Tarix : 2011 Dec 19
Kod 27368

Hacı Şahinə açıq Məktub

…ومن لم یحكم بما انزل الله فاولیك هم الكافرون
well/Aran agentliyi

 

 

Allahın adı ilə

…Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!

…Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!

…Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, fasiqlərdir!

ومن لم یحكم بما انزل الله فاولیك هم الكافرون

ومن لم یحكم بما انزل الله فاولیك هم الظالمون

ومن لم یحكم بما انزل الله فاولیك هم الفاسقون

Qurani-Kərim, Maidə surəsi, 44,45,47-ci ayələr

 

Özüm haqda

Allahın lütfü ilə həddi-büluğa çatandan namaz qılıb, oruc tutmuşam. Yüksək din və elm mərkəzlərində təhsil alıb, xalqa düzgün xidmət göstərə biləcək alim olmaq istəmişəm. Bu arzuma çata bilməsəm də, elm və təhsildən bir gün də ayrı qalmamışam. Şəxsən öz həyatımda əldə etdiyim təcrübədən başa düşmüşəm ki, min ildən artıq fəaliyyət göstərən İmam Sadiq (ə) hövzələrində təhsil almaq bir başqa şeydir. Bu hövzələrdən uzaqda dini təhsil alıb alimlik dərəcəsinə yüksəlmək mümkün olsa da, həmin şəxsdə bir növ mənəvi boşluq qalır və bu boşluğu doldurmaq ya qeyri-mümkündür, ya çox çətin! Bu boşluğu mən özümdə və mənim taleyimi yaşayan dostlarımda açıq-aydın müşahidə etmişəm. Bəzən mən də digər məşhur xətib dostlarım kimi beş-on kitabı vərəqləyib maraqlı bir söhbət hazırlayıram. Yaxud da hansısa məşhur bir alimin söhbətinin lent yazısına qulaq asıb, onu özümünküləşdirir, məclis əhlinə gözəl bəyanla çatdırıram. Bəzən söhbətlərim o qədər cazibəli olur ki, eşidənlər mənim böyük alim olduğumu zənn edirlər. Bir qədər dərinə getsəm mənim müctehid olduğumu düşünərlər. Amma həmişə özümə qarşı ilk tənqidçi məhz özüm oluram. Çəkinmədən onlara deyirəm ki, mən alimlərin kitablarını mütaliə edib, sizin üçün maraqlı və vacib olacaq məlumatları toplayır və sizə danışıram. Mümkündür ki, danışdığım söhbətlərin çoxu bir müddətdən sonra tamamilə yaddan çıxsın. Çünki onlar mənim elmi araşdırmalarım, tədqiqat əsərlərim deyil. Nə üçün  özümə qarşı amansızam, istəmirəm məni böyük alim, hətta müctehid kimi tanısınlar? Cavabı çox sadədir: qorxuram! Layiq olmadığım yüksək ad məni qürrələndirəcək, bir müddətdən sonra elə zənn edəcəyəm ki, doğrudan da, müctehidəm və başlayacağam ağına-bozuna baxmadan İslam adından öz sözümü deməyə. Öz ağıl və düşüncəmin məhsulu olan anlayışları İslamın hökmləri adı ilə sırıyacağam camaata. Bir də ayılıb görəcəyəm ki, məhşər ayağındayam, əzab mələkləri məndən soruşurlar ki, nəyə görə bilmədiyin şeylər haqqında danışırdın, nə üçün Allahın nazil etdiyi kimi yox, insanların xoşuna gələni bəyan edirdin? Allahın, Peyğəmbərin, imamların əmanətini, Əhli-beyt (ə) maarifini nə üçün olduğu kimi çatdırmadın camaata?

 

Nə üçün sizə bu məktubu yazmaq qərarına gəldim?

Həzrət Peyğəmbərdən (s) bir hədis: “İslam aləmində bidət zahir olarkən alimlər onu cavablandırsınlar – belə etməsələr Allahın lənəti olsun onlara.”

Sizin son yazı və çıxışlarınızda bidətə başladığınıza şahid oldum. Gözlədim ki, ölkəmizdə yaşayan səlahiyyətli və savadlı din alimlərimiz öz elmlərini izhar edib cavab versinlər, özlərini ağır şəraitdə olsa da Allahın lənətinə düçar olmaqdan qorusunlar. On gündən artıq gözlədim, cavab olmadı. Məcburiyyət qarşısında bu işi öz üzərimə götürdüm.

Bildiyiniz kimi, Allahın öz bəndələrinə vacib etdiyi hökmlər iki yerə bölünür: 1. Hamıya eyni vacib olanlar; məsələn gündəlik namazlar. Heç kəs sağ ikən digərinin namazını qıla bilməz.

2. Kifayət edən vaciblər; meyit namazı kimi – dünyasını dəyişmiş müsəlmana meyit namazı qılmaq bu işdən xəbəri olan bütün müsəlmanlara vacibdir. Amma onlardan biri bu işi görərsə, qalanlarının üzərindən götürülür. Sizin sözlərinizə cavab verməyi ikinci növ vaciblərdən saydım, amma kimsənin cavab vermədiyini gördükdə bu işin məsuliyyətini öz üzərimə götürdüm.

Nə üçün sizi əmr be məruf etməkdə belə bir aşkar yol seçdim?

