Tarix : 2011 Dec 26
Kod 27552

Naxçıvan ziyalıları xalqa müraciət etdi

“Vasif Talıbovun Naxçıvana rəhbərlik etməsi hər bir naxçıvanlıya təhqirdir”
well/Aran agentliyi

 

 

Vasif Talıbovun Naxçıvana rəhbərlik etməsi hər bir naxçıvanlıya təhqirdir

Dünən Naxçıvan və bölgələrin problemlərini müzakirə məqsədilə yaradılmış Vətəndaş Hərəkatı təşəbbüs qrupu sərhəd hərəkatının ildönümü münasibətilə konfrans keçirdi. “Sərhəd hərəkatından milli birliyə doğru” adlanan tədbir ADP-nin qərargahında baş tutdu. Toplantıya əsasən Naxçıvandan olan ziyalılar, milli-azadlıq hərəkatı fəalları, həmçinin sərhəd hərəkatının fəalları qatılmışdılar.

Tədbirin aparıcısı təşəbbüs qrupunun koordinatoru İbrahim İbrahimli idi.

İ.İbrahimli çıxış edərək bildirdi ki, tədbirin əsas məqsədi milli-azadlıq hərəkatında, sovet imperiyasına qarşı mübarizədə ön sırada olmuş fədakar insanları bir araya gətirməkdir. “Berlin divarının dağıdılmasından sonra ittifaq respublikalarında, ilk dəfə Baltikyanı respublikalarda başlayan sərhəd aksiyaları sonra Azərbaycanda baş verdi. Sərhəd hərəkatı SSRİ kimi böyük bir imperiyanın çökməsinə səbəb oldu. Bu, mübarizənin ilk mərhələsi idi və biz müstəqillik qazandıq. Ancaq bu gün mübarizənin ikinci mərhələsi qalır. Ölkəmizin 20 faizi ermənilər, 80 faizi özümüzünkülər tərəfindən işğal edilib. Biz müstəqil Azərbaycanı işğal edən avtoritar rejimdən xilas olmaq üçün mübarizəyə başlamalıyıq. XIX əsrdə Fransa burjua inqilabı Avropanın gərgin simasını necə dəyişdirdisə, ərəb inqilabları da Şərqin simasını dəyişdirəcək. Azərbaycan xalqı 2012-ci ildə də ilin xalqı elan olunacaq”.

Vaxtilə AXC-nin Naxçıvan təşkilatının sədri olmuş, hazırda isə AXCP sədrinin müavini vəzifəsini tutan Asəf Quliyev bildirdi ki, Cənubi Azərbaycanla Şimalı Azərbaycan arasında sərhədlərin açılmasına milli azadlıq hərəkatının mərhum lideri, sabiq prezident Əbülfəz Elçibəy xeyir-dua vermişdi: “1989-cu il dekabrın 5-də və 12-də keçirilən toplantılarda sərhədlərin sökülməsinə qərar verildi. Beləliklə də dekabrın 31-i Milli Həmrəylik Günü kimi qeyd olundu”. Naxçıvandakı hazırkı durumu da dəyərləndirən A.Quliyev dedi ki, Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etməsi hər bir naxçıvanlı üçün təhqirdir.

Müsavatın sabiq Məclis sədri Sülhəddin Əkbər isə bildirdi ki, həm sərhəd hərəkatı, həm də milli birlik məsələsi bu gün də Azərbaycanın gündəmində olan məsələsidir. O bildirdi ki, dünyanın demokratikləşməsi və sərhədlərin aradan qaldırılması prosesi yeni mərhələyə qədəm qoyub. Bu proses Azərbaycanı da əhatə edəcək: “Ərəb dünyası başqa geopolitik məkandır. Azərbaycanda da avtoritar rejimin dayağı Rusiyadır. Rusiyada baş verən proseslər isə Azərbaycana həm dolayı, həm də birbaşa təsir edəcək”.

Sülhəddin Əkbər dedi ki, avtoritar rejimlərin yıxılması xalq hərəkatından keçir: “Xalq hərəkatı ilə beynəlxalq birliyin dəstəyi birləşəndə bu nəticə özünü daha tez göstərir. Bu gün hər bir siyasi və hüquq müdafiə təşkilatı bir oyanış ocağı olmalıdır. Bu gün vaxtından əvvəl şüarların, xüsusən də 2013-cü ildə prezidentliyə namizədlik məsələsinin indidən ortaya atılması çox zərərlidir. Bu məsələdə AXCP-nin yanaşması təqdirəlayiqdir. Azərbaycanda demokratik şərait olmadan demokratik seçki olmayacaq. Ölkədə demokratik şəraitin yaradılması hamımızı birləşdirən məsələdir. Təşkilatlanma mərhələsində hər bir partiya və namizəd öz gücünün sərhədlərini görəcək. Ondan sonra zəiflər güclülərin ətrafında birləşəcək. Quzeydə demokratik Azərbaycan qurulmayınca, Güneyin də xilası olmayacaq”.

Müsavat Partiyasının üzvü Səxavət Əlisoy isə bildirdi ki, Azərbaycanın torpaqları hələ də işğaldan azad edilməyib: “Gürcüstanda bir erməni mənə dedi ki, regionda lider orduya sahib olduğunuzu deyirsiniz. Niyə gedib torpaqlarınızı almırsınız? Ermənistan Kəlbəcərə yol çəkir, biz isə ”Eurovision"a hazırlaşırıq".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə öz çıxışında söylədi ki, vaxtilə sərhədləri açmağa cəsarət edənlər bu gün bir qrup məmurun əlində köləyə çevriliblər: “Heydər Əliyevin apardığı siyasət bu olub: hakimiyyət naxçıvanlılarındır. Bir qrup ailə ölkənin sərvətlərini naxçıvanlılar adından istismar edir. Naxçıvanlıları Azərbaycan xalqına qarşı qoyublar. Burdakıların çoxu milli azadlıq hərəkatında iştirak etmiş insanlardır. Bu müstəqilliyi ona görə qazandıq ki, səfalət içində yaşayaq? Biz uğrunda mübarizə apardığımız ideyaları sahibsiz qoymuşuq. Qarşılaşdığımız problemlərin həlli tək-tək yox, birgə mübarizəmizdən keçir. Ruslar belə hərəkətə keçdilər. Bu hakimiyyətin müqavimət gücü aradan qalxır. İndiki hakimiyyət Rusiyadan güc alırdı. İndi Rusiyanın özündə təlatümlər başlayıb. Dəyərlərimiz uğrunda mübarizə aparsaq, əsl müstəqilliyin bəhrəsini görəcəyik”.

İbrahim İbrahimli konfrans iştirakçılarının adından milli azadlıq hərəkatı iştirakçılarına və xalqa müraciət etdi: “Allah yardımçımız olacaq. Biz dostlarımızla bir yerdə Vətəndaş Hərəkatı istiqamətində səylərimizi davam etdirəcəyik. İnşallah, hərəkatımız 2012-ci ildə dəyişikliklərə nail olacaq”.

 

  • Yazılıb
  • da (də) 2011 Dec 26