well/Aran agentliyi
"Yüzillərdir millətimizin ən böyük matəm hadisəsi kimi qeyd etdiyi, ümumxalq xarakteri daşıyan məhərrəmlik xalqın ənənəsi ilə gerçəkləşir. Məhərrəm ayının daxil olması barədə ölkə KİV-lərində məlumat verilir. Amma əfsuslar olsun ki, məhərrəmliyin mahiyyəti KİV-lərdə lazımi şəkildə açıqlanmır".
Bu sözləri SalamNews-a müsahibəsində ilahiyyatçı alim, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru Elşən Mustafaoğlu deyib.
- Azərbaycanda məhərrəmlik ab-havası hiss olunurmu?
- Əlbəttə, ümumilikdə məhərrəmlik ab-havası hiss olunur. Məhərrəmlik ənənəsi əsrlərdən bəri Azərbaycanın, millətimizin ruhuna hopub, mədəniyyətimizin ayrılmaz bir hissəsinə çevrilib. Təsadüfi deyil ki, məhərrəmlik bizim ədəbiyyatımızda, poeziyamızda, musiqimizdə, incəsənətimizdə, hətta mətbəximizdə də izlərini buraxıb. Füzuli, Nəsimi, Vaqif, Natəvan, Sabir, Seyyid Əzim Şirvani, Şəhriyar kimi şairlərimiz bu hüzn ayı ilə bağlı şeirlər və növhələr yazmışlar. Mərsiyələrimizin ahəngi muğamımıza ruh vermişdir. Məhərrəmlik Azərbaycan üçün ümumxalq hadisəsidir. 70 illik ateist rejimi belə bunu mədəniyyətimizdən çıxara bilmədi. Yüzillərdir millətimizin ən böyük matəm hadisəsi kimi qeyd etdiyi, ümumxalq xarakteri daşıyan məhərrəmlik xalqın ənənəsi ilə gerçəkləşir. Məhərrəm ayının daxil olması barədə ölkə KİV-lərində məlumat verilir. Amma əfsuslar olsun ki, məhərrəmliyin mahiyyəti KİV-lərdə lazımi şəkildə açıqlanmır.
Məhərrəmlik ab-havası xüsusilə də telekanallarda, radiokanallarda hiss olunmalıdır, lakin burada ciddi boşluqlar var. Əsasən, bu baxımdan ki, İmam Hüseyn (ə) məktəbinin mahiyyəti açıqlansın, bu haqda xüsusi verilişlər hazırlansın, bu böyük qəhrəmanlıq və şücaət məktəbindən yeni nəsillərimiz bəhrələnə bilsin. Yəni məhərrəmliyi yalnız bir ənənə kimi qeyd etməyək, onun mahiyyətinə varaq, bu hüzn ayında nələrin baş verdiyini öyrənək. Hər birimiz bu böyük məktəbdən özümüz üçün dərs almalı, bu məktəbi əsrlərdən bəri yaşadan bir cəmiyyət kimi ondan düzgün şəkildə faydalanaq. Zənnimcə, Qarabağ dərdi olan millətimiz üçün bu ayın mahiyyətini öyrənmək olduqca zəruridir.
- Məhərrəm ayı müsəlman aləmində nəyə görə çox müqəddəsdir?
- Bu ayda böyük bir məktəbin bünövrəsi qoyulub. Əsrlər ötür, amma onun aktuallığı nəinki azalmır, əksinə, bütün dünyada daha da artır. Sevimli peyğəmbərimiz Həzrət Məhəmmədin (s) əziz nəvəsi Həzrət İmam Hüseyn bu ayda kiçik dəstə ilə böyük zülm və şər imperiyasının qarşısında cəsarətlə "yox!" demişdir. İmam haqq və ədalət uğrunda, İslam uğrunda mübarizəyə qalxmış, bu yolda hər şeyindən keçmiş, əz əzizlərini belə fəda etməkdən çəkinməmişdir. Toplumlar süni qəhrəmanlar düzəltməyə, onu yeni nəsillərə nümunə kimi təqdim etməyə çalışırkən, bizim cəmiyyətimizin İmam Hüseyn kimi ölməz qəhrəmanlıq və şücaət nümunəsi var. İmam Hüseyn azadlıq məktəbinin bünövrəsini qoymuşdur. O, öz qanı ilə əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpmişdir. Bu, qanın qılınc üzərində qələbəsidir. Bu məktəb hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında "yox!" deməyi öyrədir. Şübhə etmədən deyə bilərik ki, nə qədər, yer üzündə zülm və haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək!
- Son zamanlar ölkədə dindarların sayı günbəgün artır, lakin bununla yanaşı, məscidlərin sayının az olması inanclı təbəqənin təlabatını ödəmir. Bunun həll yolu nədən ibarətdir?
