“Vaqif Abdullayevin səhhəti yaxşılaşır”. Dekabrın 16-da vəkil Anar Qasımlı belə deyib
well/Aran agentliyi
“Vaqif Abdullayevin səhhəti yaxşılaşır”. Dekabrın 16-da vəkil Anar Qasımlı belə deyib.
Azərbaycan İslam Partiyasının sədr müavini, məhbus Vaqif Abdullayev Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində yatır. O, müalicə müəssisəsinə dekabrın 2-də səhhəti pisləşdiyindən aparılıb.
Vəkil Anar Qasımlının sözlərinə görə, həkimlər Vaqif Abdullayevə yaxşı baxır: “Müalicəsi davam etdirilir. Effekt verməkdədir. Vaqif Abdullayevin nə zaman Bakı İstintaq Təcridxanasına qaytarılacağı bilinmir. Həkimlər müalicənin gedişindən asılı olaraq qərar verəcək”.
Yanvar ayında tutulan Vaqif Abdullayev oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə apellyasiya instansiyasında baxılır.
Vaqif Abdullayev Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirli bilinib.
“Media forum”