Tarix : 2011 Dec 02
Kod 27002

Hakimiyyət Britaniya mətbuatına hücuma keçdi

Əliyev «Guardian»nın ifşaedici materiallarına dözmədi
well/Aran agentliyi

 

Azərbaycan hakimiyyəti Britaniyanın nüfuzlu nəşrlərindən olan “Guardian” qəzetinə qarşı hücuma keçib. Hələlik atəş rəsmi qəzetlərdən açılır. Noyabrın 30-da “Bakinskiy raboçi” qəzetində nəşrin baş redaktorunun imzası ilə “Britaniya mətbuatının ”məkrli Albionu" başlıqlı məqalə dərc olunub. Bir gün sonra, yəni dünən həmin məqalə “Azərbaycan” qəzetində verilib. Məqalədə “Guardian”ın Azərbaycan reallıqlarını əks etdirən məqalələri təftiş olunub və Britaniyanın bu nüfuzlu nəşri “ifşa” edilib.

Guardian”a qarşı hücum bu qəzetin son vaxtlar Azərbaycan hakimiyyəti və iqtidarda təmsil olunan məmurlar, xüsusilə fövqəladə hallar naziri Kəmaləddin Heydərov barədə sensasiyalı yazılar dərc etməsilə bağlıdır. Görünür, bu yazılar hədəfə dəydiyindən hökumət “Guardian”ı susdurmağı qərara alıb. Iqtidar ideoloqları düşünür ki, beynəlxalq ictimai rəyə təsir edən bu nüfuzlu nəşr barədə fakta söykənməyən ittihamlar yazmaqla toxunulmazlıqlarını təmin edə biləcəklər. Prezident Administrasiyasında (PA) məqalə hazırlayıb onu heç Azərbaycanın ictimai rəyinə təsir etmək gücündə olmayan iki rəsmi qəzetdə dərc etdirmək məhz bu düşüncənin məhsulu ola bilər.

Hakimiyyətin “Guardian”a hücumunu həm də Britaniya hökumətinə diş qıcırtması kimi də dəyərləndirmək olar. Görünən odur ki, iqtidar Britaniya qəzetinin ard-arda Azərbaycanla bağlı məqalələr dərc etməsini bu ölkənin hökumətindən gələn tapşırıq hesab edir. Bu, açıq şəkildə vurğulanmasa da, müəyyən eyhamlar var. Lap tutaq ki, belədir, amma axı avtoritar və korrupsioner hökumət kimi tanınan Azərbaycan iqtidarı bu səmərəsiz hücumlarla nəyə nail ola bilər? Bu hücumlar hakimiyyətlə bağlı daha ciddi faktların beynəlxalq səviyyədə ictimailəşməsinə səbəb olmazmı? Bu baxımdan Azərbaycan iqtidarı vaxtını beynəlxalq aləm üçün, elə “Guardian” üçün də əhəmiyyətsiz olan əsassız ittihamlar hazırlamağa sərf etməkdənsə, demokratik dünyanın tələb etdiyi islahatları həyata keçirsə, daha yaxşı olar.

Azadliq

  • Yazılıb
  • da (də) 2011 Dec 02