Tarix : 2011 Dec 16
Kod 27307

Dini qadağa ilə bağlı daha bir bəyanat

Media Hüququ İnstitutu cinayət məcəlləsinə edilən dəyişiklikləri ləğv etməyə çağırıb
well/Aran agentliyi

 

 

 Dini qadağa ilə bağlı daha bir bəyanatMedia Hüququ İnstitutu “müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və yayma”ğa görə ağır cinayət cəzaları müəyyən edən qanunu ölkədə ifadə azadlığına ciddi təhlükə sayır.

Bəyanatda deyilir: “Milli Məclisin Cinayət Məcəlləsinə əlavə etdiyi 167.2-ci maddəyə görə, bu hərəkətləri etmiş şəxsləri 5000 manatdan 7000 manatadək cərimə və ya 2 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya vəzifəli şəxs belə hərəkətləri etdikdə, eləcə də hər hansı şəxs bunu təkrar etdikdə 7000 manatdan 9000 manatadək cərimə cəzası və ya 2 ildən 5 ilədək həbs cəzası ala bilər.

Azərbaycanda mövcud qanunlar dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını ölkəyə gətirmək, çap etmək, satmaq və ya yaymaq üçün hökumətdən öncədən icazə almağı tələb edir. Belə qaydalar ifadə azadlığı ilə bağlı konstitusiyanın tələbləri və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə təmin edilən ifadə azadlığı haqları ilə daban-dabana ziddiyyət təşkil edir. Hər hansı ədəbiyyatı və ya məlumatı çap etmək və yaymaq üçün razılığın tələb olunması ön senzura anlamına gəlir və ifadə azadlığı hüququnun heç nə ilə bəraətləndirilə bilməyən pozulmasıdır”.

Bəyanatda deyilir ki, hər hansı ifadə yalnız və yalnız dövlət təhlükəsizliyi və dövlətin ərazi bütövlüyü mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması, cinayətin, iğtişaşların qarşısının alınması, ictimai təhlükəsizliyin qorunması, ictimai qaydanın təmin edilməsi üçün, habelə məxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısının alınması və ya məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə məhdudlaşdırıla bilər: “Belə sərt cinayət cəzalarını nəzərdə tutan, insanların hüquqlarına və həyatına ciddi müdaxilə potensialı daşıyan bu normada qeyri-müəyyən məzmunlu ifadədən istifadə olunur. “...dini təyinatlı ədəbiyyat”, “dini məzmunlu əşyalar” yaxud “dini məzmunlu başqa məlumat materialları” kimi aydın və bəlli olmayan ifadələrin işlədilməsi qanunun keyfiyyəti və onun tətbiqinin qanuniliyi ilə bağlı suallar doğurur. Qanun yetərincə aydın və birmənalı olmalı, adi sağlam düşüncəli insanın anlayacağı, öz davranışlarını ona uyğunlaşdıra biləcəyi dəqiqlikdə olmalıdır.

Media Hüququ İnstitutu bildirir ki, məzmunundan (istər dini, istərsə də başqa) asılı olmayaraq hər hansı “ədəbiyyatı”, “əşyaları” və “başqa məlumat materiallarını” çap etmə, idxal etmə, satma və yayma ifadə azadlığı hüququndan istifadə etmə formalarıdır. Sadəcə ifadə azadlığı hüququndan yararlanmağa görə belə ağır cəzaların verilməsi hər hansı legitim məqsədə mütənasib sayıla bilməz və bütün hallarda ifadə azadlığı hüququnun pozulması olaraq qanunla qorunan ictimai mənafelərə zərər vuracaq.

Media Hüququ İnstitutu bu qanunu, eləcə də dini ədəbiyyatla bağlı ön senzuranı nəzərdə tutan yanlış qanunvericiliyi tez bir zamanda aradan qaldırmağı, bu sahədəki tənzimləmələri Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında konstitusiya qanununa və Avropa Konvensiyasının 10-cu maddəsinə uyğunlaşdırmağı tövsiyə edir”.

  • Yazılıb
  • da (də) 2011 Dec 16