Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyanın mərkəzi dövlət telekanalı olan “Vesti”yə müsahibə vermişdir
well/Aran agentliyi
Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyanın mərkəzi dövlət telekanalı olan “Vesti”yə müsahibə vermişdir. Bir sıra digər mövzular arasında, Rusiyalı jurnalist ölkə başçısından Azərbaycanda hicaba olan münasibətlə bağlı sual ünvanlamışdı. Konkret olaraq, telejurnalist soruşmuşdu.
- Azərbaycandan cənubda hicab vacibdir. Sizin ölkənizdən şərqdə yerləşən bəzi öklələrdə iş yerində hicaba və namaza qadağalar qoymaq təşəbbüsləri var. Bəs siz bu diskussiyada hansı yeri tutursunuz?
- Heç birində. Bizdə heç bir qadağa yoxdur. Bizdə heç bir məhdudiyyət yoxdur. Hər kəs istədiyi tərzdə geyinmək ixtiyarına malikdir. Hər kəs istədiyi kimi inkişaf edə bilər. Və bu – hər bir insanın hüququdur, - deyə İlham Əliyev bildirmişdir.
Qeyd edək ki, verilişdə Azərbaycanın inkişafı, müdafiə qabiliyyəti, xarici siyasət, inkişaf perspektivləri və bir çox digər mühüm məsələlər də öz əksini tapmışdır. Lakin, müsahibənin başlığına məhz hicabla bağlı sualın cavabında səslənən “Hər kəs istədiyi kimi inkişaf edə bilər” fikri çıxarılıb. Yəni, bu məsələyə xüsusi vurğu edilmişdir. Bəs bu, nədən irəli gəlir? Azərbaycanda dinlə bağlı, o cümlədən, hicab problemi ilə bağlı məsələdə yeni mərhələnin başlanması, dini etiqadla bağlı problemləri çözmək iradəsinin təzahürüdürmü? Bir qədər öncə “Əjdərbəy” məscidinin açılışında dövlət başçısının dinlə bağlı, inancın qorunması ilə bağlı, islamofobiyaya qarşı birgə mübarizə aparmağın zəruriliyi ilə bağlı mühüm açıqlamaları olmuşdu. “Vesti” telekanalına verilən müsahibə həmin silsilənin davamı, dinlə bağlı aparılan xətdə mühüm oriyentirlərin aşkarlanmasıdırmı? Bunu zaman göstərəcək.