Tarix : 2011 Dec 18
Kod 27351

CƏNUBDA POLİSLƏ SAKİNLƏR ARASINDA QARŞIDURMA BAŞ VERİB

Azərbaycanın cənubunda sakinlərlə polis arasında qarşıdurma yaranıb
well/Aran agentliyi

 

 

FaktXeber.com xəbər verir ki, dekabrın 15-də saat 17:30 radələrində Lənkəran rayonunun Nərimanabad-2 kəndinin bir qrup sakini dəniz sərhədlərini pozmaqla qanunsuz balıq ovu ilə məşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.

Bu barədə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata əsasən bildirilir. Bundan xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbiçilərə təzyiq göstərib, saxlanılanların azad olunmalarını tələb ediblər.

"Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

İctimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-ünün izahatı alındıqdan sonra buraxılıb, 6-sı saxlanılıb", - məlumatda bildirilir.

 

Fakt üzrə rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

 

 

  • Yazılıb
  • da (də) 2011 Dec 18