Birincisi, məlumatıma əsasən, tək olarkən siz çox tez nəsihət qəbul edirsiniz və çox tez də hər şeyi unudursunuz. Heç bir şey olmamış kimi, yenə də işinizi davam etdirirsiniz. Bu hal təkrarlanmasın deyə, sizə qarşı ictimai diqqət mexanizmi yaratmaq fikrinə düşdüm. Bu həm sizin, həm də sizi dinləyən dini kəsimin xeyrinə olar. Bir də ki, sizin sözlərinizi çox geniş dindar kütlə eşitdi və ya oxudu; onların bu sözlərin cavabını da eşitməsi zəruridir.

Sözümün canını deməyə tələsmirəm, nəsihətlərim üzərində diqqətlə fikirləşin. “Tədric qanunu” deyilən bir təcrübi anlayış var. Normal şəraitdə bu qanun düzgün icra olunarsa, nəzərdə tutulan insanı istənilən rəzil dərəcəyə endirmək olar. Bu anlayış üçün qurbağanı misal çəkiblər. Göllərdə suyun temperaturu 8-10 dərəcəyə enəndə qurbağalar suyu tərk etməyə başlayır. Onlar 25-30 dərəcədən yuxarı temperaturlu suyu da sevmir. Belə bir təcrübə aparırlar. Qurbağanı su ilə dolu dəmir çəlləyə salırlar. Çəlləyi tədricən qızdırmağa başlayırlar. Tədric məsələsinə o qədər dəqiq riayət olunur ki, qurbağa  qaynamağa başlayan suda bişib ölür, amma kənara sıçrayıb özünü xilas etmir.

Siz bir gün Amerika səfirliyinə dəvət almışdınız, iftar süfrəsinə əyləşdiniz, amma süfrədən bir şey yemədiniz, sizi qınayanlara dediniz ki, bu süfrədən bir tikə yemək, şeytana əl uzadıb bismillah deməkdir. Dediniz ki, bu yemək mənim ətimə, qanıma işləyəcək, ruhuma, imanıma mənfi təsir göstərəcək. Çox gözəl və dəqiq bir cavab idi. Amma onlar sizin kimi şəxslərdən sadəliklə vaz keçməzlər. Sizə və sizin kimilərinə qarşı mexanizm hazırladılar, tədric üsulunu işə saldılar. Əgər onlarla birbaşa ünsiyyətə hazır deyilsinizsə, ixtiyarlarında sizinlə çox rahat təmas yarada biləcək insanlar var. Soruşa bilərsiniz ki, məsələn kimlər? İlk növbədə zəif cəhətinizi  deyim, sonra bu şəxslərin kimliyindən danışaq. Ürəyiniz iman nuru ilə doludur, dinə xidmət üçün potensial imkanınız bəs qədərdir, fəaliyyət zərurəti isə nəhayətsiz dərəcədə çox. Maddi imkan isə az qala sıfra bərabər. Ehtiyatlı adam olduğunuzdan müəyyən xarici dairələrdən yardım almırsınız, daxili dini sturukturun heç bir dini fəaliyyət proqramı yoxdur, əksinə sizdən umacağı var; bu arada pullu iman əhli peyda olur. Ətrafınızda “hacı, sizə necə xidmət göstərə  bilərik”, “icazə verin məscidi təmir edək”, “icazə verin sizə maşın alaq”, “icazə verin sizin üçün cangüdənlər işə götürək” deyənlər artır. Bir gün yanınıza əyilə-əyilə gələn və çox ehtiyatla dini işlərdə xidmət təklif edən bu şəxslər bir müddətdən sonra “ən sadiq” dostlar olur sizə. Mən ölkəmizdə həqiqi mənada xeyirxah insanların olduğunu inkar etmirəm. Hətta onlar sizin ətrafınızda da əksəriyyət təşkil edirlər. Amma onların arasında bir gün çörəyinə belə əl uzatmadığınız səfirin paçka-paçka göy pullarını gətirənlər yoxdurmu? Əgər yoxdur desəniz bu sadəlövhlük olar. Onlar maddi ehtiyac boşluğundan istifadə edib sizin etimadınızı qazanıblar, məsləhətçiniz olublar, xeyir-şərinizi müəyyənləşdirirlər. Artıq onlardan məsləhət almadan bir addım belə atmırsınız. Sübut?  Mediaforum! Azərbaycanda mətbuat və internet barədə ibtidai məlumatı olanlar bilirlər ki, mediaforum.az saytı ABŞ və İsrailin müştərək layihəsidir. Büdcə, sifariş, təyinat və hər bir şey Amerika səfirliyi tərəfindən təmin olunur. Siz bunu bilmirsiniz? Dövrümüzün ən dahi müsəlman mütəfəkkiri zəmanəmizdə İslamı iki yerə bölür; Amerika islamı və həqiqi Məhəmməd (s) İslamı.  Mediaforum dünya azəriləri üçün Amerika İslamını təbliğ edən və yayan ən böyük layihədir. Sizsə artıq onun tribunasına çevrilmisiniz. Təhlükəni vaxtında duymasanız gələcəkdə Amerika İslamının Ayətullahı olacağınız da istisna deyil.

