Lənkəranın bir qrup dindarı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə açıq məktub ünvanlayıb
well/Aran agentliyi
"Azərbaycanda tutduğunuz mühüm posta baxmayaraq, dindarların hüquqlarını müdafiə etmədiniz, dövlətlə dindarlar arasında vasitəçi olmadınız, əksinə, uçuruma vəsilə oldunuz"
Lənkəranın bir qrup dindarı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadəyə açıq məktub ünvanlayıb. Məktubda inanc adamlarının rayonda dini sahədə yaranmış dözülməz şəraitdən, xüsusən də Şeyxin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni (Sədi) Axundzadənin fəaliyyətindən ciddi narazılıq ifadə edilib.
Məktubda deyilir: “Hörmətli Şeyx, Axundzadənin din xadiminə yaraşmayan hərəkətləri haqda sizə müxtəlif vasitələrlə məlumat verməyə, harayımızı çatdırmağa çalışdıq. Məktublar, müraciətlər yolladıq, mətbuatda çıxış etdik, görüşməyə çalışdıq. Güman edirdik ki, bütün bunlar sizi Lənkərandakı vəziyyəti dəyişdirmək üçün hərəkətə keçməyə vadar edər. Lakin əksi baş verdi”.
Şikayətçilər axund Sədinin cənub bölgəsinin dini sferada qeyri-məhdud səlahiyyətə malik olmasını QMİ sədrinin ona verdiyi külli-ixtiyarla əlaqələndirirlər: “Bizim sizə və ümumiyyətlə, Qafqaz Müsəlmanları İdarəsinə olan-qalan inamımız tamamilə sarsılıb. Çarizm və sovet idarəçiliyinin qalığı olan bu idarə onsuz da əhəmiyyətini çoxdan itirib. Gurultulu adına baxmayaraq onun səlahiyyətləri yalnız Azərbaycanla məhdudlaşır. Qalan Qafqazın heç yerində (Dərbənd və Xasavyurtun 2 şiə məscidi istisna olmaqla) bu idarənin səlahiyyəti yoxdur, siz də dini rəhbər kimi tanınmırsınız. Azərbaycanda isə tutduğunuz mühüm posta baxmayaraq dindarların hüquqlarını müdafiə etmədiniz, dövlətlə dindarlar arasında vasitəçi olmadınız, əksinə, uçuruma vəsilə oldunuz. Azan, hicab, məscidlərin sökülməsi və bağlanması kimi vacib məsələlərdə utancverici susqunluq nümayiş etdirdiniz”.
Məktub bu sözlərlə bitir: “Bu gün Azərbaycanın bir çox yerlərində Aşura təziyələri qadağan edilir, yaxud məhdudlaşdırılır. Bir neçə il öncə Süleyman Mikayılov icra hakimiyyətini başçısı olduğu zaman ata yurdunuz Lənkəranda da eyni şeylər baş verdi. Lakin nə o zaman, nə də indi sizin mövqeyinizi görmədik. Bütün bunları nəzərə alaraq biz, Lənkəran dindarları QMİ-nin ləğvini, Türkiyədə olduğu kimi Diyanət İşləri Başqanlığının yaradılmasını, sizin isə bizə rəhbərlikdən uzaqlaşdırılmanızın tərəfdarı olduğumuzu diqqətinizə çatdırmağı özümüzə borc bilirik”.
Faktxeber