Tarix : 2011 Dec 14
Kod 27280

“Azərbaycan prezidentinin son addımı bütün inanclı kəsimi məyus etdı”

Vüsal Hətəmov: “Ölkə prezidentinin son addımı bütün inanclı kəsimi məyus etdi”
well/Aran agentliyi

 

 

Artıq birmənalı aydın olur ki, son dövrlər ölkədə islama qarşı təzyiqlər hakimiyyətin iradəsi ilədir. Əvvəlcə dinə ürəkdən bağlı insanlar təzyiqləri ötəri hal kimi dəyərləndirir və hesab edirdi ki, bu, xarici dövlətlərə işləyən hansısa qüvvələrin təsirindən doğur. Amma ölkə prezidentinin son addımı bütün inanclı kəsimi məyus etdi”. Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov “Media forum” saytına belə deyib.

Dekabrın 12-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Məcəlləyə edilmiş dəyişikliklə icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsi qadağandır.

Həmin gün prezident İlham Əliyev Cinayət Məcəlləsinə yenilikləri də imzalayıb. Cinayət Məcəlləsinə əlavə edilən yeni maddəyə görə, qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma beş ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prezidentin sərəncamlarına münasibət bildirən Vüsal Hətəmov “Media forum”a deyib ki, inanclı kəsimə, milli-mənəvi dəyərlərə, dininə daha hörmətlə yanaşan şəxslərin varlığı bu ölkəyə xeyirdir: “Sosial problemlərin ağırlığına dözməyib cinayət törədən şəxslərin, demək olar, hamısı dininə ciddi yanaşmayan insanlardır. Ölkə prezidenti bu addımı ilə dövlətimizdə vicdani-ideoloji damarı qapayır. Mən xaricdə, ələlxüsus da İranda, Türkiyədə, Suriyada oxuyan tələbələrin bir çoxunu məclislərdə, tədbirlərdə Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən, Bəxtiyardan, Rumidən, Hafizdən, Sədidən danışan görmüşəm.

Vüsal Hətəmov islam dininə aid ayin və mərasimləri Azərbaycandan kənarda dini təhsil almış vətəndaşların həyata keçirməsinə qadağanın anlaşılmaz olduğunu vurğulayıb: “Yaxşı, bəs görəsən, dini ayinləri kimlər icra edəcək? Sovet İttifaqı dağılarkən ərəb əlifbasını çörək ağacı kimi öyrənən dırnaqarası mollalarmı? Həmin mollalar dini ayinləri təhrif edir axı! Savadlı, ölüsünə hörmət edən şəxslər onsuz da dırnaqarası mollalara mərasim etibar edən deyil. Bu səbəbdən də insanlar, hesab edirəm ki, çətinliklərlə üzləşəcək, ictimai ziddiyyələr yaranacaq. Düzdür, ölkəmizdə İslam Universiteti mövcuddur. Amma həmin universitetin məzunlarının əksəriyyəti ilə tanış olduqda görürsən ki, bu universitetin ancaq adı var. Orada yaxşı oxuyan uşaqların hamısı məscidlərdə öz bilgi bazalarını artırmış tələbələrdir”.

"Media forum"

  • Yazılıb
  • da (də) 2011 Dec 14