Tarix : 2011 Dec 24
Kod 27508

Taleh Bağırov son sözündə “BİZDƏN ÜZR İSTƏMƏLİDİRLƏR” dedi

Dekabrın 23-də Nərimanov Rayon Məhkəməsi ilahiyyatçı Taleh Bağırov və dindar Elşən Abbasova hökm oxuyub
well/Aran agentliyi

 

 

Vəkil Anar Qasımlının “Media forum” saytına verdiyi məlumata görə, hökm oxunmazdan əvvəl hər iki təqsirləndirilən şəxs son sözlə çıxış ediblər.

Elşən Abbasov öz çıxışında həbs olunmasını qanunsuz adlandırıb, ona qarşı irəli sürülən ittihamların heç bir əsasının olmadığını deyib.

Taleh Bağırov isə çıxışına hicab uğrunda mübarizə aparan, bu aksiyaya dəstək verən hər bir kəsə öz minnətdarlığını bildirməklə başlayıb. Dekabrın 22-də “Əjdərbəy” məscidinin açılışı zamanı prezident İlham Əliyevin çıxışından sitat gətirən ilahiyyatçı vurğulayıb ki, həqiqətən də islami dəyələrin qorunması zəruridir: “Prezident öz nazirlərinə, xüsusilə də təhsil naziri Misir Mərdanova islamın dəyərlərinin qorunmasını təbliğ eləsin”.

Daha sonra o, həbsinin səbəbləri ilə bağlı danışıb. Məhbus xatırladıb ki, 6 may aksiyasından bir müddət öncə müsahibələrinin birində “iqtidar xalqa xəyanət edir” ifadəsini işlədib və bu gün onun məhkəmə zalında əyləşməsinin səbəblərindən biri budur: “Mən həmin fikirlərimdə qalıram. Hakimiyyət dövlətin bir əmanətidir. Hakimiyyət xalqın seçdiyi bir sıra adamlara verdiyi əmanətdir. Bu əmanətə xəyanət edilməməlidir. Təəssüf ki, bugünkü iqtidar bu əmanətə xəyanət edir”.

Şəhid Mübariz İbrahimovdan nümunə götürdüyünü deyən Taleh Bağırov əfvlə bağlı məsələyə toxunub: “Bizə yuxarılardan göstəriş verirlər ki, ərizə yazaq. Amma biz heç bir günah iş görməmişik ki, ərizə də yazaq. Əksinə, bizi həbsə atanlar bu haqsızlığa görə bizdən üzr istəməlidirlər. Onlardan fərqli olaraq biz onlardan yazılı heç nə istəmirik, sadəcə gəlib şifahi üzrxahlıq etmələri kifayət edər”.

Çıxışlardan sonra hakim ilahiyyatçı Taleh Bağırova qarşı irəli sürülən iki ittiham üzrə toplanma yolu ilə 1 il 6 ay, dindar Elşən Abbasova isə 1 il azadlıqdan məhrumetmə cəzası kəsib.

Anar Qasımlı hökm oxunduqdan dərhal sonra birinci instansiya məhkəməsinin qərarından ilkin apellyasiya şikayətini təqdim etdiklərini deyib: “Vaxtın getməməsini istədik. Ərizədə qeyd yazdıq ki, hökmün surətini əldə etdikdən sonra apellyasiya şikayətinə əlavələr edəcəyik”.

“Hicaba azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub.

Taleh Bağırov Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə, Elşən Abbasov isə 233-cü maddə ilə ittiham olunurdular.

"Media forum"

 

  • Yazılıb
  • da (də) 2011 Dec 24