbaycana təsiri olacaq. Çünki Azərbaycanın ticarət dövriyyəsinin çox hissəsi Avropa ölkələri ilədir. Biz Avropa ölkələrinə enerji daşıyıcıları verərək onlardan hazır məhsul alırıq. Əgər avrozonada böhran daha da dərinləşərsə, enerji daşıyıcılarına tələbat azalacaq. Bu isə iqtisadiyyatımıza sözsüz ki, təsirsiz ötüşməyəcək”. Millət vəkili avronun məzənnəsinin aşağı düşməsinin də Azərbaycana təsirsiz ötüşməyəcəyini vurğulayıb. “Ölkəmizin valyuta ehtiyatlarının bir hissəsi, avro, digər hissəsi dollar, yerdə qalan hissəsi isə başqa ölkələrin valyutalarında saxlanılır. Avronun məzənnəsinin aşağı düşməsi isə valyuta ehtiyatlarımızın dəyərdən düşməsi anlamına gəlir”,- deyə Əli Məsimli bildirib. İqtisadçı avrozonadakı böhranın Azərbaycana sərmayə qoyuluşlarının azalması və ölkəmizin vəsaitlərinin qoyulduğu qiymətli kağızların dəyərdən düşməsi ilə də təsir göstərə biləcəyini bildirir. Millət vəkili avrozonadakı böhranın Azərbaycana təsirini azaltmaq üçün öz təkliflərini də irəli sürüb: “İlk növbədə manatın kursunun sabit saxlanılması üçün görülən tədbirlər davam etdirilməlidir. Bir də onu qeyd etməliyəm ki, Azərbaycanın maliyyə bazarı böhranı özündə hiss edə biləcək səviyyədə dünya iqtisadiyyatına inteqrasiya etməyib. Bununla yanaşı Azərbaycan iqtisadiyyatı böhranın təsirindən də tam sığortalanmayıb. Ancaq bu təsirin minimuma endirilməsi mümkündür. Bunun üçün isə ilk növbədə Azərbaycan bir modeldən başqasına keçməlidir. Yəni Azərbaycan neftin üstünlük təşkil etdiyi modeldən insan faktoruna üstünlük verilən innovativ modelə keçidi sürətləndirməlidir. Kim ki, elmi-texniki tərəqqinin nailliyyətlərini daha çox iqtisadiyyata tətbiq edəcəksə, bu təlatümlü dövrdə daha çox qabağa gedəcək. Nə qədər bu keçidi tez etsək, iqtisadiyyatımız bir o qədər böhrana dayanıqlı davamlı olacaq”. İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov da avrozonadakı böhranın ölkəmizə təsirindən danışıb. İqtisadçı böhranın Azərbaycana iki istiqamətdə təsir edəcəyini düşünür: “Avronun məzənnəsinin aşağı düşməsi səbəbindən Azərbaycanın avro ilə saxlanan dövlət ehtiyatları dəyərdən düşür. Xatırladım ki, dövlət rezervlərinin 30 faizi avro ilə saxlanır. Bu isə 12 milyard dollardan artıq vəsait deməkdir. 12 milyard vəsaitin dəyərsizləşməsi təhlükəsi var. Bundan əlavə, avronun məzənnəsinin aşağı düşməsi Avropaya mal ixrac edən Azərbaycan şirkətlərinin ixrac, rəqabət qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Avronun məzənnəsinin manata nisbətən ucuzlaşması Azərbaycan mallarının avrozonada bahalaşmasına səbəb olur. Eyni zamanda, Avropada böhran dərinləşərsə, bu, neftə olan tələbatın azalmasına gətirib çıxaracaq. Bu da 3-cü və ya dolayı təsir kimi qiymətləndirilə bilər. Xüsusilə neftin dünya bazar qiymətinə təsiri baxımından". Bütün bu sadalananlardan sonra suallarımızı iqtisadiyyatı daha çox neft üzərində qurulan ölkəmizin Dövlət Neft Fonduna (ADNF) ünvanladıq. Qurumun mətbuat xidmətinnin rəhbəri Cəmalə Əliyeva avrozonada baş verən böhranın ADNF-nin aktivlərinə təsiri ilə bağlı suala belə cavab verib. “AB ölkələrinin maliyyə sektorunda baş verən son hadisələr, xüsusən bir sıra Avropa ölkələrinin suveren kredit reytinqinin aşağı düşməsi maliyyə bazarının bütün iştirakçılarına, həmçinin ARDNF-ə neqativ təsir göstərib. Lakin Neft Fondu tərəfindən həyata keçirilən konservativ investisiya siyasəti, yaranmış vəziyyətin hərtərəfli təhlili və risklərin idarəedilməsi üzrə reallaşdırılan tədbirlər maliyyə böhranın ARDNF-in investisiya portfelinə neqativ təsirini minimal səviyyədə saxlamağa şərait yaradıb”, - deyə Cəmalə Əliyeva bildirib. ARDNF-nin məbuat xidmətinin rəhbəri Neft Fondunun investisiya portfelinin valyuta tərkibini (səbətini-red.) əsas 3 valyuta: ABŞ dolları, Avro və İngiltərə funt sterlinqi təşkil etdiyini bildirdi. “ARDNF-in investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərdə, 40 faizi Avro-da ifadə olunan aktivlərdə, 5 faizi isə İngiltərə funt sterlinqində ifadə olunan aktivlərdə saxlanılır. Bu strategiya əsasən Amerika və Avropa valyutaları arasında balans yaratmaq məqsədilə tətbiq edilir. Belə ki, bir valyutanın dəyərinin aşağı enməsi digərinin dəyərinin qalxması deməkdir. Dünya maliyyə bazarlarında baş verən son hadisələri nəzərə aldıqda, bu strategiyanın tamamilə özünü doğrultduğu aydın olur”, - deyə Cəmalə Əliyeva qeyd edib. Bütün bunlarla yanaşı bəzi ekspertlər Avropadakı borc böhranın ölkəmizə neqativ təsir edəcəyi ilə yanaşı yeni perspekivlər açdığını da proqnozlaşdırır. Avrozonadakı böhranın azərbaycanlı iş adamları üçün müəyyən imkanlar açdığı fikirləri səsləndirilir. Böhran nəticəsində Avrozonada dövlət şirkətlərinin səhmlərinin dəyərini aşağı düşməsi azərbaycanlı iş adamlarının səhmlərin alınmasına vəsait yönəldə biləcəyi, o cümlədən daşınmaz əmlakın alınmasında iştirak edə biləcəkləri yönündə fikirlər səsləndirilir.

islamazeri.az

 

  • Yazılıb
  • da (də) 2011 Nov 30