Tarix : 2011 Dec 25
Kod 27515

Rəsul Quliyev xalqa müraciət etdi

“Belə bir rejimdə yaşamağı davam etdirməyə razısızmı?”
well/Aran agentliyi

 

 

Belə bir rejimdə yaşamağı davam etdirməyə razısızmı?”

Milli Məclisin sabiq spikeri, ABŞ-da yaşayan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev 2013-cü ildə prezidentliyə namizədliyi irəli sürəcəyinə dair açıqlamalarının ardınca dünən Azərbaycan xalqına müraciət ünvanlayıb. ACP lideri elan etdiyi Müqavimət Hərəkatının proqramının preambulasını ictimai müzakirəyə çıxarıb. “Qafqazinfo”nun məlumatına görə, R.Quliyev qeyd edib ki, Azərbaycan xalqı hansı quruluşda yaşadığını dəqiq bilməlidir və ictimai münasibətlərin Azərbaycandakı kimi tənzimlənməsi ilə razılaşıb-razılaşmadığını müəyyənləşdirməlidir: “Azərbaycan xalqı repressiya rejiminin yox, istəyinin, arzusunun qulu olmalıdır. Öz istəyinin yox, başqasının istəyinin qulu olan xalqın gələcəyi ola bilməz. Xarici bər-bəzəyə baxmayaraq, Azərbaycan bu gün quldarlıq və feodal quruluşlarının qarışığı olan bir ictimai formasiyanın içindədir”.

Spiker bildirib ki, əhalinin azı 90 faizinin məhkəmələrdə öz haqlarını müdafiə etmək şansı yoxdur: “Məhkəmə qərarlarının 10 faizi prezident və ətrafındakıların tapşırığı, 90 faizi isə rüşvətlə həll olunur. İnsanlar arasında münasibətlərin tənzimlənməsində əsas və yeganə arbitr rolu oynamaq üçün yaradılan məhkəmə sisteminin olmaması hansı quruluşda olub? Əlbəttə, quldarlıq quruluşunda. Prezident vəzifəsinin hər dəfə zorla ələ keçirilməsini, seçkilərin saxtalaşdırılmasını hansı quruluşa aid etmək olar? Sözsüz ki, quldarlıq və feodal quruluşunun qarışığına. Çünki kapitalizmin əsas şərti azad və düzgün seçkilərin keçirilməsidir, o olmasa quruluş heç vaxt kapitalizm adlandırıla bilməz”.

Sonda Rəsul Quliyev Azərbaycan xalqına suallarla müraciət edib: “Belə bir rejimdə yaşamağı davam etdirməyə razısınızmı? Necə istəyirsiniz adlandıraq - demokratiya uğrunda Müqavimət Hərəkatı və ya diktaturaya qarşı Müqavimət Hərəkatının yaradılmasını dəstəkləyirsinizmi?”

R.Quliyevin son vaxtlar fəallaşması onun nəzəri olsa da, müxalifətin vahid namizədi ola bilməsi ehtimalları yaradıb. Bəs müxalifət bu barədə nə düşünür?

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı demokratik düşərgənin seçkiyə vahid namizədlə getməsinə tərəfdardı. Onun fikrincə, müxalifətin qələbəsi ancaq bu halda reallaşa bilər: “Hər kəsin seçkidə iştirak etmək, hüququ var. O cümlədən də Rəsul Quliyevin. Biz qarşıdan gələn prezident seçkilərində milli-demokratik düşərgənin vahid namizədlə iştirakı ideyasının tərəfdarıyıq”.

F.Qəhrəmanlının fikrincə, vahid namizəd məsələsi İP çərçivəsində həllini tapacaq: “İP-in bu məsələ ilə bağlı qərarı çox güman ki, siyasi reallıq kimi digər siyasi qüvvələr tərəfindən də qəbul olunacaq. Bu mənada optimal yol İP-in namizədini dəstəkləmək olacaq”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə düşünür ki, öncə vahid namizəd olmağın prinsiplərini müəyyənləşdirmək lazımdır: “Həmin prinsiplərə uyğun gələn seçki prosesində iştirak edə bilər. Vahid namizədliyin prinsiplərini hazırlamaq, sonra Rəsul Quliyevin bu kriteriyaya cavab verib-vermədiyini düşünmək lazımdır. O, Amerikada oturubsa, burada onun əvəzinə heç kim işləməyəcək. 2003-2005-ci illərdə bu təcrübə olub. İnsanlar fikirləşib ki, Rəsul Quliyev gələcək. Onunla bu və ya digər şəkildə əlaqələr qurulub, hətta gəlişinə hazırlıq da görülüb. Onun gəlişi ilə bağlı həbslər olub və sair. Bu mərhələ arxada qalıb. Amma Amerikada oturub ”Mən namizəd olacağam, xalq da məni dəstəkləyəcək" kimi fikrə düşmək yanlışdır".

İ.Ağazadə Rəsul Quliyevin apardığı kampaniyanı seçkiyə hazırlıq mərhələsi kimi qiymətləndirir: “Bu mesajla seçicilərin yaddaşını təzələmək istəyir”.

ADP sədri Sərdar Cəlaloğlu da düşünür ki, müxalifət seçkiyə vahid namizədlə getsə daha ciddi nailiyyət əldə edə bilər : “Bu baxımdan prezident seçkilərində iştirak etmək istəyən hər bir namizədin özünü müxalifətin vahid namizədi kimi görməsi təbii haldır. Bunun üçün digər namizədlərlə uzlaşmaq lazımdır. Mən Rəsul Quliyevin fikirlərində qeyri-adi, həyəcanlı heç nə görmürəm. Hamı üçün bərabər şərtlər olmalıdır. Rəsul Quliyevin Azərbaycana gəlməsi, Azərbaycanda demokratik seçkilərlə hakimiyyətin dəyişməsi paralellik təşkil edir. Rəsul Quliyev Azərbaycana gələ bilməyəcəksə, ölkə daxilindəki müxalifət seçkilərdə qələbəyə ümid edə bilməz”.

Musavat

  • Yazılıb
  • da (də) 2011 Dec 25