Tarix : 2011 Dec 17
Kod 27320

Anar Qasımlı: “Hacı Tale Bağırova qarşı ittiham siyasi sifarişdir”

Məhkəmədə ilahiyyatçı Hacı Tale Bağırovun vəkili Anar Qasımlı çıxış edib
well/Aran agentliyi

 

Xəbər verdiyimiz kimi bu gün Nərimanov Rayon Məhkəməsində hicab məhbusları ilahiyyatçı Hacı Tale Bağırov və Elşən Abbasovun məhkəmə prosesi keçirilib. Məhkəmədə ilahiyyatçı Hacı Tale Bağırovun vəkili Anar Qasımlı çıxış edib. Vəkil çıxışı zamanı bildirib ki, nəhayət ki, uzun sürən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Məhkəmə prosesi boyunca bu cinayət işinin qondarma, tamamilə əsassız və sifarişli olması, təqsirləndirilən şəxslərin əməlində nəinki cinayət tərkibinin, ümumiyyətlə, hər hansı bir hüquq pozuntusunun olmadığı məhkəmə iclasında tam sübuta yetirildi. İttiham tərəfinin təqdim etdiyi sübutların ibtidai istintaq zamanı nə qədər saxtalaşdırıldığı da öz təsdiqini tapdı. Belə ki, məhkəmə iclasında ifadə verən ittiham şahidləri daha səmimi və düzgün ifadə verərək, ibtidai istintaq zamanı onların ifadələrinin saxtalaşdırıldığını, ümumiyyətlə, ittihamın qərəzli və birtərəfli mövqe tutaraq, qarşıya nəyin bahasına olursa-olsun, təqsirləndirilən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək niyyətinin qoyulduğunu dolayısı ilə təsdiq etmiş oldular.

İttiham aktının nəticəvi hissəsindən görünür ki, hüquqlarını müdafiə etdiyim Tale Bağırov ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın, idarə, müəssisə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etməkdə və bu cür hərəkətlərdə fəal iştirak etməkdə, habelə, ictimai qaydanın qorunması üzrə xidməti vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməkdə təqsirləndirilir.

Beləliklə, Tale Bağırov istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.2 və 233 -cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilir. İndi isə, Tale Bağırovun təqsirləndirildiyi cinayət əməllərini, ittihamın sübutlarını və məhkəmə iclaslarında aşkar edilən halları ayrı-ayrılıqda nəzərdən keçirək.

Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə əlaqədar ittihama toxunan Anar Qasımlı qeyd edib ki, CM-nin 221.2.1-ci maddəsinə görə, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İttiham aktının nəticəvi hissəsindən görünür ki, istintaq orqanı Tale Bağırovun hər hansı digər şəxsə qarşı deyil, məhz, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıq etməsi qənaətinə gələrək onu həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmişdir.

Daha dəqiq desək, ittihamın mövqeyi ondan ibarətdir ki, hüquqlarını müdafiə etdiyim Tale Bağırov ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə, konkret olaraq Nərimanov RPİ-nin 18-ci PB-nin əməliyyat müvəkkili Məmmədzadə Rəşid Eyyub oğluna qarşı müqavimət göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər, yəni xuliqanlıq etməkdə təqsirləndirilir.

Xuliqanlıq ittihamı ilə əlaqədar ittiham tərəfinin sübutlarına diqqət çəkən Anar Qasımlı ifadələri bir daha xatırladıb və onları təhlil edib.

1. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Məmmədzadə Rəşid Eyyub oğlunun ifadəsi;

2. Şahid Mürvələdov Eyvaz Süleyman oğlunun ifadəsi;

3. Məhkəmə-tibbi ekspertizanın 06 may 2011-ci il tarixli 443 saylı rəyi;

4. Tale Bağırovla Rəşid Məmmədzadənin 06 may 2011-ci ildə aksiya zamanı rastlaşdıqları və qarşılıqlı təmasda olduqları anın videogörüntüsü.İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Məmmədzadə Rəşid Eyyub oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində aksiya zamanı Dəmirçizadə küçəsində toplaşmış aksiya iştirakçılarını önündə dayanan və həmin etiraz aksiyası keçirən kütləyə rəhbərlik edən sonradan adının Tale Bağırov olduğunu bildiyi bir nəfər şəxsi polis işçilərinin tutmaq istədiyini, lakin həmin şəxsin polisin polisin onu saxlayacağını görüb Xətai prospektinə doğru qaçmağa başladığını görmüş, onu tutmaq istədikdə, Tale Bağırov hər iki əli ilə yumruqla onu qəsdən vurub qaçmış, həmin yumruq zərbələrindən onun sağ əlində sıyrıq xəsarəti yaranmışdır.

