Azərbaycan Respublikasının ''Mənəvi Saflığa Dəvət'' təşkilatının sədri ölkədə dini təhsilin önəm daşıdığına və alimlərdən bəhrələnməyə təkid edib
well/Aran agentliyi
Azərbaycan Respublikasının "Mənəvi Saflığa Dəvət" təşkilatının sədri ölkədə dini təhsilin önəm daşıdığına və alimlərdən bəhrələnməyə təkid edib.
İlahiyyatçı Elşən Mustafaoğlu bildirib : "Alimlər yalnız doğulduqları şəhərin, ölkənin olmurlar, hansı sahəyə aid olmasından asılı olmayaraq, elm - ümumbəşəri dəyərdir. Ümumbəşəri dəyər isə bütün bəşəriyyətindir! Nyuton, yaxud Eddinqton İngiltərənindirlərmi? Kant və ya Hegel Almaniyanındırlarmı? Edison Amerikanındırmı? Karl Popper haralıdır, kimindir? Əlbəttə, hamımızın! Tusilər, Bəhmənyarlar kimindir? Bütün dünyanın deyillərmi? Amma o biri tərəfdən, əlbəttə arzumuz və amalımızdır ki, Azərbaycanımızdan da elmin bütün sahələrini təmsil edən dahi, cahanşümul, dünya şöhrətli alimlərimiz olsun. Məsələn, nanotexnologiya, aerodinamika, biofizika kimi, ilahiyyat elmləri sahəsində də".
Elşən Mustafaoğlu bildirdi ki, ötən əsrin əvvəllərində Ayətullah Hacı Şeyx İbrahim Badkubeyi kimi müctəhidlər ərsəyə gətirib vətənimiz: "Amma əfsuslar olsun ki, ateist sovetlər rejimi 70 il elmin bu sahəsini məhv etdi, alimlərimizi həbsə aldı, sürgün etdi, qətlə yetirdi. Elmi-dini hövzələri qadağan etdi. İndi bu sahədə ciddi boşluq hiss olunur ki, bunu kompensasiya etmək labüddür. Amma bu, şüarla olacaq iş deyil".
"Ayətullah - İslam elmləri sahəsində ən yüksək akademik dərəcəyə çatmış alimlərə deyilir. Yəni müctəhid. İlahiyyat elmlərində bu dərəcəyə çatmaq üçün isə ölkəmizdə lazımi şərait yaradılmalıdır - fundamental dini elmləri öyrədən, tədqiq edən təsisatlar, elmi-dini hövzələr, akademiyalar formalaşmalıdır. Bu, zəruridir və məhz belə bir şəraitdə Azərbaycanımızın da böyük İslam alimləri yetişə bilər. Ümid edək ki, inşəallah, ölkəmizdə ilahiyyat elmlərinin belə yüksək səviyyədə tədrisi və təhqiqi istiqamətində addımlar atılacaq və əsrlər boyu iftixar etdiyimiz alim-üləmalarımızın irsini yeni nəsillərimiz layiqincə davam etdirəcəklər"- deyə o, qeyd edib.