Tədric anlayışı belə olur, bir gün onun murdar süfrəsinə əl uzatmağı şəriətə zidd addım hesab edən xalis mömin gələcəkdə onun Ayətullahı olur. Bu planlardan xəbərsiz olduğunuzu desəniz, sizi Peyğəmbər minbərindən danışmağa səlahiyyəti olmayan sadəlövh bir alim sayaram, ya ən azı səmimiyyətinizə şübhə edərəm. Sizinlə tədric üsulu ilə işə başlayan ikinci mərkəz ruhanilər idarəsi, şeyx Allahşükür Paşazadədir. Bu şəxs ateist sovet rejimində İslam dini ilə mübarizə məqsədi ilə DTK tərəfindən işə götürülmüş mütəxəssis zabitdir. Müstəqilliyimizin onuncu ildönümündə MTN-nin general rütbəsinə yüksələ bilib. Ölkəmizdə İslamla mübarizədə ən yüksək rütbəli məmur, ən təcrübəli mütəxəssis və ən çox səlahiyyətə malik dövlət orqanının başçısıdır. Təəccüb etməyin,  bu qocaman kadr altı prezident yola salıb, ölkə başçısından altı ölkənin kəşfiyyat idarələri ilə İslama qarşı mübarizədə həmkarlıq tapşırığı alıb. (ABŞ, İsrail, İngiltərə, Rusiya, bir zaman Türkiyə, son zamanlar Ərəbistan)

Şeyx Paşazadə bir neçə il sizinlə görüşüb bir stəkan çay içmək həsrətini çəkdi. Siz onunla əyləşib görüşməyi  haqlı olaraq özünüzə ar bilirdiniz. Nəhayət bəzi dostların vasitəçilik səyləri nəticəsində bu iş baş tutdu. İlk görüşdə maraqlı nüanslar yaşandı – öz sözlərinizdir xatırlayırsınızsa: Şeyx gözlərini bərəldib sağa-sola, yuxarı-aşağı baxdı. Otağında dinləmə qurğularının yerləşdirildiyini işarə ilə başa salaraq, çox yaxın məsafədə mənə tərəf əyilərək pıçıltı ilə danışmağa başladı: Azərbaycanda İslam təhlükədədir, əsas hədəf şiəlikdir. Hökumət şiəliyi məhv etmək üçün geniş plan hazırlayıb, Türkiyədən sünniliyin, Ərəbistan və Kuveytdən isə bu ölkədə vəhhabiliyin geniş yayılması üçün rəsmi yardım istəyib. Mən səsimi çıxara bilmirəm. Danışsam məni öldürərlər. Gedin iş görün, mən arxanızda durmuşam və s.

Bir zaman zahirdə dinin xeyrinə olan bu sözləri şeytan hiyləsi sayırdın, səninlə sıx rabitə saxlamaq, ünsiyyət yaratmaq və etimadını  qazanmaq üçün düşünülmüş fənd hesab edirdin. Amma nədənsə bu ünsiyyət yarandı və arzuolunmaz həddə gəlib çatdı. Artıq şeyx sizinlə ucadan danışır, ötkəm və amiranə davranır. Bəzən barmaq silkələyir, hədələyir, tapşırıqlar verir. Məsələn? Şeyx uşağın da başa düşəcəyi şəkildə ilməli fitva verir, əzadarlıq mərasimlərini qadağan edən və ya məhdudlaşdıran bəyanat yayır. Bu fitva dindar kəsimdə ciddi  etiraza səbəb olduqda, şeyxin xüsusi  tapşırığı ilə məhərrəm gecəsi, Aşura ab-havası yaşanan bir mühitdə minbərə çıxıb onun fitvasını dinin xeyrinə yozursunuz, camaatın şeyxi düz başa düşmədiyini sübut etmək istəyirsiniz, bəzi islami mətbuatı böhtançılıqda ittiham edirsiniz. Diqqətli olun, tədric anlamı insanı haradan haraya yuvarlada bilir!

Məhərrəm gecəsi polis zorakılıqla qolunuzdan tutur, kənara çəkib məscidi boşaltmağı əmr edir. Siz də İmam Hüseyn (ə) əzadarlarından sakitcə dağılışmalarını istəyirsiniz, onlar da sizin acizanə xahişinizi nəzərə alıb gedirlər. Bu azmış kimi səhəri gün yenidən minbərə çıxıb camaata təşəkkür edirsiniz. Onların sakitcə dağlışmasını əsl İslam əxlaqının nümayişi adlandırırsınız. Üstəlik neçə illik zəhmətinizin hədərə getmədiyini xüsusi təkidlə vurğulayırsınız. Olmaya bu neçə ildə sizin fikriniz bu camaatı zülm və haqsızlıq qarşısında itaətkar kütləyə çevirmək olub?

Ölkədə İslam dininə qarşı soyuq müharibə planı həyata keçirilir. Az qala hər gün din əleyhinə hansısa bir qanun qəbul olunur. Hər gün haradasa bir namazxana bağlanır, kimlərsə inancına görə işdən qovulur, din xadimləri şərlənərək həbsxanalara atılır, qızlar hicabına görə məktəblərdən qovulur. Bu ölkədə yaşayan insan ən azı kar və kor olmalıdır ki, hər gün din əleyhinə bir tədbirin baş verdiyini görməsin və ya eşitməsin. Sizsə minbərdən deyirsiniz ki, İslam dini üçün heç bir təhlükə yoxdur, mənim dövlət  qurumları ilə görüşlərim oldu, onlar bizdən xahiş edirlər ki, mərasimlər keçirin. Allah yolunda özünü alova atan hacı Abgüllər, hacı Mövsümlər fəryad çəkərək “bu gün Azərbaycanda İslam təhlükədədir” deyib zindanlara salınır, sizsə minbərdən “İslam azaddır, İslam üçün heç bir təhlükə yoxdur” deyirsiniz.

