200 manat cərimə tətbiq edilən bir əməl, heç bir əsas olmadan, 5 ilədək həbs kimi son dərəcə ağır cəza təhdidi ilə cinayət əməli elan edilir
well/Aran agentiliyi
200 manat cərimə tətbiq edilən bir əməl, heç bir əsas olmadan, 5 ilədək həbs kimi son dərəcə ağır cəza təhdidi ilə cinayət əməli elan edilir
Məlum olduğu kimi, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dini fəaliyyətlə bağlı dəyişikliklər edilib.
Bu dəyişikliklər arasında ən heyrət doğuranı - 300.0.1 və 300.0.2 maddələrin İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq, birləşdirilmiş formada 167-2 maddəsi kimi Cinayət Məcəlləsinə daxil edilməsidir.
Belə ki, öncə İnzibati Xətalar Məcəlləsində belə bir maddələr var idi:
300.0.1. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən dini təyinatlı və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal və ya ixrac edilməsinə;
300.0.2. istehsalına və ya idxalına müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamış dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən yayılmasına görə-
- inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar 200 manatdan 400 manatadək miqdarda cərimə edilirlər.
Lakin, yeni deyişikliklərlə, bu 2 maddə İnzibati Xətalar Məcəlləsindən çıxarılaraq, ayrıca maddə kimi Cinayət Məcəlləsinə daxil edilir.
Maddə 167-2.
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və yaymaq məqsədilə idxal etmə, satma və yayma 5000 manatdan 7000 manatadək miqdarında cərimə və ya 2 ilədək müddətində azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
167-2.2. eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, eyni zamanda təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək miqdarında cərimə və ya 2 ildən 5 ilədək müddətində azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
Dünya hüquq praktikasında belə dəyişiklik tapmaq çətin olar. 200 manat cərimə tətbiq edilən bir əməl, heç bir əsas olmadan, 5 ilədək həbs kimi son dərəcə ağır cəza təhdidi ilə cinayət əməli elan edilir.
Bu əməlin ictimai təhlükəliyi nədədir? Bir daha diqqət edək ki, dini ədəbiyyatı və dini əşyanı satmaq kimi sadə ticari bir əməliyyat, qısa bir müddət ərzində 200 manatlıq cərimə ilə cəzalandırılan inzibati xətadan, 5 ilədək azadlıqdan məhrum edilmə kimi ağır cəza ilə cəzalandırılan cinayət əməlinə çevrilir. Xatırladaq ki, təqribən 1 ilə yaxın idi ki, İnzibati Xətalar Məcəlləsinə bu maddə ilə bağlı dəyişiklik edilmişdi. Bu 1 il ərzində nə qədər cərimələr tətbiq edildi, nə qədər “kütləvi pozuntu halları” fiksə edildi ki, birdən-birə belə ağır cəza ilə bu təhlükəli əməlin qarşını almaq qərarına gəlindi?! Yəni, bir əməli qadağan etdikdən sonra, bu qadağaya görə sanksiay effekt vermədikdə, onun sərtləşdirilməsi təklif edilir. Bu müddət ərzində dini ədəbiyyatın və dini əşyaların satışına görə cərimə ya heç tətbiq edilmirdi, ya da tək-tük hallarda olurdu. Belə olan halda, nə səbəbdən birdən-birə qanunverici qərara gəlir ki, bu əməlin qarşısını almaq üçün misilsiz sərtləşmə, ağır cəza tətbiq etməlidir?!
Hüquqda əməlin ictimai təhlükəliyi anlayışı var. İctimai təhlükəlilik - əməlin cinayət tərkibinin obyektiv tərəfidir. Əməlin kriminallaşdırılması – yəni cinayət əməli kimi səciyyələndirilməsi, məhz onun ictimai təhlükəliliyi ilə diktə edilir.
İctimai təhlükəlilik:
- bu və ya digər ictimai münasibətlərin əhəmiyyətliliyindən;
- qanunla qorunan obyektə vurulan ziyanın dərəcəsindən;
- əməlin xüsusiyyətlərindən və digər amillərdən asılıdır.
