Tarix : 2011 Dec 01
Kod 26985

Əliyevdən partiyaları qapatmaq göstərişi

Parlamentdə təkpartiyalı sistemə keçid hazırlanır
well/Aran agentliyi

 

Hakimiyyətin beynəlxalq birliklə «alver» niyyəti baş tutacaqmı?

Azərbaycanda təkpartiyalı siyasi sistemin yaradılması üçün hakimiyyət “Siyasi partiyalar haqqında” qanuna mürtəce dəyişikliklər etməyə hazırlaşır. Qanun layihəsi haqda “Azadlıq” qəzetinin əldə etdiyi məqamlardan ən azı üçü belə bir iddia irəli sürməyə əsas verir.

Qanuna ediləcək dəyişikliklərdən biri partiyaların maliyyələşməsilə bağlıdır. Layihədə dövlət büdcəsindən ayrılan vəsaitin 90 faizinin parlamentdə təmsil olunan partiyalara, 10 faizinin isə parlamentdən kənarda qalan, lakin sonuncu səsvermədə iştirak edənlərin ən azı 3 faizinin səsini qazanan partiyalara verilməsi nəzərdə tutulur.

Bu isə o deməkdir ki, ayrılan pulun hamısı YAP və onun “peykləri”nə çatacaq. Çünki 2010-cu ilin parlament seçkiləri elə “uzaqgörənliklə” saxtalaşdırılıb ki, heç bir real müxalifət partiyasına heç 3 faiz də səs yazılmayıb.

Ikinci mürtəce dəyişiklik yeni partiya yaratmaq üçün tələb olunan təsisçi sayının 1000 nəfərdən, 5000 nəfərə qaldırılmasıdır. Ekspertlər bildirir ki, bu dəyişiklikdən sonra mövcud partiyaların yenidən qeydiyyatdan keçməsi tələb oluna bilər. Bu isə “arzuolunmaz” partiyaları qeydiyyatdan məhrum etməyə bəhanə ola biləcək.

Üçüncü analoqsuz mürtəce dəyişiklik isə ikinci ilə üzvi bağlıdır. Bu dəyişiklikdə göstərilir ki, qeydiyyatı olmayan partiyanın bəyanat verməsi, öz adından hər hansı formada fəaliyyət göstərməsi yasaq olunur. Bu yasağın pozulması isə hüquqi məsuliyyət yaradır.

Aydın məsələdir ki, “dəyişiklik” adı verilsə də, yuxarıdakı addımlar Azərbaycan siyasi arenasında monotonluq yaratmağa xidmət edir. Bu dəyişiklikdən sonra (qəbul ediləcəksə) ölkədə de-fakto təkpartiyalı sistem yaranır. Əlbəttə, bir sıra “cib müxalifəti” partiyalarının qeydiyyatı və fəaliyyəti yenə olacaq. Lakin real qüvvələri təmsil etməyən yalançı qurumları qeydiyyatdan keçirmək heç də ölkədə çoxpartiyalı sistemin mövcudluğu demək olmayacaq. Bu, uzaqbaşı, sovet dövründə Şərqi Avropa ölkələrində kommunist partiyası ilə yanaşı, 3-4 “partiya”nın da fəaliyyət göstərməsinə bənzəyəcək.

Bəzi ekspertlər iddia edir ki, hakimiyyət dünyada indi baş verənlərin fonunda belə bir addım atmağa cəsarət etməz. Sadəcə, bununla Heydər Əliyevin beynəlxalq birliklə alver etmək taktikasından yararlanmaq istəyir. Yəni, əsas niyyətini gizlətmək üçün qanuna çoxlu sayda mürtəce müddəalar salır, bu hal rezonans doğuranda isə guya geri çəkilərək, müddəaların bir qismindən imtina edir, əsasını isə saxlayır. Indiki halda isə əsas niyyətin YAP və onun “peykləri” hesabına dövlət büdcəsindən daha nə qədərsə vəsait mənimsəmək olduğu ehtimal edilir.

Azadlıq

  • Yazılıb
  • da (də) 2011 Dec 01