Bilmirsiniz ki, sizdən umulacaq şey qəhrəmanıq, mübarizlik deyil. Sizdən dəfələrlə xahiş olunub ki, bu kimi məsələlərdə mövqe bildirməyin, sükut edin. Yəni həqiqi həyatını təhlükəyə atıb İslama qarşı müharibədə canlarını sipər edən insanlara qarşı çıxmayın, onların əleyhinə danışmayın. Həzrət Əli (ə) buyurmuşdur: “Fitnələr zəmanəsində iki yaşlı dəvə kimi olun -  onun nə yük çatmalı beli, nə sağmalı döşləri var.” Olmasın ki, hər yoldan keçən yükünü belimizə çatsın, ABŞ səfiri, Paşazadə və MTN gündə üç dəfə bizi sağsın.

Əgər bu gün sizin namaz qıldığınız məscid fəaliyyət göstərirsə, demək Azərbaycanda başdan-başa vəziyyət ürəkaçandır? Azərbaycan Məşədi Dadaş məscidindənmi ibarətdir? Sizdən xahiş olunub ki, danışanda ölkə müsəlmanları adından danışmayın, öz adınızdan danışın. Dəfələrlə cavabınızı eşitmişik. Deyirsiniz belə danışmasam və ya filan işi görməsəm məscidi bağlayacaqlar. Heç kəs belə bir şey arzulamır. Amma İslam dini kökündən təhlükəyə düşən zaman məscidin bağlanması çox kiçik bir işdir. İslam dini təhlükəyə düşən zaman İmam Hüseyn (ə) öz canını, qardaşlarını, övladlarını, hətta əhli-əyalını  mübarizə meydanına gətirdi və hamısını İslama qurban etdi. Bir zamanlar çoxlarının qınağına səbəb olan Kərbəla faciəsi peyğəmbərin dininə yeni həyat verdi. Sizi zillətə vadar edənlərə qarşı amansız olun. Bircə dəfə məscidin açarlarını sıxın paşazadələrin təpəsinə və deyin ki, bizim dinimiz məscid divarları arasında məhdudlaşmır. Biz həqiqi Məhəmməd (s) dinini  evlərimizdə, zirzəmilərdə olsa belə yaşadacağıq, amma Yezid və yezid sifətlərə beyət əli uzatmayacağıq.

 

Söhbətin əsas mövzusu

02.12.11 Tarixdə mətbuatda “İslam küçə qətlini təqdir edə bilməz” adlı yazınızı oxudum. Bu yazı Ayətullah Şeyx Cavad Lənkəraninin müraciətinə münasibət ünvanı ilə dərc olunmuşdur. Doğrusu bu barədə sensasiyalı bir cavab olacağını gözləyirdim. Amma mənə elə gəlirdi ki, bu yazının müəllifi iqtidarın saray mollası Paşazadənin əlaltılarından biri olacaq. Şeyx belə məsələlərdə ustaddır, nə atıb, nə tutduğunu yaxış bilir. Əgər nüfuzlu bir ruhanini – özü də xalq tərəfindən sevilib qəbul olunan birini – tora salmaq mümkündürsə, özünə problem yaratmağa nə ehtiyac var ki?! Qəbul etməyəcəyin təqdirdə, yəqin ki, yenə məscidin bağlanma təhlükəsi çıxarılıb qarşına! Hər halda mediaforum.az saytında məlum məsələyə iki diqqəti çəkəcək ruhani mövqeyi sərgiləndi. Onlardan biri İrandan qaçıb qərbə pənah aparan Amerika İslamının Ayətullahı Kədeyvər, digəri isə neçə müddətdir həqiqi Məhəmməd (s) İslamı ilə liberal Amerika İslamı arasında get-gəl edən nüfuzlu xətib hacı Şahin qardaşımız oldu.

 

Düşünüləsi nöqtələr:

1.Ayətullah Şeyx Məhəmmədcavad Fazil Lənkərani kimdir?

Bu şəxs Azərbaycandan 37-ci il repressiya dövründə mühacirətə getmiş məşhur alim Ayətullah Fazil Lənkəraninin nəvəsi, dövrümüzün ən tanınmış təqlid mərcələrindən olan Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraninin oğludur. Bu şəxs nəslin üçüncü müctehid davamçısıdır. Fəqihlər ailəsində dünyaya göz açıb. Nə demək olar haqqında? Pak nütfə, halal ruzi, düzgün təlim-tərbiyə, müqəddəs məkan… Xülasə hər bir cəhətdən qibtə olunası ilahi nemətlər içində böyüyüb. Elm və zəkada bütün müasirlərinin qibtə etdiyi, bir dəqiqə hüzurunda olmağı milyonların arzuladığı atası Ayətullah Şeyx Məhəmməd Fazil Lənkəraninin 30 il xüsusi proqramı altında elm və mənəviyyat əxz edib. Mərhum ağa deyərmiş ki, Şeyx Cavad mənim ömrümün məhsuludur. O həzrət, dəfələrlə Şeyx Cavadın sözün əsl mənasında müctehid olduğunu təsdiqləyib. Bu şəxs 15 ildən çoxdur ki, xaric dərslərin tədrisinə məşğuldur. Mən və siz onun dərslərində iştirak etmək üçün ən azı bundan sonra 10 il vaxt sərf edib müqəddəmat və səth dərslərini oxumalıyıq ki, onun danışdıqlarını başa düşə bilək. Şeyx Cavad dediyin şəxs məsum imamlar adına Beynəlxalq Fiqhi Araşdırmalar Mərkəzinin rəhbəridir. Bu mərkəzdə 20-dən artıq şöbə və mindən artıq tədqiqatçı alim çalışır. İndiki elmi səviyyəmizlə heç birimizi – nə məni, nə də sizi – bu mərkəzin qapısından içəri buraxmazlar. Vətənimizi təmsil edən bu ailə daim günəş kimi nur saçıb, təkcə İranda deyil, bütün İslam dünyasında Əhli-beyt (ə) yoluna iftixarlar bəxş edib. İran hövzələrində 120 mindən artıq ruhani və tələbə elm öyrənib-öyrətməklə məşğuldur. Bu 120 min elm adamının içərisində yalnız 20 nəfəri Alim Müdərrislər Şürasının üzvüdür ki, Şeyx Cavad deyib aşağılamaq istədiyin şəxs də onlardan biridir.

