Tarix : 2011 Dec 12
Kod 27208

Hillari Klinton Azərbaycanı Zimbabveyə bənzətdi

ABŞ dövlət katibi Hillari Klinton 10 dekabr Beynəlxalq İnsan Haqları günü münasibətilə Azərbaycanla bağlı mesaj yayımlayıb
well/Aran agentliyi

 

ABŞ dövlət katibi Hillari Klinton 10 dekabr Beynəlxalq İnsan Haqları günü münasibətilə Azərbaycan iqtidarını qəzəbləndirəcək mesaj yayımlayıb. Onun Dövlət Departamentinin rəsmi saytında yerləşdirilən bəyanatında deyilir ki, 1948-ci il dekabrın 10-da dünya liderləri BMT Baş Assambleyasına toplaşdılar və öz üzərlərinə öhdəlik götürdülər ki, bütün insanların haqları və əsas azadlıqları təmin olunsun.

İnsan Haqları barədə Bəyannamədə əksini tapan bu öhdəliklərə görə insan dünyaya gələndən etibarən müəyyən təxirəsalınmaz hüquqlara malikdir.

Dünyada sülh və ədalət, azadlıq bu hüquqların əsasını təşkil edir” - deyə dövlət katibi bildirib. Hillari Klinton deyib ki, 63 ildir ki, Yaxın Şərqin, Şimali Afrikanın və digər bölgələrin insanlarının küçələrdə, meydanlarda və digər çevrələrdə azadlıq çağırışları eşidilməkdədir.

Dövlət katibi bildirib ki, hər bir ölkənin vətəndaşı öz hökumətini formalaşdırmaq, onların hüquq və azadlıqlarına təminat verən konstitusiyasını müəyyənləşdirmək hüququna malikdir: “Və bu keçid dövrünü yaşayan hər bir ölkənin insanlarına da aiddir, onlar azadlıqları və hüquqları boğmağa çalışanlara qarşı mübarizə aparıb demokratik dövlət qurmaq ümidlərini itirməməlidir. Bu il ərzində bizim universal hüquq və azadlıqlarını, sərbəst toplaşmaq, öz fikirlərini azad şəkildə ifadə edə bilmək haqlarını tələb edən insanlara qarşı şahidi olduğumuz zorakılıqlar İnsan Haqları Bəyannaməsində əksini tapmış dəyərlərlə dünyanın hər yerində bir çox insanların üzləşdiyi vəziyyət arasında məsafənin nə dərəcədə böyük olduğunu xatırladır. Azərbaycandan tutmuş Zimbabveyə qədər siyasi məhbuslar öz ideyalarını, fikirlərini ifadə etdiklərinə, müdafiə etdiklərinə görə hələ də həbsxanalarda saxlanılır. Bu gün biz bütün hökumətlərə müraciət edərək siyasi məhbusları dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq".

ABŞ xarici siyasət idarəsinin rəhbəri əlavə edib ki, Beynəlxalq İnsan Haqları gününün qeyd olunduğu bir vaxtda Birləşmiş Ştatlar bir daha bu ideallara sadiq olduğunu təsdiqləyir. “Biz insan haqlarını müdafiə edən və buna görə sıxışdırılan insanların yanındayıq” - deyə o bildirib.

ABŞ rəhbərləri birinci dəfə deyil ki, insan haqları və azadlıqlarla bağlı dünyaya ünvanlanmış mesajlarında Azərbaycanın adını Zimbabve ilə yanaşı çəkirlər. 2008-ci ildə o vaxtkı prezident Corc Buş da beynəlxalq mətbuat azadlığı günü ilə bağlı yaydığı bəyanatda “Azərbaycandan tutmuş Zimbabveyə qədər” dünyanın bir çox ölkələrinin jurnalistlər üçün həbsxanaya çevrildiyini bildirmişdi. Sonradan WikiLeaks saytında yayılan Amerika məxfi diplomatik teleqramlarından məlum oldu ki, Buşun Azərbaycanın adını Zimbabve ilə yanaşı çəkməsi Bakıda hansı reaksiyanı doğurub. Amerika rəsmiləri ilə görüşlərdə bu məsələ qaldırılmışdı və Buşun Azərbaycanın adını Zimbabve ilə yanaşı çəkməsindən ciddi narazılıq ifadə olunmuşdu.

Bu baxımdan gözlənilir ki, H.Klintonun bəyanatı da hakimiyyət təmsilçilərində Vaşinqtona qarşı kəskin reaksiyalara səbəb olacaq. Xüsusən elə bir vaxtda ki, hakimiyyət ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün lobbi fəaliyyətlərini gücləndirir. ABŞ rəhbərləri bu cür bəyanatlarda Azərbaycanın adını Zimbabve ilə eyni sırada çəkərkən ölkələrin adını yəqin ki, təsadüfən seçmirlər. Çünki indi insan haqlarının vəziyyətinə görə Azərbaycandan da betər gündə olan xeyli ölkə tapmaq olar.

Musavat.com

  • Yazılıb
  • da (də) 2011 Dec 12