Sual olunur, dini ədəbiyyatın və dini əşyaların satışı hansı amillərə əsasən cinayət tərkibli əməl hesab edilib? Qanunverici hansı müddəaları rəhbər tutaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi olmadan dini ədəbiyyatın və dini əşyaların satışını qəfildən cinayət əməli sayıb?!
Diqqət edək, qanunda deyilmir: “məhkəmənin qanuna minmiş hökmü ilə qadağan edilmiş ədəbiyyatın satışına görə”. Belə olsaydı, qanunvericinin hərəkətini hansısa məntiqlə izah etmək olardı. Bir kitab məhkəmə hökmü ilə qadağan edilib, kimsə bilərək bunu satır. Hətta bu halda da, cərimədən o yana cəza tətbiq etmək – qeyri-adekvat cəza sayılardı. Burada isə, inanılmaz olsa da, sadəcə dini ədəbiyyatın və dini əşyaların satışına görə azadlıqdan məhrum etmə cəza növü tətbiq edilir! Buradan belə çıxır ki, dini ədəbiyyat və dini əşyalar özlüyündə o qədər təhlükəli predmetlərdir ki, bunların sadəcə icazəsiz satışı artıq 5 ilədək azadlıqdan məhrum etmək kimi ağır cəza təhdidi ilə qadağan edilir.
Sual oluna bilər: dini ədəbiyyatın bu zərərliyi hansı araşdırma və tədqiqatlara əsaslanır? Bunlar nə vaxt və kim tərəfindən aparılıb? Hansı müzakirələrlə isbata yetib? Təbii ki, cavab yoxdur. Axı, zatən, ola da bilməz.
Hər hansı dini ədəbiyyatın və ya dini əşyanın satışı nəticəsində nə baş verə bilər ki, qanunverici bunun qarşısını almaq üçün belə ağır cəza ilə təhdid edir? Bu sualın da cavabı yoxdur. Ümumiyyətlə, bu məsələ ilə bağlı heç bir sualın cavabı yoxdur.
Dini ədəbiyyatın satışına görə tətbiq edilən cəzaya toxunaq. Ümumi halda cəza - cinayət-hüquqi xarakterli tədbir olaraq, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Dini ədəbiyyatın və ya dini əşyanın satışı ilə sosial ədalət harada pozuldu? Məhkumu nədən islah etmək lazım gəldi? Nə qədər ağır cinayətdir ki, insanları cəza təhdidi ilə bu əməli törətməkdən yayındırmaq lazımdır? Yenə də cavabsız suallar.
Gördüyümüz kimi, dini sahəyə gəldikdə, cinahət hüququnun universal formulasının əleyhinə hərəkət edilir. Dünya qanunvericilik praktikasında, habelə, ölkədə də indiyədək olmayan hüquqi nonsens irəli sürülür – ictimai təhlükəli olmayan, adi, normal əməlin özü cinayət təqibinə məruz qoyulur. Hər hansı əməlin ictimai təhlükəsi olmayanda, qanunverici bunu inzibati tənbehlərlə qadağan edir. Dini sahəyə gəldikdə isə, tamamilə qərəzli və əsassız bir mövqenin sərgilənməsinin şahidi oluruq.
Ağır nəticəyə gətirib çıxarmayan əməli, özü də ümumən adi, normal əməli cinayət təqibinə məruz qoymaq, özü də uzun müddətə azadlıqdan məhrum etmək cəzasına məruz qoymaq – hüquq sahəsində, qanunvericilik sahəsində mümkün olmayan bir haldır. Bu, hüquq məntiqinə, qanunvericilik məntiqinə tamamilə zidd məsələdir.
Əməlin cinayətliliyi – onun ictimai təhlükəliliyinin törəmə funksiyasıdır. Obyektiv olaraq ictimai təhlükəli olmayan əməlin cinayət elan edilməsi – qanunvericilik səhvidir. Ağır nətəcələrə gətirib çıxara bilən bu səhvi düzəltmək – dövlətçilik yanaşması baxımından zəruri əməldir.
DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin) analitik-hüquqi departamenti