2. İrtidad və mürtədlik İslam dinində açıq-aşkar şərh olunmuş məsələlərdəndir. Rafiq Tağının mürtəd olması səlahiyyətli bir təqlid mərcəsinin ən azı bir neçə ay hərtərəfli araşdırmalardan sonra gəldiyi nəticədir. Əldə etdiyimiz mötəbər məlumatlara görə mərhum Ayətullah Şeyx Məhəmməd Fazil Lənkərani Rafiq Tağının yazılarını 3 nəfər ayrı-ayrı tərcüməçilərə tərcümə etdirmiş, məlum nöqtələrin dəqiqliyinə əmin olmaq istəmişdir. Xüsusi nümayəndə göndərərək yazıçının haqqında yerli şəraitdə tədqiqat aparılmasını istəmiş, hökmdə təsir qoyacaq yüngülləşdirici halları (məsələn, psixi durumu, maddi imkansızlıq ucbatından yazmasını, zorla bu işə vadar edilməsi və s.) müəyyənləşdirmişdir. Allahımızı, Peyğəmbərimizi, Quranımızı, azanımızı söyüb təhqir edərək dindən çıxmış bir mürtədin qətlinin vacib olmasında şübhəniz var? Bəlkə bu qətlin Azərbaycan məkanında icrasının məsləhət olmamasını düşünürsünüz? Olmaya bu hökmün Allah əmri olmasını unudubsunuz? Axı siz elə bir şəxs deyilsiniz ki, Allah əmri qarşısında dayanasınız. Mən inanmıram ki, siz “düzdür Allah belə əmr edib, bu islamın hökmüdür, amma mənə elə gəlir ki, bu hökm icra edilməsə yaxşıdır” deyəsiniz. Çünki bu barədə açıq-aşkar xəbərdarlıqlar var. “…Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!” Mərhum İmam Xomeyni (r) İngiltərə vətəndaşı olan mürtəd yazıçı Salman Rüştünün ölüm hökmünü verəndə sanki  dünyanın bütün siyasi dairələrində zəlzələ oldu. Sünni-şiə olmasından asılı olmayaraq müsəlman ölkələrindən yüz milyonlarla insan etiraz aksiyalarına başladı. Avropa ölkələri bütünlüklə öz səfirlərini İrandan geri çağırdı. Az qala bütün dünyanı İrana qarşı müharibəyə səfərbər etməyə başladılar. Salman Rüştünün ölüm hökmü götürülməyəcəyi təqdirdə, İranla müharibənin qaçılmaz olduğunu bildirdilər. İmam Xomeyni (r) bir dağ kimi bu hücumlar qarşısında dayandı, son dərəcə soyuqqanlılıq və qətiyyətlə bildirdi ki, bu Allahın hökmüdür. Mən kiməm ki, Allahın hökmünü dəyişdirim; kimliyindən asılı olmayaraq heç kəs ilahi hökmü dəyişə bilməz.