Yuxarıda qeyd olunanlar Rəşid Məmmədzadənin istintaqa verdiyi, daha doğrusu istintaq orqanının Rəşid Məmmədzadədən aldığı ifadə idi. Məhkəmə iclasında isə, Rəşid Məmmədzadə tamamilə fərqli və səmimi ifadə verərək, göstərdi ki, Tale Bağırov onu qəsdən vurmayıb, ümumiyyətlə vurmaq istəməyib, sadəcə olaraq, Tale Bağırov yüksək sürətlə qaçarkən, o, Talei tutmaq üçün onun qarşısına keçib, Tale isə, onunla toqquşmamaq üçün əllərini önə uzadaraq, yenə də yoluna davam edib. Ola bilsin ki, onun sağ əlinin şəhadət barmağı üzərindəki sıyrıq Tale Bağırovu tutmaq istəyərkən, onun dırnağının və ya əlindəki üzüyün təsirindən yaranıbdır.

Məhkəmə iclasında müdafiə tərəfinin suallarını cavablandıran Rəşid Məmmədzadə göstərdi ki, o, Tale Bağırovun hər hansı bir əməlindən zərər çəkməyibdir. Tale Bağırovdan heç bir şikayəti yoxdur. O, həmçinin məhkəmədən xahiş etdi ki, Tale Bağırovdan şikayətçi olmamasını, onun hər hansı bir əməlindən zərər çəkməməsini nəzərə alsın. Lakin müdafiə tərəfinin xahiş etməsinə baxmayaraq, Rəşid Məmmədzadə Tale Bağırovdan şikayətçi olmaması və ondan zərər çəkməməsi barədə yazılı ərizə verməyə tərəddüd etdi. Müdafiə tərəfi olaraq, anlayırıq ki, bu onun hazırda tutduğu xidməti vəzifə ilə əlaqədardır.

CPM-nin 87.1-ci maddəsinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır.

Göründüyü kimi, Rəşid Məmmədzadəyə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmamışdır.

Bu hal işdə olan videogörüntü ilə də açıq-aşkar öz təsdiqini tapır. Belə ki, işdəki videogörüntüyə baxış keçirilən zaman müəyyən olundu ki, Tale Bağırov yüksək sürətlə qaçaraq gələrkən Rəşid Məmmədzadə onu saxlamaq üçün qarşısına keçir və vurmaq üçün sağ yumruğunu sıxıb əlini havaya qaldırır. Bu zaman ondan müdafiə olunmaq və toqquşmamaq üçün Tale Bağırov hər iki əlini önə açaraq Rəşid Məmmədzadənin çiyin hissəsinə yüngülcə toxunaraq ərazidən qaçıb uzaqlaşır. Tale Bağırov Rəşid Məmmədzadəyə yumruq və ya hər hansı bir zərbə vurmur.

Rəşid Məmmədzadə ilə bağlı məhkəmə-tibbi ekspertizanın 06 may 2011-ci il tarixli 443 saylı rəyindən görünür ki, onun sağ əlinin ikinci barmağının arxasından dırnaq falanqasında olan sıyrıq küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, əmələ gəlmə tarixi 06 may 2011-ci il tarixinə uyğundur, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur.

Müdafiə tərəfi olaraq, Rəşid Məmmədzadənin sağ əlinin ikinci barmağının arxasından dırnaq falanqasında olan sıyrıqdan ibarət xəsarət alıb-almaması deyil, həmin xəsarətin Tale Bağırov tərəfindən yetirilib, yetirilməməsi bizi daha çox maraqlandırır. Məhhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, bu xəsarət Tale Bağırovla təmas zamanı yarana bilməzdi. Çünki müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sürəti yavaşlaşdırılmış, təkrarən göstərilən kadrlarla sübut olundu ki, Tale Bağırovla Rəşid Məmmədzadənin təması zamanı Tale Bağırov sonuncunun sağ əlinə toxunmayıb.

