Tarix : 2011 Dec 17
Kod 27341

Novruzəli Məmmədov əmlakı müsadirə olub

Dekabrın 17-də “Tolışi sədo” qəzetinin mərhum baş redaktoru, professor Novruzəli Məmmədovun mal və əşyaları müsadirə olunub
well/Aran agentliyi

 

 

Dekabrın 17-də “Tolışi sədo” qəzetinin mərhum baş redaktoru, professor Novruzəli Məmmədovun mal və əşyaları müsadirə olunub. Əşyaları Yasamal rayonunun məhkəmə icraçılarına vəkil Ramiz Məmmədov və hüquq müdafiəçisi Hilal Məmmədov təqdim edib.

Hilal Məmmədov “Azadlıq” radiosuna deyib ki, bir həftə əvvəl onlara Yasamal Rayon Məhkəməsindən həmin əşyaların təhvil verilməsi haqda xəbərdarlıq edilib: “Xəbərdarlıq edildi ki, 2008-ci il Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə göstərildiyi, ümumi dəyəri 600 manat hesablanan 1 kompüter stolu, 1 stol, 5 stul, İranda toxunmuş 1 xalça, 1 televizor və 1 fotoaparat dövlətə təhvil verilməlidir. Əks təqdirdə Novruzəli Məmmədovun həyat yoldaşı axtarışa veriləcək. Bu xəbərdarlıqdan sonra onun Moskvada müalicə olunan 72 yaşlı yoldaşı bizə müraciət etdi ki, avadanlıqları tapıb təhvil verək. Biz vaxtilə Novruzəli Məmmədovun İrandan 40 manata aldığı xalçanı, 4 köhnə stulu və 1 kompüter stolunu verdik. Amma stol, 1 stul, televizor və fotoaparatı tapa bilmədik.

2008-ci ildə çıxarılan məhkəmə hökmündə qeyd edilib ki, müsadirə olunan bu əşyaları Novruzəli Məmmədov İran xüsusi xidmət orqanlarının verdiyi vəsait hesabına alıb. Hökmdən sonra bu məsələ indiyə qədər qaldırılmamışdı. Bu adam həbsxanada vəfat edib. Bundan sonra onun iki oğlu dünyasını dəyişib. 72 yaşlı yoldaşı Məryəm Məmmədova BMT-yə müraciət edəndən sonra Rusiyaya köçüb və hazırda müalicə olunmaqdadır. Bu qədər müsibət, faciədən sonra 2 il əvvəl vəfat etmiş adamdan stol, stul, fotoaparat, xalça tələb etmək çox gülməli görünür”.

Professor Novruzəli Məmmədov Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolışi sədo“(”Talışın səsi”) qəzetinin baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sektor müdiri olub. 2007-ci ildə əliyevlər rejimi tərəfindən şərlənərək, dövlətə xəyanətdə ittiham olunaraq 10 il həbs cəzası alıb. 2009-cu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında müəmmalı tərzdə vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi onun baş-beyin işemik infarktından öldüyünü açıqlayıb.

Novruzəli Məmmədov həbsdə olan zaman, 2007-ci il sentyabrın 8-də ailənin ilk övladı - 36 yaşlı Kamran Məmmədov Bakıda, ailənin ikinci - axırıncı övladı olan 37 yaşlı Emil Məmmədov isə 2011-ci il aprelin 16-da Rusiya paytaxtı Moskvada şübhəli formada vəfat ediblər.

Talish.org

 

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 17