3. Bəzən insanı elə vəziyyətdə və elə bir şəraitdə sıxma-boğmaya salırlar ki, hətta öz ibtidai haqlarını danmağa başlayır. Yadımdadır dördüncü sinifdə oxuyurduq, müəllim qəfildən və xüsusi intonasiya ilə şagirdlərdən birinə üz tutub dedi ki, sən gecələr yatırsan. Şagird də çaşqınlıq içərisində cavab verdi ki, müəllim mən gecə yatmıram. Geniş ictimai səhnədə də dəfələrlə bunun oxşarını yaşamışıq. Qəfildən bizə deyirlər ki, İslam mürtəce dindir, onda filan cəza növü var, qisas var, daş-qalaq var, əl kəsmə var, göz çıxrma var və s. Biz də guya İslama mürtəcelik damğası vurmasınlar deyə, cavab veririk ki, yox İslamda belə cəza növləri yoxdur və ya bir zamanlar olub, artıq o hökmlər ləğv edilib. Diqqətli olmaq lazımdır. Bu hökmləri inkar etmək yox, onların faydasını, hikmətini başa salmaq lazımdır. (Əgər özümüz başa düşmüşüksə) Çəkinmədən elan etmək lazımdır ki, bu işlər Allahın əmridir. Allahın bizə vacib etdiyi işi heç kəs bizə qadağan edə bilməz. Mühafizəkarlıq etməkdənsə qarşı tərəfə başa salmalıyıq ki, ehtiyatlı olun, filan iş məsələn mürtədlik sayılır, mürtədin qətli vacibdir. Hər hansı bir müsəlman özünün təhlükəyə düşməyəcəyini yəqin etsə bu hökmü icra etməlidir. İnsani dəyərləri şan-şöhrətə, bir qarın çörəyə satan muzdur qələm sahibi düşüb ortaya dinimizi, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi  aşağılamaqla məşğuldur. Özlərini azad fikir sahibi adlandırır, qarşı tərəfi təhrik edərək “haradadır o qeyrətli müsəlmanlar”, “bəs niyə gəlib bizi öldürmürlər” deyirlər. Onların yazıları nə qədər böyük səs-küyə səbəb olursa aldıqları qanorarlar bir o qədər çox olur, əlavə mükafatlara layiq görülürlər. Sual olunur ki, nə üçün hökumət xalqın əqidəsini ayaq altına almış bu muzdurları susdurmur? Hökumətdə də günah yoxdur – deyilə bilər. Çünki bir nəfərə toxunan kimi bunları təmin edən Avropa, Amerika xaç ataları “Azərbaycanda mətbuat və söz azadlığı pozuldu” deyə bağırmağa başlayacaqlar. Digər tərəfdən də onlar bir sikkənin iki üzüdürlər. Biri zor tətbiq etməklə hər gün İslamı məhdudlaşdırmağa, o birisi təhqir və söyüşlərlə dini gözdən salmağa çalışır. Xülasə başa salmaq lazımdır ki, Allah qanunları Azərbayacan Respublikası qanunları deyil ki, ondan plastilin kimi ürəyimiz istəyən  şeyi düzəldək. Məsələn, bir gün təlim-tərbiyə, vətənpərvərlik, şəhidlik, mübarizə, cəhad və digər insani dəyərləri təbliğ edən dini ədəbiyyatın yayılmasına qanunvericilikdə normal yanaşmışdılar, bir müddətdən sonra inzibati xətalar məcəlləsində qərar verdilər və bir neçə gün bundan qabaq həmin iş cinayət tərkibli hesab olundu. Bir qədər də keçsə, yəni müsəlmanlar özlərinə qoyulmasalar dini kitab satanlar haqqında ölüm hökmü çıxaracaqlar.

4. Hacı Şahin qardaşım, bilirsiniz biz nəyə görə hissə qapılırıq, nəticədə Allahın hökmünü danmağa başlayırıq? Çünki qarşımızdakı zümrə əks mexanizm yaradıb, müsəlmanların daxilindən çıxan bu namüsəlmanlar zəif nöqtələrimizi gözəl bildiklərindən öz xeyirlərinə əlverişli bir psixoloji durum yaradıblar ölkədə. Detallara diqqət yetir: məsələn Rafiq Tağı çox mehriban ata idi, o xəstələrinə öz pulu ilə dərman alıb gətirən  xeyirxah həkim idi. Öz həyat yoldaşına xüsusi qayğı və məhəbbət göstərən ailə başçısı idi, azad düşüncə uğrunda heç nədən çəkinməyən mübariz yazar idi… və nəhayət o bir insan idi; insanı öldürmək olmaz, bu cəhalətdir, bu rəzalətdir, bu cinayətdir…

 

Biz də qarşımızda silahlanıb dayanan düşmən dəstəsinin yaratdığı atmosferdə hissə qapılıb bir ağızdan deyirik ki, bəli bu cinayətdir, bu bizim işimiz deyil, İslamda insan öldürmək olmaz, İslam dini belə şeylərə icazə vermir.