- Çox aktual bir problemə toxundunuz. Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafından danışdığımız bugünkü gündə şəhərsalma mədəniyyətimiz tamamilə milli-mənəvi ruhumuzdan təcrid olunmuş şəkildə qurulur. Biz tarixi şəhərlərimizə, yaşayış məntəqələrimizə diqqət yetirək. Kiçicik bir ərazidə yerləşən və əhalisi cəmi bir neçə min olan qədim Bakı – İçərişəhərdə onlarla məscid olub. Bu, bizim mədəniyyətimizdir, bizim babalarımız bir məhəllə saldıqda mütləq orada bulaq, hamam, məktəb-mədrəsə ilə yanaşı, məscidlərin tikilməsini də nəzərə almışlar. Tarixən məscidsiz heç bir məhəlləmiz olmayıb. Amma indiki gündə paytaxt böyüyür və şəhərin yeni məhəllələrində məscidlər tikilmir. Halbuki məscid – mənəvi tərbiyə ocağıdır, onların olması təkcə dindar əhalimiz üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün lazımdır. Obrazlı desək, məscidlərin minarələri şəhərin, məhəllənin əlləridir ki, Allaha doğru ucalır və dua edir. Cəmiyyətimizi bu duadan məhrum etməyək.
Bunun həlli yolu budur ki, şəhərlərimiz, yaşayış məntəqələrimiz böyüdükcə orada məktəblərin, parkların, maşınlar üçün dayanacaq yerlərinin tikilməsilə yanaşı, məscidlərin də tikilməsinə yer verilsin. Müvafiq icra hakimiyyəti orqanları ilə dini icmalar, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi, həmçinin ərazinin sakinləri, imkanlı vətəndaşlarımız əl-ələ verib, bu problemin çözülməsinə yardımçı olsunlar.
- Müəyyən qurumlar Aşurada insanların özlərinə xəsarət yetirmələrini, qan axıtmalarını yol verilməz olduğunu söyləyirlər. Sizin fikrinizcə, Aşurada bu əməllərə nə dərəcə riayət olunmalıdır?
- Əlbəttə, dinimizin də tələbidir ki, matəm saxlayarkən insanlar üz-gözlərini cırmasınlar, saçlarını yolmasınlar, özlərinə xəsarət yetirməsinlər. Duyğuların, hisslərin ifadə olunması İslamın bu qaydalarıyla uyğun gerçəkləşməlidir. Əlbəttə, Aşurada tarixi titrədən böyük bir faciə baş verib. Peyğəmbərimizin ümmətə əmanət qoyub getdiyi əhli-beytinə qarşı ən amansız tərzdə xəyanət edilib. Peyğəmbər nəvəsi yaxın ətrafıyla birlikdə qətlə yetirilib, üstəlik başı kəsilərək nizəyə taxılıb, yüzlərlə kilometr bu azğın formada insanlara görk kimi şəhər-şəhər gəzdirilib. İnsanlığa sığmayan bir hadisə! Bu faciə hər bir vicdanlı insanın könlünü ağladır. Amma bununla bərabər, diqqəti İmam Hüseynin o böyük cəsarətinə, şücaətinə də yönəltməyi unutmamalıyıq.
İmam Hüseyn İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı və din adından şəxsi maraqları üçün sui-istifadə edənləri ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək naminə “Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir!” - deyib mübarizəyə qalxıb. O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. Könüllər o böyük faciəyə ağlamaqla bərabər, bu böyük qeyrət və şücaət təntənəsindən də dərs almalıdır. Bu dərsi almış milləti heç bir təcavüzkarlıq qorxusu təhdid edə bilməz, bu məktəbdən lazımi dərs almış cəmiyyətin torpaqları işğal altında inildəyə bilməz!..
- Azərbaycanda dini təhsil alan tələbələrin bilik səviyyəsi sizi qane edirmi?
- Allaha şükürlər olsun ki, getdikcə bu sahədə irəliləyişlərin şahidi oluruq. Amma bununla belə, hələ görüləsi işlərimiz çoxdur. 70 illik ateist rejiminin ən çox zədələdiyi sahələrdən biri də elə budur. Cəmiyyətimiz dini biliklər almaq imkanından məhrum olmuş, böyük alimlərimiz bolşevik rejimi tərəfindən məhv edilmişdir. İndi bu sahədə kövrək addımlar atılır. Ümid edək ki, İnşallah, getdikcə İslam alimlərimizin, savadlı ilahiyyatçılarımızın sayı artacaq. Həmd olsun Allaha ki, artıq bunun ilk işıltılarının şahidiyik.
- Məhərrəm ayında ən çox nəyə riayət olunmalıdır?
- Mənəvi təmizliyə! İmam Hüseyn məktəbinin layiqli şagirdlərindən olmağa çalışaq. Ümumiyyətlə, Həzrət Hüseynin məktəbinin kökləri ta qədim dövrlərə gedib çıxan Haqqla batilin, nübuvvətlə səltənət arasındakı mübarizənin davamı kimi dəyərləndirmək lazımdır. Bu tarixi hadisələr dünən olduğu kimi, müxtəlif zaman və məkanlarda, fərqli adlar altında bu gün də yaşanır və Qiyamətə qədər də yaşanacaqdır. “Hər yer Kərbəladır, hər gün Aşuradır!..” Hər bir dövr insanı üçün önəm daşıyan isə, bu tarixi mübarizədə kimlərin tərəfində yer almasıdır. Allah bizləri Yezidin deyil, İmam Hüseynin yanında yer alanlardan qərar versin!..