Müdafiə tərəfi hesab edir ki, Rəşid Məmmədzadə həmin xəsarəti Tale Bağırovu tuta bilmədikdən sonra, başqa bir aksiya iştirakçısını tutan mülki geyimli şəxsə kömək edərkən, şəxsiyyəti müəyyən edilməyən aksiya iştirakçısı ilə süpürləşmə zamanı almışdır. Bu barədə video görüntü vardır. Videogörüntüdə açıq-aydın görünür ki, Rəşid Məmmədzadə Tale Bağırovu saxlaya bilmədikdən sonra başqa bir aksiya iştirakçısının saxlanmasına köməklik edir və bu zaman həmin aksiya iştirakçısının uzun sürən müqaviməti ilə qarşılaşır.

Yuxarıda qeyd etdiyimiz kimi, istintaq orqanı Tale Bağırovun hər hansı digər şəxsə qarşı deyil, məhz, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıq etməsi qənaətinə gəlmişdir. Lakin video görüntüdən də açıq-aydın görünür ki, istintaqın hakimiyyət nümayəndəsi dediyi Rəşid Məmmədzadə həmin vaxt mülki geyimdə olmuşdur. Yəni, Tale Bağırov, həqiqətən də, xuliqanlıq etmiş olsaydı, o, Rəşid Məmmədzadənin hakimiyyət nümayəndəsi olduğunu bilə bilməzdi. Video görüntüdən də aydın olur ki, Rəşid Məmmədzadə Tale Bağırova polis əməkdaşı olduğunu demədən, onun qarşısına keçir, hətta vurmaq istəyir.

İbtidai istintaq zamanı şahid Mürvələdov Eyvaz Süleyman oğlu guya Tale Bağırovun Rəşid Məmmədzadəni qəsdən vurması barədə ifadə versə də, məhkəmə iclasında o, Tale Bağırovu tanıya bilmədi. “Rəşidi vuran eynəkli oğlan idi” deyən Eyvaz Mürvələdov məhkəmə iclasında Elşən Abbasovla Tale Bağırovu fərqləndirə bilmədi və “tərslikdən bunların hər ikisi eynəklidir” deməklə özünün yalançı şahid olduğunu dolayısı ilə etiraf etmiş oldu. Nəzərə almaq lazımdır ki, bu şahidin ifadəsi də video materialla təkzib olunur.

Bundan əlavə, qeyd olunmalıdır ki, şahid Təmirov Şöylət və Qiyasov Vaqif məhkəmədə ifadə verərkən göstərmişlər ki, onlar Tale Bağırova yaxınlaşıb polis olduqlarını və onlarla birlikdə bölməyə getməli olduğunu dedikdə, Tale Bağırov heç bir müqavimət göstərmədən sakitcə onların tələblərinə tabe olmuş və onlarla birlikdə gəlib polis maşınına oturmuşdur.

Beləliklə, ittiham tərəfinin öz sübutları ilə təsdiq olundu ki, Tale Bağırovun əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin tərkibi yoxdur. O, xuliqanlıq cinayəti törətməyibdir.

Tale Bağırova qarşı irəli sürülən digər ittiham Azərbaycan Respublikası CM-nin 233-cü maddəsi ilədir. Bu barədə çıxışında danışan Anar Qasımlı bildirib ki, CM-nin 233-cü maddəsinə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə - beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İttiham aktının nəticəvi hissəsindən görünür ki, hüquqlarını müdafiə etdiyim Tale Bağırov həm ictimai qaydanı kobud surətdə pozan və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, nəqliyyatın, idarə, müəssisə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etməkdə, həm də bu cür hərəkətlərdə fəal iştirak etməkdə təqsirləndirilir.

İş materiallarında Tale Bağırovun 06 may 2011-ci il tarixdə Təhsil nazirliyi qarşısında keçirilmiş etiraz aksiyasının təşkilatçısı olmasını təsdiq edən heç bir sübut-dəlil yoxdur. İstintaqın hansı əsasla Tale Bağırovu təşkilatçılıqda ittiham etməsi aydın deyildir. Tale Bağırov həmin aksiyanın təşkilatçısı olmamış, aksiyada iştirak etmək üçün gəlmiş və burada polis zorakılığı ilə üzləşmiş, polisin ilk tələbi əsasında polisə tabe olub, heç bir müqavimət göstərmədən polis maşınına oturmuşdur.

Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Təmirov Şöylət və Qiyasov Vaqif öz ifadələrində göstərmişlər ki, Tale Bağırov aksiyada fəallıq etdiyi üçün onu saxlayıb bölməyə aparmışlar. Müdafiə tərəfinin suallarını cavablandırarkən həmin şahidlər göstərmişlər ki, Tale Bağırovun fəallığı ondan ibarət olmuşdur ki, o, digər aksiya iştirakçıları ilə birlikdə “Hicaba Azadlıq”, “Misir kafir” şüarları səsləndirmişdir. Tale Bağırov aksiya zamanı kiməsə göstərişlər verməmiş, aksiyanı idarə etməmiş, şüarları camaatın içində olarkən səsləndirmiş, şüar səsləndirmək üçün heç bir uca yerə çıxmamış, səsgücləndiridən istifadə etməmiş, onun əlində daş və ya digər əşya olmamış, o, heç bir zorakılığa yol verməmişdir.

 

Belə olan halda, hansı fəal iştirakçılıqdan söhbət gedir, bu aydın deyil. Bundan əlavə, qeyd olunmalıdır ki, 06 may hicab aksiyasında iştirakına görə, Tale Bağırov elə hazırkı işə sədrlik edən hakim Turqay Hüseynovun qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq, inzibati həbs olunmuşdur.

Hazırda o, bir əmələ görə, 2-ci dəfə məsuliyyətə cəlb olunur. Bu isə, tamamilə qanunsuz və əsassızdır. Eyni zamanda hesab edirik ki, hakim Turqay Hüseynov tərəfindən bu işə baxılması yolverilməzdir. Çünki o, artıq bir dəfə Tale Bağırovun əməlinə inzibati hüquq pozuntusu kimi qiymət verib. Növbəti dəfə eyni hakim Tale Bağırovun əməlinə hansı əsasla cinayət kimi qiymət verə bilər?

Müdafiə tərəfi hesab edir ki, yuxarıda göstərilənlərə əsasən, Tale Bağırova təqsirləndirildiyi hər iki maddə ilə bəraət verilməli, o, dərhal məhkəmə zalından azadlığa buraxılmalıdır. Bununla yanaşı, müdafiə tərəfi, hazırkı işin siyasi sifarişli olduğunu, bundan əvvəl Nərimanov rayon məhkəməsində eyni aksiyada iştirakına görə on nəfərdən artıq şəxsin barəsində ittiham hökmü çıxarıldığını nəzərə alaraq, belə bir qənaətə gəlir ki, Tale Bağırova münasibətdə də ittiham hökmü çıxarılması istisna deyil.

Ona görə də, əgər Tale Bağırovla bağlı ittiham hökmü çıxarılarsa aşağıdakı diqqətəlayiq halların nəzərə alınmasının mütləq olduğunu da məhkəmənin diqqətinə çatdırmaq istərdik: Tale Bağırov gəncdir, ailəlidir, himayəsində iki azyaşlı övladı vardır, onun ikinci övladı həbs olunmasından sonra dünyaya gəlmişdir, hazırda onun ailəsi ağır madi durumda və çətin şəraitdə yaşayır. 06 may aksiyasına görə təşkil olunmuş qondarma cinayət işinə “zərərçəkmiş şəxs” qismində cəlb olunmuş şəxslər, xüsusilə Rəşid Məmmədzadə ondan şikayətçi olmadığını bildirmişdir. “Zərərçəkmiş” kimi dəfələrlə müxtəlif məhkəmə proseslərinə gəlmək məcburiyyətində qalan İsmayılov Rəşad və Muradov Səməd adlı şəxslər məhkəməyə ərizə ilə müraciət edərək Tale Bağırovun hər hansı bir əməlindən zərər çəkmədiklərini, habelə ona qarşı hər hansı bir tələblərinin, şikayətlərinin olmadığını bildirmişlər.

Sonda Anar Qasımlı bir daha Məhkəmədən qanuni, əsaslı və ədalətli qərar qəbul etməyi, yəni, heç bir təqsiri və hüquqazidd əməli olmayan müvəkkili Tale Bağırova bəraət verməyi xahiş edib!

İslam-Azeri

 

 

 

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 17