Tarix : 2011 Dec 18
Kod 27364

ERMƏNİSTANIN PKK İLƏ İŞBİRLİYİ İFŞA EDİLDİ

Ərəstun Oruclu: “Türkiyə faktlar ortaya qoyarsa, Ermənistan terroru dəstəkləyən dövlətlər siyahısına salına bilər”
well/Aran agentliyi

 

Ərəstun Oruclu: “Türkiyə faktlar ortaya qoyarsa, Ermənistan terroru dəstəkləyən dövlətlər siyahısına salına bilər

Bakı Xəbər” qəzeti PKK-nın Ermənistanla əlaqələrinə dair məqalə dərc edib. Yazıda bildirilir ki, Ermənilərin PKK ilə sıx işbirliyi şəraitində olduğunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi və TBMM-nin Türkiyə-Qazaxıstan Dostluq Qrupunun sədri Haluk İpek də təsdiq edir.

Sitat: “Bu barədə danışmazdan öncə xatırladaq ki, bir müddət əvvəl belə bir məlumat yayıldı ki, Ermənistanın nəzarəti altında olan Dağlıq Qarabağ separatçı rejimində PKK yaraqlıları hərbi təlimlər keçdikdən sonra Türkiyəyə qayıdıb, türk əsgərlərinə qarşı döyüşürlər. Bu məsələni şərh edən Haluk İpek bildirir: ”Xüsusilə onu qeyd edim ki, ASALA terror təşkilatı ortadan qalxdıqdan sonra PKK yaranmışdı. Məqsəd Türkiyəni zəiflətmək idi. Bu təşkilatların bir-biri ilə sıx əlaqələri var. Sizə adi bir fakt deyim. Öldürülən PKK-çılar arasında sünnətsiz terrorçular var. Onların erməni olduğunu yaxşı bilirik. Bu haqda dünyanın bütün xüsusi xidmət orqanlarında məlumatlar var. Amma Qarabağda təlimlərin keçməsi haqqında dəqiq söz deyə bilmərəm və bu haqda məlumatım yoxdur".

Bundan əvvəl də Türkiyə hərbi kəşfiyyatı müəyyən edib ki, Ermənistan hazırda PKK-nın əsas logistik mərkəzinə çevrilib. Hərbi kəşfiyyat onu da müəyyən edib ki, PKK ilə Ermənistan arasında gizli anlaşmalar var. Məsələn, Ermənistan PKK-ya hər ay istifadə olunmaq şərtilə müəyyən sayda viza haqqı verib. Yəni terrorçular hər ay ayrılmış bu viza sayına uyğun olaraq pasportu işğalçı dövlətin Parisdəki səfirliyinə təqdim edir və oradan viza alıb istədikləri ölkəyə gedirlər. Həmçinin, Ermənistan PKK-ya silah, pul və digər yardımlar edir. Yaralanan və ya xəstələnən terrorçular da sərbəst şəkildə Ermənistan xəstəxanalarında müalicə olunur.

Terror təşkilatının silahlı qanadının rəhbəri olan Murad Qarailanın telefon danışıqlarının izlənməsi zamanı məlum olub ki, ona “Armtelekom” xidmət edir. Bununla bərabər, dəqiq müəyyən olunub ki, Qarailanın telefonları Ermənistan Xarici İşlər Nazirliyinə aid telekommunikasiya mərkəzinə bağlıdır. O da məlumdur ki, Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ bölgəsilə birbaşa sərhədi olmasa da, PKK-çılar rahat şəkildə Ermənistandan bu bölgəyə keçir. Bildirilir ki, Dağlıq Qarabağın nəzarətsiz bölgə olması PKK-nın işinə yarayır. PKK-çılar silah-sursatlarını ehtiyac yarandıqda məhz bu bölgədə yerləşdirir.

PKK üzvlərinə Ermənistanın milli təhlükəsizlik nazirliyinin və polisinin hərtərəfli yardım göstərməsinə dair də indiyə qədər xeyli fakt toplanıb. Bundan başqa, PKK-çılar İrəvanın yaxınlığındakı düşərgələrdə təlim keçirlər. Məlumatlara görə, PKK-çılara Ermənistan ordusunun zabitləri və ya Qarabağ müharibəsinin veteranları hərbi təlim keçir, sonradan onlara silahlar verilir. Rəsmi sənədlərdə bu silahlar istismardan çıxarılmış kimi göstərilir...

Mövzu ətrafında söhbət etdiyimiz “Şərq Qərb” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Ərəstun Oruclu dedi ki, Türkiyə tərəfi apardığı araşdırmaların sonunda konkret dəlillər, faktlar ortaya qoyarsa, bu, Ermənistanın terroru dəstəkləyən dövlətlər siyahısına salınmasına kömək edəcək: “Ermənistan onsuz da terror riski baxımından ABŞ Dövlət Departamenti tərəfindən orta risk dərəcəli ölkələrdən sayılır. Bu da təsadüfi deyil. Türkiyə tərəfinin faktlar ortaya qoyması isə Ermənistanı çıxılmaz duruma sala bilər. Yəni Ermənistan bu faktlardan sonra terroru dəstəkləyən ölkələrin sırasına salına bilər”.

Bəs bu prosesdə Azərbaycan necə yararlana bilər? Ə.Oruclu bu barədə fikir bildirməyin çətin olduğunu söylədi: “Çünki Türkiyə mətbuatında dəfələrlə Azərbaycanda bəzi hakim dairələrin PKK-ya dəstək verməsi, PKK-çıların burada özlərini rahat hiss eləməsi barədə də yazılar dərc edilib. Güman etmirəm ki, bu yazılar jurnalist təxəyyülünün məhsuludur. Yəqin ki, bu faktlar da ciddi mənbələrdən ötürülüb. Sadəcə, Türkiyə Azərbaycanla bir dövlət olaraq münasibətləri nəzərə alaraq məsələnin üzərinə çox getmir, ittihamlar ortaya qoymur. Buna görə də Azərbaycanın sözügedən məsələdən necə yararlanacağı haqda fikir söyləmək asan deyil. Azərbaycan Ermənistanın terroru dəstəkləyən ölkə olması məsələsində bir aspektdən istifadə edə bilər ki, Dağlıq Qarabağda, yəni Azərbaycanın işğal edilmiş ərazisində, PKK terrorçularının yerləşdirilməsinin sübut olunması düşmən ölkənin durumunu xeyli pisləşdirəcək. Bundan yararlanmaq olar”.

 

  • Yazılıb
  • da (də) 2011 Dec 18