Tarix : 2011 Dec 01
Kod 26984

Azərbaycan bölgədə korrupsiyaya görə liderliyi əldən vermir

Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 183 ölkə arasında 143-cü sıradadır
well/Aran agentliyi

 

Korrupsiyanı Qavrama İndeksinə görə Azərbaycan 183 ölkə arasında 143-cü sıradadır. Bu, Beynəlxalq Şəffaflıq Təşkilatı – Transparency İnternationalın gəldiyi qənaətdir. Dünyada korrupsiya ilə mübarizə sahəsəsində ixtisaslaşan ən nüfuzlu təşkilat olan Transparency İnternational dekabrın 1-də bu sahədə vəziyyətə dair illik hesabatını yayıb.

YENİ ZELANDİYA ƏN AZ KORRUPSİYALAŞMIŞ ÖLKƏ OLUB

183 ölkəni əhatə edən hesabatda korrupsiya sahəsində ən ən yaxşı vəziyyətdə olan dövlət kimi Yeni Zelandiya göstərilir. Ondan sonra siyahının yuxarısında ilk 10 yerdə Danimarka, Finlandiya, İsveç, Sinqapur, Norveç kimi ölkələr tutur.

Ən sonda isə Somali qərarlaşır. Siyahının axırında Türkmənistan, özbəkistan, Əfqanıstan, Şimali Koreya kimi ölkələr gəlir.

AZƏRBAYCAN QAFQAZDA LİDERLİYİNİ ƏLDƏN VERMİR... KORRUPSİYADA

Qafqazda ən az korrupsiyalaşmış ölkə Gürcüstan göstərilir. Hesabatda onun yeri 64-cüdür. Ermənistan isə 129-cu sırada qərarlaşır.

Yəni, artIq bir neçə ildir ki, Transparency İnternationalın hesabatında Qafqazın ən korrupsiyalaşmış ölkəsi kimi Azərbaycan göstərilir. Azərbaycan özünün sərhəd qonşuları arasında korrpsiyanın səviyyəsinə görə yalnız Türkmənistanı qabaqlayır, Rusiya ilə eyni səviyyədədir. Amma Rusiya keçənilki 154-cü yerini 10 pillə yaxşılaşdıraraq 143-cü olub.

Keçən il 134-cü yerdə olan Azərbaycanda isə bu il 143-cü olub.

İLİN ƏVVƏLİNDƏN HÖKUMƏTİN ANTİ-KORRUPSİYA KAMPANİYASI VARDI, AMMA...

Amma Transparency İnternational qeyd edir ki, ölkələrin vəziyyətini illər üzrə müqayisə etmək mümkün deyil. Çünki dövlətlərin sırası hər il keçriilən müxtəlif məzmunda və müxtəlif sayda sorğular əsasında müəyyən edilir. 2011-ci ilə aid olan hesabatda da dövlətlərin sırası 20-ə yaxın sorğu və qiymətləndirmə əsasında tərtib edilib.

Azərbaycan hökuməti bu ilin əvvəlindən ölkədə korrupsiyaya qarşı ciddi tədbirləR görüldüyünü bildirir. Bu kampaniya başlayarkən ilk aylarda onun rüşvətin səviyyəsini nisbətən azaltması barədə hətta ictimai təşkilatlar da danışırdılar. Amma bir neçə ay sonra rüşvətxorluğun əvvəlki səviyyəyə qayıtdığı barədə tənqidlər gücləndi.

TRANSPARENCY İNTERNATİONAL XƏBƏRDARLIQ EDİR

Transparency İnternational hesabatında qeyd edir ki, korrupsiya vəba kimi olduqca çox sayda ölkəyə yayılıb. Təşkilat xəbərdarlıq edir ki, hazırda dünyanı bürüyən etiraz dalğaları əksər hallarda korrupsiya və iqtisadi qeyri-sabitliyə görə alovlanır.

Etirazlara qoşulan vətəndaşlar açıq-aşkar liderlərinin və dövlət qurumlarının şəffaf və məsuliyyətli olduğuna inanmadıqlarını deyirlər. Ona görə də liderlər daha səmərəli hökumət barədə tələbləri diqqətlə nəzərdən keçirməlidirlər.

(Azadliq.org)

  • Yazılıb
  • da (də) 2011 Dec 01