5. Qeyd etdiyim şagird kimi qəfil cavab verib özümüzü gülünc vəziyyətə qoymaqdansa fikirləşib  hücumları dəf edəcək mexanizm hazırlamaq lazımdır. Bu arada bizə onlarla ittihamlar vuruldu. Amma ittihamlara demək olar ki, cavab verilmədi, ya verilən cavablar bir növ onların iddialarının dolayı yolla təsdiqi idi. Məsələn, deyirlər ki, insan öldürmək kimi rəzil bir suç işləndi bu ölkədə. Ortaya sual qoymaq lazımdır ki, insan öldürmək hər yerdə və hər bir halda pis işdir, yoxsa istisnalar var bunun üçün? Təbii ki, onlar qanunsuz olaraq insan öldürməyi nəzərdə tutduqlarını deyəcəklər. Cavab vermək lazımdır ki, Rafiq Tağının öldürülməsinə qanun icazə verir. Hansı qanun deyə bağıracaqlar. İslam qanunları, səni və məni yaradan Allah, həyatımız və ölümümüz əlində olan Yaradan! Bu ölkədə İslam qanunları hökmranlıq etmir deyəcəklər, bu ölkəni dünyəvi hökumət idarə edir. Cavab: Bəzən bu ölkədə Allah qanununa istinad edib adam öldürmək nəinki təkcə cinayət sayılmır, hətta qəhrəmanlıq da hesab olunur. Misal, şəhid seyyid Mübariz İbrahimov. O vətən uğrunda bu işə əl atdı, erməniləri öldürdü deyəcəklər. Rafiq Tağının qatili də din uğrunda bu işi gördü və bir mürtədi cəhənnəmə vasil etdi. Onun bu işə icazəsi vardı desələr, soruşun kimdən? Atəşkəs dövründə gecə yarı heç bir əməliyyat tapşırığı olmadan, komandirlərdən icazəsiz silah-sursat götürüb düşmənin üzərinə qəfildən hücuma keçmək, deyilənlərə görə yüzdən artıq erməni əsgər və zabitlərini öldürmək hansı qanuna uyğun idi? Azərbaycan qanunlarına görə və ümumiyyətlə bütün dünyəvi standartlara görə o cinayət törətmişdi. Ona görə də şəhid Mübarizin ata-anası ilk günlər dövlət orqanlarına çağırıldı və ciddi xəbərdarlıq aldılar ki, ağzınızı açsanız tutub atarıq içəri, oğlunuz cinayət törədib, dövlətə ciddi problemlər yaradıb. Yalnız islamçı gənclər işə qoşulandan sonra məsələ ictimailəşdi və Mübariz inanclı insanların qəhrəmanlıq simvoluna çevrildikdən sonra hökumətin məsələyə münasibəti dəyişməyə başladı. Cinayətkar adalandırdıqları seyid balasını dindar kəsimin inhisarından çıxarıb özününkiləşdirdilər, cənazəni geri alıb, dəfn mərasimi qurdular, timsah kimi saxta göz yaşları axıtdılar,  nəhayət onu milli qəhrəman elan etdilər. Bəli, sizin dünyəvi qanunlarınıza görə şəhid Mübariz bir terrorçu idi. Amma o bu icazəni Allahdan almışdı, İslam dini  ona bu işi görməyə icazə vermişdi. O bilirdi ki, hökumətin atəşkəs adı ilə bizə qəbul etdirdiyi bu xəyanət proqramı Qarabağ dərdimizi unutdurub onu ermənilərə halal etmək üçün düşünülmüş zaman kəsiyidir. Allah qanunları isə “xəyanətə qarşı çıxın” deyir. Ortaya sual qoyuram və məntiqi cavab istəyirəm, könül tərpədən romantik sözlər yox! İki qeyrətli müsəlman görürəm meydanda: biri cəbhə xəttində müqəddəs torpağımıza icazəsiz girən erməni təcavüzkarı ilə üz-üzə, digəri ölkəmizin paytaxtında müqəddəs dinimizin üzərinə amansız hücuma keçmiş xain və mürtəd qələm sahibi ilə göz-gözə. Hər ikisi Allahdan icazə alıb təcavüzkarı layiqli cəzasına çatdırdı. Nəyə görə onlardan biri milli qəhrəman, digəri cinayətkar hesab olunmalıdır? Din aliminin bu sualı cavablandırması mənim üçün daha maraqlı olardı. Müxalif zümrələrin cavabının eşitməzdən əvvəl onların istinad etdiyi bəzi arqumentləri özlərinə qaytarmaq istəyirəm. Şəhid Mübarizin öldürdüyü insanların çoxu oraya məcburi hərbi xidmətə gətirilmiş əsgərlər idi. Qarabağ işğal olunanda onların cəmi 3-4 yaşı olardı. Onlar cəbhə xəttinə və ya işğal olunmuş ərazilərə zorla gətirilib, əks təqdirdə hərbi xidmətdən yayındığına görə həbsxanada çürüməli idilər. Onlar kasıb ermənilərin balaları idilər, pullular təhlükəli yerlərdə xidmət etmirlər. Onların yolunu əzab-əziyyətlə övlad böyüdən valideynləri səbirsizlikdə gözləyirdilər… Nəhayət erməni olanda nə olar, onlar da insan idi…

Qısa və konkret: Allahın əmri gələn yerdə şəxsi düşüncəmizi və  duyğularımızı boğacağıq içimizdə. İslam dinində “hərim” adlanan qırmızı rənglə çəkilmiş bir dairə var. Onun içərisində müqəddəs hesab etdiyimiz bir sıra toxunulmaz məsələlər var. Onları öyrənin, bilmədiklərinizi bizdən soruşun, çəkinmədən şübhələrinizi bəyan edin, razılaşmadığınız təqdirdə elmi şəkildə onu tənqid edin, müzakirələr, elmi mübahisələr, dəyirmi stollar, disputlar təşkil edin. Amma bizi təhqir etməyin, müqəddəs sandıqlarımızı məsxərəyə qoymayın. Biz həqiqət axtaran insanları acgözlüklə sevirik, onlarla apardığımız elmi  mübahisələrdən ləzzət alırıq, belə şəxslərə iftixar hissi ilə yanaşırıq. Qərəzli məqsədlərlə dinimizi aşağılamaq istəyənlərə qarşı şəxsi hisslərimizlə deyil, islamın göstərişləri əsasında davranırıq.

6. Hacı Şahin qardaşıma nisbətən qısa cavablar:

a) Şeyx Cavadın təbrikindən sonra media mənsublarının əlinə bəhanə düşdü.

Cavab: qeyd etdiyin media mənsubları onsuz da hər gün bir şey tapıb eninə-uzununa döşəyirlər qabırğamıza, qoy bu gün də Şeyx Cavadın hesabına bir qədər vursunlar bizi.

b) Şeyx Cavadın təbrikindən sonra dindarların İranla əlaqəsi günəmə gəldi.

Cavab: Texnologiya və demokratiya ardınca Avropaya, türkçülük, millətçilik və sünnülük öyrənmək üçün Türkiyəyə, vəhabilik və sələfilik sorağınca Ərəbistana, şiəlik dalınca da İrana getməyin nə qəbahəti var?

v) Şeyxin sözündən sonra belə məlum oldu ki, bizim başımız müctehidlərə bağlıdır.

Cavab: Min ildən artıqdır ki, şiə dünyasını dini nöqteyi-nəzərdən müctehidlər idarə edir. Həddi-büluğa çatan hər bir şiə təqlid şərtləri olan bir müctehidə təqlid etməlidir, əks halda onun əməllərinin düz olmasına şübhə var. Bu aşkarlıqda məsələni kimdən gizlətmək istəyirsən?

q) Şeyx Cavadın təbrikindən sonra bizə deyirlər ki, sizin milli təəssübkeşliyiniz harada qaldı?

