Özü oğlan, sənədi qız. İndi gəl koru körpüdən keçir
well/Aran agentliyi
Faktxeber.com-un İzRus-a istinadən verdiyi məlumata görə, Azərbaycandan vətəninə qayıdan balaca repartriantı (Azərbaycandan köçmüş yəhudi – red.) «qız» İsraili bir-birinə qatıb.
Belə ki, İsrailin Daxili İşlər Nazirliyinin məmuru Kiryat Ekrone Azərbaycandan qayıdan azyaşlı Freddi Paustovskini «qız» kimi qeydiyyatdan keçirir. Uşağın artıq 20 ildir ki, İsraildə yaşayan babası səhəri bu səhvi düzəltmək üçün DİN-ə müraciət etsə də, rədd cavabı alır. Onlar bildiriblər ki, uşağın oğlan olduğu aydın görünsə də, buna görə tibbi arayış lazımdı. Baba uşaq həkiminə müraciət edərək deyilən sənədi əldə edir. Lakin bu da kömək etmir. DİN sənədin notarial qaydada təsdiqini tələb edir. Maraqlıdır ki, bu sənəd də onları qane etmir. DİN nümayəndəsi Freddinin babasından tələb edirlər ki, Azərbaycan Səfirliyindən uşağın cinsiyyəti barədə məlumat alsın. İsraildə isə Azərbaycanın diplomatik nümayəndəliyinin olmaması məmurların vecinə olmayıb.
Bu məzhəkə davam etdiyi müddətdə isə «cinsiyyəti müəyyən olunmadığı üçün» valideynlər uşağı bağçaya yazdıra bilmirlər.
Sonda yerli jurnalistlərdən birinin DİN-ə müraciət etməsiylə hər şey təcili surətdə həll olunur. Onlar mətbuat işçisini görən kimi, doğum haqqında şəhadətnamənin kifayət elədiyini bildirərək, problemi həll ediblər.