Tarix : 2011 Dec 11
Kod 27203

“Human Rights Watch” Azərbaycan hakimiyyətini topa tutdu

Azərbaycanda elə vəziyyətdir ki, hüquq müdafiəçilərinin özləri birbaşa hüquq pozuntularının qurbanı olur”
well/Aran agentiliyi

 

Azərbaycanda elə vəziyyətdir ki, hüquq müdafiəçilərinin özləri birbaşa hüquq pozuntularının qurbanı olur”. Bunu “Azadlıq” radiosunun “İşdən sonra” proqramında “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya bölməsinin müdir müavini Rachel Denber deyib. Onun fikrincə, Azərbaycanda insan hüquqları sahəsində vəziyyət həddən artıq gərgindir. Amma önəmli hal odur ki, bu pozuntuları diqqətə çatdıran kifayət qədər hüquq müdafiəçisi var: “Ciddi təzyiqlərə, çətin şəraitə baxmayaraq Azərbaycanda kifayət qədər zəhmətkeş və öz peşəsinə sadiq hüquq müdafiəçisi var. Onlar pozuntuların aşkarlanmasında və bu halların beynəlxalq sferaya çıxarılmasında yaxşı işlər görür”.

R.Denber bildirib ki, insan hüquqları ilə bağlı pozuntular dünyanın hər yerində var. Ancaq bu haldan əks arqument kimi istifadə etmək yanlışdır: “İnsan hüquqlarının pozulması ABŞ-da, Britaniyada, dünyanın hər yerində baş verir. Bu, o deməkdir ki, səma mavidir, dəniz suludur. Biz Azərbaycanda insan hüquqlarından danışanda Azərbaycandakı real vəziyyətdən söhbət edirik. Biz İngiltərədən danışırıqsa, orda yüzlərlə hüquq müdafiə təşkilatı var. Bu təşkilatlar oradakı hüquq pozuntularını araşdırır, hökuməti islahatlara məcbur edir. Azərbaycanda insan hüquqları haqda bir beynəlxalq hesabat olanda hökumət cavab verir ki, pozuntular dünyanın hər yerində var. Amma məncə, bu, çox ucuz bəraətdir. Deməli, ABŞ tənqid olunanda Amerika rəsmisi deyə bilər ki, siz niyə Amerikadan danışırsınız, Azərbaycanda insan hüquqları pozulur, gedin oranı araşdırın. Belə olan halda Azərbaycan rəsmiləri özlərini necə hiss edər? ABŞ, Britaniya rəsmiləri bu cür danışsa, Azərbaycan rəsmiləri bunu çox qəribə qarşılayar”.

Hüquq müdafiəçisi düşünür ki, Azərbaycan hakimiyyəti siyasi və vicdan məhbuslarını azad etməklə heç nə itirməyəcək: “Hazırda 17 vicdan məhbusu həbsdədir. Vəkillərə edilən təzyiqlər dayandırılmalı, siyasi motivlərlə həbs olunanların hamısı buraxılmalıdır. Bununla hökumət heç nə itirməyəcək. Onlar oyunu uduzmaq istəyirsə, bu oyunu davam etdirsinlər. Uzunmüddətli strategiya üçün insanları azadlıqdan məhrum etmək çox yanlış addımdır”.

R.Denber deyir ki, Azərbaycan hakimiyyəti vaxt itirmədən demokratik institutlar qurmalıdır. Sonra gec ola bilər: “Son 10 ayda baş verənlər göstərir ki, hər şeyi sabitliyə qurban verən hökumətlər sonradan qeyri-sabitliklə üzləşir. Hökumət vaxt itirməməli və demokratik institutları indidən qurmalıdır. Çünki bu institutlar qurulmasa, ölkədə kövrək avtoritar rejim olacaq. Belə sabitlik dayanıqlı deyil”. musavat.com

  • Yazılıb
  • da (də) 2011 Dec 11