Cavab: Buna siz diqqət yetirməli idiniz, çünki Rafiq Tağı talış idi, onu siz yox, cənab Paşazadə müdafiə etməli idi. (zarafat)

ğ) Şeyx Cavad qatil məlum olmadığı halda belə bir təbrik məktubu ünvanlayır.

Cavab: Qatilin kim olduğundan mənim də məlumatım yoxdur, amma heç bir faiz də ehtimal vermirsən ki, Şeyx o qəhrəmanı tanıyır?

d) Şeyx Cavad qatili tərifləyib.

Cavab: Biz o şəxsi tərifləmək yox, əlindən öpmək üçün axtarırıq. İnanın ki, sizin məscid uşaqlarından ən azı yarısı onun kim olduğunu bilsə, gecikmədən onun ziyarətinə tələsəcəklər.

j) Hər ölkədə özünəməxsus ab-hava var, digərləri müdaxilə etməsinlər.

Cavab: Şeyx Cavad digəri deyil özümüzünküdür. Bir də ki, onlar elə bu ab-havaya görə səsini çıxaranı şərləyib salırlar məhbəsə, qalanları qorxudan sarısını udur. Onlar da zülmün ərşə dirəndiyini görüb məcburiyyət qarşısında, məsuliyyət hiss edərək danışır. Ay hacı, olmaz axı, özünüz danışmırsınız, danışanı da qınayırsınız. Nə cavab verəcəksiniz sorğu günü?!

 

z) Rafiq Tağılar çoxdur, birini öldürməklə iş bitir məgər?

Cavab: Şəhid Mübariz yüz erməni öldürdü, ona milli qəhrəman adı verildi. Məgər 100 nəfər öldürməklə iş bitir?! Bilirsiniz dünyada nə qədər erməni var?

 

Qeydlər:

1. Şəhid Mübariz müsəlman Azərbaycan xalqının fəxridir,  canımız belə oğullara fəda olsun. Hər gün ona fatihə oxuyub, bizim də şəhidlik dərəcəsinə nail olmağımız üçün dua etməsini istəyirəm.

2. Hacı Şahin qardaşımı ürəkdən sevirəm, onu hər gün dualarımda yad edirəm. Onun böyük təhlükə qarşısında olduğunu görməsəydim, onda hidayət və iman nuruna şübhəm olsaydı heç vaxt belə bir məktub yazmazdım.

3. Mübariz, agah və imanlı qardaşlarımdan xahişim budur ki, şəxsiyyətlərimizi qorusunlar, onları düşmənlərdən hifz etsinlər. Alimlərimizin canını, şəxsiyyətini qorumaq çox vacib və bəyənilən bir işdir, amma onları hökumətin, paşazadələrin və sionistlərin qucağına düşməkdən qorumaq daha zəruridir. Əks halda saray mollası bizim nəyimizə lazımdır?

4. Kim olmağıma çox vaxt ayırmayın, sözlərimi diqqətlə oxuyun. Sözlərimə hacının reaksiyası müsbət olacaqsa, sakitcə gəlib onunla üzbəüz danışacağam. Qəbul edərsə ona sadiq məsləhətçi olmaq arzumu bildirəcəyəm.

5. “Qızım sənə deyirəm, gəlinim sən eşit.” Bu sözlər təkcə hacı Şahin qardaşımıza aid deyil. Ölkəmizdə yaşayıb fəaliyyət göstərən bütün din xadimləri və islamçılar diqqətli olmalıdırlar. Qadağa, təqib və həbslər artdıqca böyüklərimizin saray mollasına çevrilmə təhlükəsi də artır.

6. Amerika İslamını ərməğan gətirmiş qərb bizim kafir olmağımızı istəmir. Sadəcə, İslama Peyğəmbər (s) buyurduğu kimi deyil, özləri istədiyi kimi əməl olunmasını tövsiyə edirlər. Onlar həm pul verir, həm dindarı hökumətin təzyiqindən qoruyur, həm də ondan elə çətin bir şey istəmirlər. Həqiqi Məhəmməd (s) İslamını qəbul və ona əməl edənlərə maddi ödəniş yoxdur, hökumət hər addımda gözümçıxdıya salır, onun həyata keçirilməsi də məşəqqətlidir. Şəxs üçün bu iki İslamın nəticə etibarı ilə mühüm bir fərqi var: birincisi Allahın qəzəbi ilə alovlanmış cəhənnəmə, ikincisi isə Rəbbimizin sonsuz mərhəməti ilə yaradılmış cənnətə daxil olacaq. Seçim hər kəsin öz ixtiyarındadır.

7. Bu yazını oxuyan bəzi dindar qardaşların dərin narahatçılıq hissi keçirəcəyi məlumdur. Əvvəlcədən onlardan üzr istəyirəm. Onlar sakitləşsinlər deyə qeyd edirəm ki, dünya gör-götür dünyasıdır. Hacı Şahin qardaşım cürət tapıb özündən yüz dəfə üstün, elmli və səlahiyyətli bir şəxsi azad mətbuatda tənqid edə bilirsə, mən də mövzuya onun üslubunda yanaşmaqla bəzi sözləri yazmaq qərarına gəldim.

 

Əssəlamu əleykum mənit-təbəəl huda./ABNA

  • Yazılıb
  • da (də) 2011 Dec 19