Tarix : 2011 Dec 27
Kod 27591

İlahiyyatçı Abgül Süleymanovun həbs müddəti uzadıldı

Dekabrın 27-də Səbail Rayon Məhkəməsində avqust ayından həbsdə olan ilahiyyatçı Abgül Süleymanovun məhkəməsi keçirilib
well/Aran agentliyi

 

Dekabrın 27-də Səbail Rayon Məhkəməsində avqust ayından həbsdə olan ilahiyyatçı Abgül Süleymanovun məhkəməsi keçirilib. Hakim Nurəddin Bağırovun qərarı ilə Abgül Süleymanov haqqında həbs qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb. Məlumatı  vəkil Anar Qasımlı verib.

Vəkilin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin müstəntiqi həbs müddətinin uzadılmasına əsas kimi Abgül Süleymanovun şahid qismində ifadə verməsini göstərib: “Məhkəmədə müstəntiq dedi ki, Abgül Süleymanov “İslamazeri.az” saytının baş redaktor Ramin Bayramovun işi üzrə, Ramin Bayramov da Abgül Süleymanovun işi üzrə şahid qismində dindirilməlidir və bunu üçün həbs müddəti uzadılmalıdır”.

Anar Qasımlı Səbail Rayon Məhkəməsinin 27 dekabr qərarından apellyasiya şikayəti verəcəyini, həmçinin hüquqlarını müdafiə etdiyi Abgül Süleymanov və Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevlə bağlı şikayətləri toplayıb Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunuzlmazlıq hüququ) və 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddələri üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət yollayacağını deyib.

Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) günahlandırılır.

Ramin Bayramov isə Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1-ci maddələri ilə ittiham olunur. O da avqust ayından həbsdədir.

 Media forum

  • Yazılıb
  • da (də) 2011 Dec 27