Tarix : 2011 Dec 03
Kod 27039

“Siz hakimlərin beyni yoxdur!”

Bakı Apellyasiya Məhkəməsində Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlının və dostu Ceyhun Fərzullayevin şikayətinə baxıldı
well/Aran agentliyi

 

Bakı Apellyasiya Məhkəməsində Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlının və dostu Ceyhun Fərzullayevin şikayətinə baxıldı. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə N. Pənahlı onları mühakimə edənlərə səsləndi: “Aksiya ilə bağlı bir qrup gənci, dini münasibətlərə görə islamçıları, ifadəmə görə məni həbs ediblər. Buna görə hər kəs cavab verməli olacaq. Burada Ceyhunu həbs ediblər, onun heç bir günahı yoxdur, mənə ömürlük cəza verin, bunun da əvəzində Ceyhunu azadlığa buraxın”.

Partiya sədri hakimləri sifariş icrası olmaqda ittiham etdi: “Siz hakimlərin beyni yoxdur, özünüz öz fikirlərinizlə hərəkət edirsiniz. Nə vaxta kimi belə olacaq? Biz vaxtı ilə hər şeyi gözümüz önünə alaraq meydanlara çıxdıq və azadlığımızı tələb etdik. Siz hakimlər də boş vaxtınızda bir qədər fikirləşin, nə zamana kimi başqalarının idarəcliyində olacaqsız. Siz də bir dəfə öz fikirlərinizlə hərəkət edin, kimisə azadlığa buraxın. Sizə nə edəcəklər, uzaqbaşı işdən çıxaracaqlar. Bu gün ərəb ölkələrində inqilablar olur. Bir gün bu ərəb dalğası buraya da gələcək. Onda sizin kimilər cavab verməli olacaqlar”. N. Pənahlının çıxışından sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollandılar. Təxminən 10 dəqiqəlik müşavirədən sonra hökmün qüvvədə saxlanılması barədə qərar elan olundu.

Xatırladaq ki, Xalq Hərəkatının liderlərindən olmuş Nemət Pənahlı bu il yanvarın 8-də dostu Ceyhun Fərzullayevlə birgə tutulub. Onlar silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham ediliblər. İyunun 17-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlını 6, Ceyhun Fərzullayevi 4 il müddətinə azadlıqdan məhrum edib.

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 03