well/Aran agentliyi
Xəbər verildiyi kimi, dekabrın 15-də saat 17:30 radələrində Lənkəran rayonunun Nərimanabad-2 kəndinin bir qrup sakini ilə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları arasında qarşıdurma olub. Saxlanılan 9 adamın azad olunmasını tələb edən 150 kənd sakini ilə sərhədçilər arasında düşən dava-dalaşda xəsarət alanlar olub.
Hazırda "Yeni Müsavat"ın reportyorları Nərimankənd-2 kəndindədirlər.
Onların verdiyi məlumata görə, kənddə gərginlik davam edir. Kəndin ətrafında daxili qoşunların əsgərləri cəmləşdirilib, camaat narahatdır ki, onlar kəndə hücum edəcəklər.
Kənd sakinləri əməkdaşlarımıza bildiriblər ki, təxminən 4 minə yaxın əhalisi olan kəndin sakinləri işsiz-gücsüzdür, onların yeganə dolanışıq yeri balıqçılıqdır, amma buna da imkan vermirlər.
Reportyorlarımız bildirirlər ki, kənd adamları tutulmuş qohumlarına qarşı irəli sürülmüş ittihamlardan çox narazıdırlar və deyirlər ki, hələ indiyə qədər bu kənddən heç kimi narlotik maddə saxlamaq. satmaq ittihamı ilə həbsdə olmayıb.
Hazırda onlar həmkəndlilərinin həbsdən azad olunmasını və onlara minimal dolanışıq şəraiti yaradılmasını tələb edirlər.
Baş vermiş hadisənin təfərrüatları və bilinməyən məqamları barədə geniş yazı "Yeni Müsavat"ın yaxın saylarında dərc olunacaq.