Dekabrın 2-də Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə həbs olunmuş ilahiyyatçı Taleh Bağırovun və Elşən Abbasovun ...
well/Aran agentliyi
Dekabrın 2-də Nərimanov Rayon Məhkəməsində “Hicaba azadlıq” aksiyasına görə həbs olunmuş ilahiyyatçı Taleh Bağırovun və Elşən Abbasovun məhkəmə prosesi keçirilib.
“Hicaba azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub. Artıq 9 nəfər barəsində məhkəmə qərarı çıxarılıb.
Taleh Bağırov və Elşən Abbasov Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunurlar.
Vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, dekabrın 2-də keçirilən prosesə zərərçəkən kimi gəlmiş şəxslərin bəzisi əvvəlki hicab məhbuslarının mühakiməsində də olublar: “Onlardan birini tanıdım - Rəşad İsrafilov. İfadəsində bildirdi ki, məni dördüncü dəfədir məhkəməyə zərərçəkən qismində çağırırlar. Dedi dəymiş ziyanın ödənilməsini də istəmirəm, kiminsə buna görə cəzalandırılmasını da. Bu açıqlamadan sonra zərərçəkən ərizə yazaraq təqsirləndirilən şəxslərin ona heç bir zərər vurmadığını qeyd etdi.
Daha bir zərərçəkən - Murad Səmədov eyni qaydada ərizə yazaraq zərərin ödənilməsindən imtina etdi. Eyni zamanda o, məhkəmədə əyləşən təqsirləndirilən şəxsləri tanımadığını dedi.
İlkin istintaq zamanı ilahiyyatçı Taleh Bağırovun üzünə duran polis leytenantı Rəşid Məhərrəmzadə də 2 dekabr prosesində iştirak etdi. Ekspertizanın rəyinə görə, polis əməkdaşının sağ ayağının şəhadət barmağında sıyrıq var. Polis leytenantı ilkin istintaqa Taleh Bağırovun ona iki yumruq vurduğunu deyib. Məhz bundan sonra hüquqlarını müdafiə etdiyim şəxsə xuliqanlıq maddəsi ilə ittiham qaldırıldı. Bu gün Rəşid Məhərrəmzadəyə xeyli sual verdik. Məhkəmədəki ifadəsində Rəşid Məhərrəmzadə Taleh Bağırovun onu qəsdlə vurmadığını dedi. O təsvir etdi ki, Taleh qaça-qaça gedirmiş və onu tutmaq istəyəndə əlindən çıxıb. Bu zaman onun əli polisə dəyib. Yəni bu toqquşma qəsdlə olmayıb.
Bu epizodla bağlı videokadrlar var, onlara baxdıq. Bəlli oldu ki, aksiya günü Taleh Bağırov qaçan zaman Rəşid Məhərrəmzadə ilə baş-başa dəyməmək üçün əlini qabağa verib. Kadrlardan da görünür ki, Taleh Bağırov polisə heç bir müqavimət göstərməyib, ona zərər vurmayıb. Qeyd edim ki, Taleh Bağırova qarşı qaldırılmış xuliqanlıq ittihamı üzrə istintaqçıların yeganə sübut bu idi. Lakin məhkəmədə sübuta yetirildi ki, belə bir sübut yoxdur”.
Proses dekabrın 9-da davam edəcək.